Rəqabət Məcəlləsi Iqtisadiyyat və Sənaye Nazirliyində yubadılır
Nemət Əliyev: «Iqtisadi sərhədlərin açıq olduğu müasir dövrdə əgər rəqabət qabiliyyətli olmasaq, daxili bazarlarımızı qoruya bilmərik»
Azərbaycanda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi yönündə hazırlanan Rəqabət Məcəlləsi Milli Məclisdə iki oxunuşda qəbul edilib. Artıq bunun üzərindən xeyli zaman keçsə də, üçüncü oxunuş üçün məcəllə Milli Məclisin plenar iclasına çıxarılmayıb. Digər layihlər kimi, bu layihə də illərdi tilsimə düşüb.
Milli Məclisin Iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında bunun izahını verib. “Hazırda Rəqabət Məcəlləsi haqqında qanun layihəsi Iqtisadiyyat və Sənaye Nazirliyində baxılır. Layihə Milli Məclisin yaz sessiyasının gündəliyinə də salınıb. Amma nazirliyin yekun rəyi olmadığından o, gündəliyə salınmır” -deyə Vahid Əhmədov bildirib
Ümumiyyətlə rəqabət prinsiplərinin qorunmadığı halda ölkələrdə vəziyyət gec-tez ağırlaşmalı olur. Qeyd edək ki, monopoliyada olan sahələrə nəzarət edən şəxslərin bu məcəllənin qəbul olunmasına imkan vermədiyi də siyasi kuluarlarda səslənir. Oliqarxların təzyiqi və müdaxiləsi nəticəsində zaman-zaman Milli Məclisin müzakirələrinə çıxarılmayan məcəllə, indi də üçüncü oxunuşa həsrət qalıb. Məlum olur ki, indi də layihə keçmiş Iqtisadi Inkişaf Nazirliyindədir. Hələ bir müddət öncə Şahin Mustafayev nazir təyin olunanda, belə bir fikir səslənirdi ki, o Kəmaləddin Heydərovun kadrıdır. O da sirr deyil ki, hakim ailədən sonra ölkənin ən iri monopalisti məhz Kəmaləddin Heydərov hesab olnur. Bu məntiqlə yola çıxsaq, layihənin qəbul olunmamasının bir səbəbi də bəlli olur. Ancaq, bu bir ehtimaldı.
Istənilən halda korrupsiya, rüşvətxorluq, monopoliya olan yerdə rəqabət heç cür ola bilməz. Rəqabət hansısa bir fəaliyyətlə bir neçə kompaniyanın məşğul olması deməkdir. Bizdə isə rəqabət klanlar, qruplar arasındadır.
Bəs, ekspertlər bu məcəllənin tilsimə düşməsini necə izah edir?
Iqtisadçı ekspert Nemət Əliyev hesab edir ki, “Rəqabət haqqında” qanunun qəbul olunması çox vacibdir. Çünki bazar iqtisadiyyatının əsas prinsiplərindən biri rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılmasıdır: “Istehsalla məşğul olan müəssisələr, xidmət sahələri rəqabət qabiliyyətli olmalıdır. Bunu ona görə etmək lazımdır ki, həm inkişaf etmiş ölkələrin iqtisadi sisteminə rahatlıqla inteqrasiya etmək imkanları yaransın, həm də xarici bazarlarda rəqabətə tab gətirə biləcək mallar istehsal edək və ya xidmətlər təşkil edə bilək. Rəqabət qabiliyyətimiz olmasa xarici bazar mövqelərimizi möhkəmləndirə bilmərik, dayanıqlığımızı itirə bilərik”. Ekspert hesab edir ki, iqtisadi sərhədlərin açıq olduğu müasir dövrdə əgər rəqabət qabiliyyətli olmasaq, daxili bazarlarımızı qoruya bilmərik: “Bəs rəqabət qabiliyyətimiz yoxsa, iqtisadi müstəqilliyimizi hansı yolla qoruyub saxlamalıyıq? Bu yol tutulmasa Azərbaycan əmtəə nişanlarını necə tanıda bilərik? Ona görə də rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq başlıca hədəflərimizdən biri olmalıdır. Bu yolda da ”rəqabət haqqında” qanunun qəbul edilməsi başlıca şərtlərdən biridir. Bu qanun qəbul edilməsi ilə, heç olmasa, hüquqi baxımdan, təbii, yaxud da qeyri-təbii monopolistlərin, sahibkarların əl-qolunu bağlayan əməllərinin qarşısını almaq olar. Əlbəttə, rəqabət qanununun qəbulu ilə hər şey yoluna düşmür. Çünki, bu ölkədə qanunlar işləmir, məmur özbaşınalığı var, vahid siyasi iradə yoxdur, vəzifə səlahiyyətlərindən sui-istifadə olunur, məhkəmələr asılı durumdadırlar. Tayfa-klan maraqları xalqın, dövlətin maraqlarını üstələyib. Sahibkarların maraqları arxa plana keçirilib, onlar sıxışdırılır, zəhmətlə qazandıqları quldurcasına əllərindən alınır, müflis edilirlər. Odur ki, qanun qəbulu ilə hər şey yoluna düşmür. Gərək dövlətin, xalqın istəyinə önəm verilsin. Müsbət dəyişikliklər naminə vahid siyasi iradə olmalıdır. Normal ölkələrdə olduğu kimi kompleks siyasi, inzibati, iqtisadi, hüquqi mexanizmlər işlənib hazırlanmalıdır ki, sahibkarlar rəqabət qabiliyyətli istehsal qura bilsinlər. Bu sahədə onlara hər hansı maneçilik törədilməməlidir”.
Akif