“Azərbaycanda “ABŞ-dan qaynaqlanan inqilabi proses” haqqında danışanlar hakimiyyət dairələrinə yaxın media və ya ictimai birliklərin nümayəndələridir”
Azərbaycan hökumətinin Amerikanın “Sülh Korpusu” proqramı ilə əməkdaşlığı dayandırdığı bir ərəfədə ABŞ-dan olan təssisatların Azərbaycan QHT-lərinə ayırdıqları vəsaitlərin ölkədə “demokratik inqilab”ın reallaşdırılmasına yönəlməsi ilə bağlı məqalə ciddi müzakirəyə çevrilib. Yazıda qeyd olunan məqamlar birmənalı qarşılanmayıb. Bu tip məqalələr bir qayda olaraq hakimiyyət dairələrinin razılığı və nəzarəti ilə dərc edilir.
Qərbin regiona, xüsusilə Azərbaycana diqqətinin artdığı bir dövrdə belə bir məqalənin dərc olunması təsadüfi sayılmaya bilər.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar iddiaları tamamilə yalnış, cəfəng və gülünc adlandırmaqla yanaşı Azərbaycanla ABŞ arasında münasibətlərin müstəsna əhəmiyyət kəsb etdiyini deyib. Səfirin sözlərinə görə, bu qədər gülünc və məsuliyyətsiz iddia irəli sürən şəxslər ABŞ-la Azərbaycan arasındakı əlaqələri korlamaq istəyirlər.
Bəyanatdan belə bir nəticəyə gəlmək olur ki, iki ölkə arasında münasibətləri korlamaq istəyənlər hakimiyyətdə təmsil olunan qruplaşmalardan biridir. Bu da onu deməyə əsas verir ki, ölkə rəhbərliyi bu addımların qarşısını ala bilmir, ya da baş verənlər birbaşa ali rəhbərliyin nəzarəti altında həyata keçirilir.
AXCP Rəyasət Heyətinin üzvü, siyasi şərhçi Seymur Həzinin sözlərinə görə, Azərbaycanda “ABŞ-dan qaynaqlanan inqilabi proses” haqqında danışanlar hakimiyyət dairələrinə yaxın media və ya ictimai birliklərin nümayəndələridir. Həmçinin Anar Məmmədlinin istintaqı ətrafında hakimiyyətin yaratmaq istədiyi rəy, eyni zamanda NİDA-çı gənclərin məhkəmədə “MTN-də bizdən ABŞ əleyhinə ifadə almaq istəyirdilər” bəyanatları onu deməyə əsas verir ki, ABŞ və Azərbaycan münasibətlərinin korlanmasında daha çox rəsmi dairələr maraqlıdır. Xüsusilə son günlər İran və Azərbaycan arasında sürətlənən diplomatik gediş-gəlişlər rəsmi Vaşinqtonu narahat edə bilər. Nəzərə almaq lazımdır ki, İranın Azərbaycandakı səfiri “biz Azərbycanla üçüncü qüvvəyə qarşı razılıq əldə etmişik” bəyanatı verib. Bu da Amerika-Azərbaycan münasibətlərinin korlanmasına xidmət edən faktor kimi qiymətləndirilə bilər. Bütün hallarda bu məsələdə əsas oyunçu kimi Azərbaycan hökuməti çıxış edir.
Fizzə