“Volkswagen”in Fransadakı satış mərkəzləri Anar Əliyevin adına sənədləşdirilib
ARDNŞ ( SOCAR) Fransada Almaniyanın məşhur “Volkswagen” avtomobil şirkətinə məxsus 7 satış mərkəzini alıb. Avropa.info-nun SOCAR-dakı mənbədən aldığı məlumata görə, alınan satış mərkəzləri ARDNŞ-in əsas tərəfdaşı olan Socar Trading SA şirkətinin adına sənədləşdirilib. Qeyd edək ki, adı çəkilən şirkətin rəhbəri ARDNŞ prezidenti Rövnəq Abdullayevin dayısı oğlu Anar Əliyevdir. Bu həmin Anar Əliyevdir ki, “Global Witness” təşkilatının bir müddət öncə, SOCAR-la bağlı açıqladığı sensasion hesabatda adı qırmızı hərflərlə keçirdi. Qeyd edək ki, ötən ilin dekabrında açıqlanan hesabatda adı böyük pullar və biznes strukturları ilə hallanan, lakin Azərbaycanda o qədər də tanınmayan Anar Əliyevin ARDNŞ prezidentinin dayısı oğlu olmasını ilk dəfə Avropa.info açıqlamışdı.
Mənbə qeyd edir ki, Fransada “Volkswagen”in cəmi 7 böyük satış mərkəzi olub ki, bunlar da SOCAR tərəfindən alınıb. İndiyədək SOCAR-ın xaricə çoxlu sayda investisiya yatırdığını bildirən mənbənin sözlərinə görə, bunların bəzisi rəsmi sənədlərdə əksini taparaq, hətta mətbuatda da yayılıb. Lakin alınan satış mərkəzləri mətbuatdan gizlədilib.
Maraqlı burasındadır ki, “Global Witness” təşkilatının açıqladığı qalmaqallı hesabata baxmayaraq ARDNŞ-in əsas layihələrində yenə də, Rövnəq Abdullayevin qohumu, Socar Trading SA şirkətinin rəhbəri Anar Əliyev yer alır. Qeyd edək ki, bir neçə gün öncə, mətbuatda Rövnəq Abdullayevin geniş maliyyə resurslarına sahib olacaq media holdinq açacağı və bu işə Anar Əliyevin rəhbərlik edəcəyi haqda məlumatlar yayılıb.