O, bu toqquşmada mobil operatorları himayə edən güclərlə, yəni hakim ailəyə yaxınlığı ilə seçilən oliqarxlarla üz-üzə gəlməli olacaq
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov növbəti dəfə mobil operatorlara xəbərdarlıq edib. APA-nın məlumatına görə, nazir Azərbaycanda hər üç mobil operator danışıq tariflərinin aşağı salınması üçün razılıq vermədiyini bildirib. “Hesab edirik ki, bu, baş verməlidir. Çünki bu, Nazirlər Kabinetinin və Tarif Şurasının məsələ ilə bağlı apardığı qaydalara uyğun həyata keçirilir. Mobil operatorlar bunu etməsələr, biz qanuna uyğun olaraq aralarında trafik mübadiləsinin qiymətlərinin bizim qoyduğumuz qaydalara uyğunlaşmasına onları məcbur edəcəyik. Çünki bu mobil xidmətlərin tariflərinin aşağı düşməsinə müsbət təsir göstərəcək”,- deyə nazir qeyd edib.
Bu, Əli Abbasovun ilk belə açıqlaması deyil. Nazir dəfələrlə qiymətli aşağı salmaq istəməyən mobil operatorlara xəbərdarlıq edib. Lakin hər dəfə bu xəbərdarlığa məhəl qoyulmayıb.
Xatırladaq ki, ölkədə mobil nömrələrin daşınması xidmətinə keçid də xeyli ləngidi və hətta nazir bu prosesi ləngidən mobil operatorların məhkəməyə çeriləcəyini demişdi. Bir neçə dəfə təyin edilən müddətdə xidmətə keçməyə mobil operatorlar nəhayət bu addımı atmalı oldu. Görünür, danışıq qiymətlərinin aşağı salınması üçün də nazir hər üç şirkətə hələ bir neçə dəfə xəbərdarlıq etməli olacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə mobil operatorlar arasında baş verən anlaşılmazlığın nə ilə nəticələnəcəyini indidən demək çətindir. Məlum olan odur ki, Əli Abbasov bu toqquşmada mobil operatorları himayə edən güclərlə, yəni hakim ailəyə yaxınlığı ilə seçilən oliqarxlarla üz-üzə gəlməli olacaq. Kimin kimə güc gələcəyini isə yaxın zaman göstərəcək.
Fizzə