Üzeyir Cəfərov: «Buradakı silah-sursatın tam məhv edilməməsi ərazini müdafiənin bir növüdür»
Səngəçal qəsəbəsi yaxınlığında ARDNŞ və yeni inşa ediləcək Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin ərazisində 30 mina aşkar edilib və zərərsizləşdirilib. Fransanın “Total” neft şirkətinə məxsus ərazilərdə minalar aşkarlanıb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatına görə, son 6 ay ərzində ANAMA tərəfindən aparılan təmizləmə işləri nəticəsində partlamamış hərbi sursatların 25-i ARDNŞ-yə, 5-i isə “Total”a məxsus ərazidə tapılıb. Aşkar edilmiş hərbi sursatlar arasında tank əleyhinə minalar, köhnə əl qumbaraları, 100 mm-lik top, 125 mm-lik tank mərmiləri, onlar üçün müxtəlif çeşidli fitillər, eləcə də digər partlayıcı maddələrin qırıntıları və s. var. Ərazidə minatəmizləmə əməliyyatları 2014-cü ilin sonunadək davam etdiriləcək. Vaxtilə SSRİ Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələrinin Bakı Hərbi Dairəsinə (30 hektar) və Müdafiə Nazirliyinin Xəzər Donanmasına (50 hektar) məxsus olan həmin ərazilərin müəyyən hissəsi təlim poliqonu kimi istifadə edilib.
Hərbi ekspert Üzeyir Cəfərov bir neçə dəfə sözügedən əraziylə bağlı mövzunu gündəmə gətirdiyini söyləydi. Amma müvafiq təşkilatlar bu məsələyə nədənsə reaksiya verməkdən yayınırlar: «Gözləyirdim ki, bizim əlaqədar qurumlar müvafiq tədbirlər görəcəklər. Amma bu məsələ ilə bağlı onların tükü belə tərpənmir. Gərək hər hansı bir faciəvi hadisə baş versin, sonra reaksiya göstərilsin».
Ü.Cəfərov bu ərazinin tam minalardan tamizlənməməsi ilə bağlı öz fərziyəsini də irəli sürdü: «Əvvəlki illərdə bu ərazini ələ keçirmək istəyən bir sıra imkanlı şəxslər var idi. Bu gün də hakimiyyətdə böyük vəzifələrdə təmsil olunanlar bu arzuda bulunurlar. Hətta istisna deyil ki, ərazidə yoxlanış aparılarsa buranın özələşdirildiyi belə ortaya çıxa bilər. Görünür, buradakı silah-sursatın tam məhv edilməməsi ərazini müdafiənin bir növüdür. Bu qorxu yaratmaq üçündür. Çünki Bakıya çox yaxın ərazidə köhnə minaların partladılmaması təhlükəlidir».
Mövzu ilə bağlı ldanışdığımız təhlükəsizlik eksperti isə bildirdi ki, Müdafiə Nazirliyi keçmiş hərbi hissə kimi burada nə baş verdiyindən məlumatlı olmalıdır. Ona görə bu ərazini nəzarətsiz buraxmaq olmaz. Çünki köhnə silah-sursatın yerləşdiyi ərazi Azərbaycan üçün strateji bir obyektin Səngəçalın yaxınlığındadır. Köhnə silah-sursatın məhv edilməməsi Səngəçaldakı neft-qaz müəssisələrinə təhlükə törədə bilər.
Hikmət