“Azadlıq” qəzetinin 17 aprel tarixli sayında “Ilham Əliyevdən aprel zarafatları” başlıqlı reportaj yazısı ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Bunu həmin yazını qəzetin saytında yerləşdirildiyi gün ərzində 10 mindən çox ziyarətçinin oxuması da təsdiqləyir.
Xatırladaq ki, həmin reportajda Bakı şəhərinin 20 Yanvar meydanı ətrafında yaşıllıq zolağının son illər ərzində tədricən məhv edilərək yerində müxtəlif nizamsız obyektlərin tikilməsindən bəhs olunur. Problemlə əlaqədar redaksiyamıza müraciət edən vətəndaşlar sözügedən ərazidə dözülməz vəziyyətin hökm sürdüyünü bildirir, hökumətdən qəti adddımların atılmasını gözlədiklərini söyləyirlər. Vətəndaşların sözlərinə görə, 20 Yanvar meydanındakı tıxacların yaranma səbəblərindən biri də ərazidə plansız şəkildə tikilən ticarət və xidmət obyektləridir. Məhz bu obyektlərin ətrafında çoxlu sayda avtomobillər cəmləşir və gediş-gəlişə maneə yaradılır. Bundan başqa, meydanda natəmizliyə də həmin obyektlər şərait yaradır.
Bəli, təəssüf hissilə onu da əlavə edək ki, 20 Yanvar meydanı Azərbaycanın azadlığı uğrunda canını fəda verən Vətən övladlarının – Şəhidlərimizin adı ilə bağlı olsa da, bura şəhərin ən çirkli və intizamsız ərazilərindən biri olaraq qalır. Şəhidlərin adı ilə bağlı bu meydanda onun adına uyğun bir aura formalaşmayıb. Hüzndən-ciddilikdən kiçik bir əlamət də yoxdur. Burada Şəhidlərin xatirəsinə ucaldılan abidə isə sanki unudulmuş və ya kənara atılmış lazımsız bir əşyanı xatırladır. Bu abidəni isə ilk növbədə elə onunla üzbəüz yerləşən “tolkuçka” kölgədə qoyur. Ən acınaqlısı isə bu alış-veriş mərkəzinin camaat arasında elə “20 Yanvar tolkuçkası” kimi tanınmasıdır… Sovet dövründə XI Qızıl Ordunun adını daşımış bu meydanda həmin işğalçı rus ordusuna əzəmətli bir abidə qoyulmuş və meydanın xarakterində də bir əzəmət vardı. Indi isə gerçək milli qəhrəmanların adı ilə bağlı olan meydanda miskinlik, ideyasızlıq, mənəviyyatsızlıq hökm sürür.
Bu arada problemlə əlaqədar Azərbaycan Memarlar Ittifaqının sədri Elbay Qasımzadə mətbuata açıqlamasında deyib ki, 20 Yanvar meydanında memarlıq və şəhərsalma baxımından hökm sürən intizamsız vəziyyətə yerli rayon rəhbərlikləri (Yasamal və Nəsimi rayon icra hakimiyyətləri – red.) məsuliyyət daşıyırlar. Hazırda ərazidəki “tolkuçka”nın ləğv edildiyini söyləyən E.Qasımzadə qeyd edib ki, meydanda kompleks yenidənqurma işləri aparılmalı, bu istiqamətdə mütəxəssislərin təklifləri öyrənilməli və müvafiq layihə işlənməlidir: “Əgər belə bir plan hazırlanarsa, o zaman ərazidəki qarışıq tikililər sökülə bilər”- deyə Memarlar Ittifaqının sədri əlavə edib.
Sosial şöbə