Vasif Babayev: «Prokurorluq burada baş verənləri araşdırsa, başqa sübutları da onlara təqdim edə bilərəm»
YAP üzvü, 25 ildir Şəki Qaz Istismar Idarəsində müxtəlif vəzifələrdə işləyən Vasif Babayev qanunsuz olaraq işdən çıxarılmasıyla bağlı ölkə başçısı Ilham Əliyevə növbəti müraciətini ünvanlayıb. Müraciətin surətini “Azadlıq”a da göndərən Vasif Babayev bildirir ki, onu qanunsuz olaraq işdən çıxarıblar. Deyir ki, bu ilin aprel ayına qədər Şəki Qaz Istismar Sahəsinin rəisi olan Taleh Şahmuradov Əmək Məcəlləsini pozaraq onu işdən azad edib.
Vasif Babayevin sözlərinə görə, Taleh Şahmuradov 2008-ci ilə qədər Qaz istismar sahəsində müxtəlif vəzifələrdə işləyib: “2008-ci ildə işdən azad olundu. Iki il sonra müəmmalı şəkildə yenidən vəzifəyə gətirildi. Qaz sahəsində cəmi 3-4 il işləməsinə baxmayaraq, 2010-cu ildə Qaz Istismar Sahəsinin rəisi təyin edildi”.
Şikayətçi onu da qeyd edir ki, bu ilin aprelində onu Regional Qaz Istismar Idarəsinə müdir müavini vəzifəsinə təyin ediblər: “Çox qəribədir ki, Qaz Istismar Sahəsinin rəisi işlədiyi dövrdə qaz qəzalarının sayı artıb, bu illər ərzində beş nəfər insan dünyasını dəyişib. Buna səbəb onun qaz təsərrüfatından baş çıxarmaması, səhlənkarlığı və kollektivə rəhbərlik etməməsinin nəticəsi kimi qəbul olunmalıdır. Ancaq buna baxmayaraq, Taleh Şahmuradovu işdən çıxartmaq əvəzinə, onu daha da yüksək vəzifəyə – Regional Qaz Istismar Idarəsinə müdir müavini vəzifəsinə təyin etməklə təltif edirlər.
Şəki balaca şəhərdir, mənim işlədiyim kollektivdə 150 nəfər işçi çalışır. Hamısı onların əməllərini görür. Işçilər hər yerdə onların fəaliyyəti, dözülməz iş mühiti yaratmaları barədə danışır. Düşünürəm ki, Taleh Şahmuradov, vaxtilə onun onun müavini işləyən, hazırda Şəki Qaz Istismar Sahəsində satış şöbəsinin rəisi işləyən Elnur Məmmədovun etdikləri dövlətimiz üçün siyasi təxribatdır. Dövlətimizə böyük zərbə vurur”.
Vasif Babayev deyir ki, bu işlə bağlı Respublika Prokurorluğu yoxlamalara başlasa, onlara kömək etməyə hazırdır: “Prokurorluq bu işi araşdırarsa, başqa sübutları da onlara təqdim edə bilərəm. Əgər dediklərimi sübut etməsəm, cinayət məsuliyyətinə cəlb olunmağa hazıram”.
Qeyd edək ki, Vasif Babayevin “Azadlıq”da ölkə başçısına etdiyi ilk müraciətinə “Azəriqaz”ın Ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev cavab verib. O, “virtualaz.org”a açıqlamasında Vasif Babayevin ötən ilin iyul ayının 16-da əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra işdən çıxarıldığını deyib: “Vasif Babayevin şikayətlərinə Şəki Rayon Məhkəməsində, daha sonra isə Şəki Apelyasiya Məhkəməsində baxılıb və onun tələbləri əsassız olduğundan rədd edilib”.
Araz Ağayev Vasif Babayevin “Azəriqaz”a ünvanladığı müraciətlərə də müvafiq qaydada cavab verildiyini söyləyib.