Qubad Ibadoğlu: «Səhiyyə sistemini köklü surətdə yenidən qurmaq lazımdır»
Iranın Ərdəbil vilayətinin başçısı Məcid Xudabəxş bugünlərdə azərbaycanlı jurnalistlərlə söhbətində demişdi ki, gün ərzində Biləsuvar sərhəd-keçid məntəqəsi vasitəsilə 3 min Azərbaycan vətəndaşı Irana keçir. Onların da əksəriyyəti Iran xəstəxanalarına müalicə üçün gəlirlər.
Azərbaycandan Irana müalicə məqsədilə gedənlərin sayının çoxluğu haqda dəfələrlə deyilib, yazılıb. Lakin Azərbaycanda bu istiqamətdə heç bir tədbir görülmür ki, vətəndaşlar dərdinə dərmanı ölkədən kənarda yox, elə burada axtarıb tapsın.
Məcid Xudabəxşlə yanaşı, Iranın ölkəmizdəki səfiri də bu yaxınlarda verdiyi açıqlamasında hər il bir milyon azərbaycanlının Irana müalicə məqsədilə getdiyini söyləmişdi. Bu isə hər il ölkədən kənara 100 milyonlarla vəsaitin daşınması deməkdir. Bu qədər vəsaitin xaricə axınının qarşısını almaq üçün hökumət əməli bir iş görməlidir. Yaxın xaricdə xidmətin səviyyəsi, eləcə də dərmanların ucuzluğu soydaşlarımızı əcnəbi mütəxəssislərə müraciət etməyə istiqamətləndirir. Ölkədə kifayət qədər təcrübəli və savadlı tibbi personalın olmasına baxmayaraq, aparatların, dərman və xidmət haqlarının yüksək olması ölkə əhalisini əlacı kənarda axtarmağa məcbur edir.
Bir faktı da yada salaq ki, Yasamal rayonu ərazisində yerləşən Iran klinikasının nəzdində fəaliyyət göstərən aptekin normal işləməsinə, Irandan lazım olan dərmanların bu aptek vasitəsilə gətirilməsinə də imkan verilmədi. Bir sözlə, insanların sosial vəziyyətinin aşağı həddinə görə ucuz qiymətə dərmanla təmin edilməsinin qarşısı da alındı.
Belə olan halda, Azərbaycan hökuməti vətəndaşlarının xaricə axınının qarşısını almaq üçün ölkə daxilində Iran tibb mərkəzləri aça bilməzmi? Ölkəmizin bu istiqamətdə proqram həyata keçirməsinə iqtisadi gücü yetmirmi?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu deyir ki, bununla səhiyyə sistemindəki problemlərin qarşısını almaq mümkün olmayacaq. Yəni, hansısa tibb mərkəzini açmaqla iranlı həkimlərin hamısını ora dəvət etmək mümkün deyil. Ekspert qeyd edir ki, Azərbaycan hökuməti keyfiyyətli səhiyyə xidməti təşkil etməli və insanların səhiyyəyə çıxış imkanlarını asanlaşdırmalıdır: “Ölkə vətəndaşları Irana deyil, Türkiyə, Almaniya və yaxud Amerikaya getdiyinə görə burada həmin ölkəni təmsil edən bir klinika açmalı deyil ki… Problemin həlli yolu tapılmalıdır. Azərbaycan səhiyyə sektorunu inkişaf etdirməlidir. Mən bunun tərəfdarıyam. Azərbaycanın iqtisadi gücünün az və ya çox olması çıxış yolu deyil. Səhiyyə sistemini köklü surətdə yenidən qurmaq lazımdır”.
Sosial şöbə