Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloqçu Əbdül Əbilovun işi üzrə hazırlıq iclası keçiriləcək. Vəkil Xalid Bağırov “Media forum” saytına bildirib ki, işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq. Əbdül Əbilovla bir həftə öncə görüşdüyünü deyən vəkil onun vəziyyəti yaxşı olduğunu vurğulayıb. Xalid Bağırov əlavə edib ki, hazırlıq prosesində vəsatətlər qaldıracaq. Ancaq o, vəsatətlər barədə açıqlama vermək istəməyib.
Bakı Istintaq Təcridxanasında saxlanan Əbdül Əbilov ötən il noyabrın 22-də tutulub. Əbdül Əbilov narkotik alverində ittiham olunur. Ailəsi onun “Facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “Facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin idarəçisi olub. Həbs ediləndən sonra həmin səhifə bağlanıb.