Hüquq müdafiəçisi MTN-nin təcridxanasında vicdan məhbusu ilə görüşəcək
“Azadlıq”ın ötən sayında xəbər verdiyimiz kimi, jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli Milli Təhlükəsizlik Nazirliyində hüquqlarının pozulmasıyla əlaqədar aprelin 15-dən aclıq aksiyasına başlayıb. Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov Pərviz Həşimli ilə bağlı durumu nəzarətdə saxladığını deyir. O, bu məqsədlə bu gün MTN-nin istintaq təcridxanasına baş çəkərək, Pərviz Həşimli ilə görüşəcək.
Elçin Behbudovun sözlərinə görə, bu məsələ ilə maraqlanıb, lakin MTN-nin istintaq təcridxanasından ona bildirilib ki, Pərviz Həşimli aclıq aksiyasına başlaması barədə rəsmi ərizə ilə müraciət etməyib: “MTN-nin istintaq təcridxanasının rəhbərliyi ilə əlaqə saxladım. Dedilər ki, aclıq edən insan ərizə ilə müraciət etməlidir, həkim nəzarətində olmalıdır. Bildirdilər ki, Pərviz Həşimli belə bir ərizə ilə müraciət etməyib”.
Hüquqlarının pozulmasına etiraz olaraq Pərviz Həşimlinin aclıq aksiyasına başlamasına Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunus da münasibət bildirib. Hüquq müdafiəçisi deyir ki, Pərviz Həşimli mübarizəsini davam etdirmək üçün qüvvəsini saxlamalıdır: “Buna görə də o, özünə baxmalı, mətin olmalı vəÿmübarizəsini təpki ilə aparmalıdır”.
Xatırladaq ki, beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” elan olunan Pərviz Həşimli ötən ilin sentyabrında həbs edilib. O, 206.3.2 (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz silah əldə etmə və saxlama) maddələrilə ittiham olunur və hazırda MTN-nin təcridxanasında saxlanılır. Jurnalist həbsini siyasi sifariş adlandırır və ittihamların qondarma olduğunu bəyan edir.
Nigar