Ölkəmizdə bu quruma onminlərlə adam daxildir və onlar hərbi qaydada, mərkəzləşmiş şəkildə idarə olunan böyük qüvvədir
Politoloq Vəfa Quluzadə deyir ki, Azərbaycana hücumla bağlı yayılan bütün məlumatlar Rusiyanın xüsusi xidmət orqanları tərəfindən hazırlanır. Politoloqun fikrincə, son günlər Rusiyadan Azərbaycana qarşı informasiya müharibəsində əsas məqsəd ölkəmizə hədə-qorxu gəlmək, onu tutduğu yoldan çəkindirməkdir. Politoloq “axar.az”a açıqlamasında Azərbaycanın daxilində fəaliyyət göstərən “beşinci kolon”a artıq əmr gəldiyini bildirib:
“Bütün ictimaiyyətə məlum oldu ki, Azərbaycanda güclü beşinci kolon var. Bu kolonu Rusiya idarə edir. Beşinci kolon öz vətəndaşlarımızdan təşkil olunub, hamısı azərbaycanlılardır. Əmr gələnə qədər onlar öz işləri ilə məşğuldurlar. Bunların kimi həkimdir, kimi mətbuat işçisidir. Əmr gələndə hamısı baş qaldıracaq. Indi əmr gəlib ki, Rusiyanın Krıma müdaxiləsini dəstəkləyin, şayiə yayın ki, Azərbaycana Rusiya zərbə vura bilər. Bunların hamısı göz qabağındadır”.
“Beşinci kolon” ayrı-ayrı dövrlərdə güclü dövlətlərin öz maraqlarını təmin etmək üçün kiçik dövlətlərin içərisində formalaşdırdığı qruplardır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər əvvəlcə “beşinci kolon” barədə danışaraq, deyir ki, mərkəzdən hansı tapşırıq verilsə, bu qurumda təmsil olunanlar o istiqamətdə də hərəkət edir. Ekspert qeyd edir ki, “beşinci kolon”un dövlətin bütün sferalarında – istər hakimiyyət və onun müxtəlif qolları, istərsə də müxalifətdə, vətəndaş cəmiyyəti və yerli səviyyədə nümayəndələri olur: “Azərbaycanda onların sayı onminlərlədir. Nəzərə almaq lazımdır ki, hazırda onlar hərbi qaydada, mərkəzləşmiş şəkildə idarə olunan böyük qüvvədir. Bu qurum Azərbaycandakı hakimiyyətin xarakterini, Rusiyanın Azərbaycandakı səviyyəsini nəzərə alan çox ciddi bir təhlükədir”.
Sülhəddin Əkbər əlavə edir ki, Azərbaycan Moskvanın siyasi təsir gücü altındadırsa, həmin qüvvələr ya sakit olur, ya da dəstək verirlər. Onlar hakimiyyətdə maksimum yüksək səviyyədə yer tutmağa çalışırlar. Moskva ilə rəsmi Bakının mövqeyində hansısa ciddi problem yaranırsa, onlar artıq əks-fəaliyyətə keçir və mərkəzdən verilən tapşırığa uyğun hərəkət edirlər: “Ona görə də bunu təkcə Qarabağ məsələsi istiqamətində deyil, bütün istiqamətdə, kompleks düşünmək lazımdır”.
Nigar