Sahib Məmmədov: «Açıqlanan yalnız ölüm hadisələri və ağır travmalardır, onu da bacaranda gizlədirlər»
İstehsalatda, xüsusilə də tikintidə bədbəxt hadisələrin sayı ilə bağlı dəqiq məlumatlar açıqlanmasa da, mütamadi olaraq belə hadisələrlə bağlı xəbərlər yayılır. Bunun əsas səbəbi isə təhlükəsizlik qaydalarına riayət olunmamasıdır. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov da bu məsələ ilə bağlı narahatlçığını ifadə edib. Nazirlikdə keçirilən konfransda nazir Azərbaycanda da son illərin göstəricilərinə əsasən, istehsalatda hər il 250-yə qədər bədbəxt hadisənin baş verdiyini deyib. Bu hadisələr nəticəsində 80-a yaxın insan dünyasını dəyişib.
Nazir hətta oturduğu bina ilə üzbəüz inşa edilən binada belə təhlükəsizlik qaydalara riayət edilmədiyini bildirib: “Bir gün baxdım fəhlələr formalarını geyir, dəbilqə taxırlar. İkinci gün isə heç bir şey yoxdur. Üçüncü gün kəmərləri var idi, dördüncü gün o da yox idi. Buna görə də mən dərhal tapşırıq verdim ki, iş dayandırılsın və göstəriş verilsin. Nazirin gözünün qarşısında belədirsə, indi görün başqa yerlərdə vəziyyət necədir”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bu sahədə vəziyyətin o qədər də yaxşı olmadığını deyir. Tikinti sahəsi ən riskli qrup olaraq qalmaqdadır: «Bütün sahələr 14 risk qrupu üzrə bölünüb. Ən riskli sahə tikinti sahəsi qalmaqda davam edir. Müqayisə üçün deyim ki, sovet vaxtında ən təhlükəsiz yer tikinti idi. Təhlükəli yeraltı, şaxtada aparılan işlər sayıılrdı. Bina tikintisi bir qayda olaraq təhlükəli iş yeri sayılmır. Ancaq bizdə ən təhlükəli yer tikintidir. Çünki ölüm halları burda çox yüksəkdir».
Ekspertin sözlərinə görə, tikintidə bədbəxt hadisələrin baş verməsinin əsas səbəbi texniki təhlükəsizlik qaydalarına əməl olunmamasıdır. Ümumiyyətlə əməyin mühafizəsi qaydalarına əməl olunmur.
Ekspert istehsalatda baş verən bütün bədbəxt hadisələrin 90 faizinin uçota alınmadığını, gizlədildiyini deyir. Açıqlanan yalnız ölüm hadisələri və ağır travmalardır, onu da bacaranda gizlədirlər: «Rəsmi məlumata görə, ağır travmalar və ölüm hadisələrinin sayı 200 çatır. Halbuki əslində bu dəfələrlə çoxdur. Belə hadisələrin sayı illik 5-10 faiz aşağı-yuxarı ola bilər. Ümumi dəyişiklik yoxdur. Ona görə də vəziyyəti yaxşı adlandırmaq olmaz».
Fizzə