Elnur Məcidli: «Tibb Mərkəzinin fəaliyyətinə görə Elşad Abdullayev yox, Dilarə Ismayılova cavabdeh olub»
Azad Mürsəliyev: «Zərərçəkən tərəf olduğumuz halda, bizim özümüzü hədəfə alıblar»
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada siyasi sığınacaq almış Elşad Abdullayevin beynəlxalq axtarışa verilməsi məsələsinə onun sözçüsü Elnur Məcidli münasibət bildirib.
O, “hafta.az”a açıqlamasında bildirib ki, Elşad Abdullayevin Fransada Maqnitski aktına bənzər prosesə başlaması və bununla bağlı müxtəlif dövlət müəssisələrinə sorğuların göndərilməsi ehtimalı sabiq rektora qarşı əks addım kimi, orqan transplantasiya məsələsinin ortaya çıxmasına səbəb ola bilər: “Bildiyiniz kimi, Elşad Abdullayev Fransada artıq siyasi sığınacaq alıb, daimi yaşayış hüququ əldə edib. Növbəti aylardan etibarən Elşad Abdullayev müəyyən kurslardan sonra Paris universitetlərindən birində işləyə bilər, həmçinin Fransada yeni universitet qurulması layihəsi də müzakirə olunmaqdadır”.
Elnur Məcidli deyir ki, Azərbaycan Beynəlxalq Universitetinin tərkibində fəaliyyət göstərmiş Tibb Mərkəzinin sahibi Elşad Abdullayev olub. Ancaq o, bu mərkəzin tibb qurumu kimi fəaliyyəti üçün baş həkim Dilarə Ismayılova ilə müqavilə bağlayıb. Müqavilədə də göstərilib ki, bütün fəaliyyət qanun çərçivəsində olmalıdır, qanundankənar hər hansı fəaliyyətə görə Dilarə Ismayılova məsuliyyət daşıyır: “Hüquqi qiymət verəsi olsaq, Elşad Abdullayev, müqavilədən də göründüyü kimi, bir növ icarədardır, tibb mərkəzinin bütün fəaliyyətinə görə məsuliyyəti Dilarə Ismayılova daşıyır. Əgər burada hər hansı qanundan kənar fəaliyyət olubsa, buna Dilarə Ismayılova cavabdehdir, o, məsuliyyətə cəlb olunmalıdır. Lakin bu baş verməyib, əksinə, o, başqa bir klinikada baş həkim kimi fəaliyyət göstərir”.
Qeyd edək ki, Dilarə Ismayılova barəsində də cinayət işi başlanıb və onun istintaqı tamamlanaraq, məhkəməyə göndərilib. Bu iş üzrə sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyilə hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, Baş Prokurorluq ABU-nun nəzdindəki Tibb Mərkəzində qanunsuz orqan transplantasiyasına görə aparılan araşdırmalar nəticəsində cinayət işi başlandığı və həm Dilarə Ismayılovaya, həm də Elşad Abdullayevə qarşı ittiham irəli sürüldüyü haqda məlumat yayıb. Dilarə Ismayılovanın barəsindəki cinayət işi ayrılaraq, məhkəməyə göndərilib, Elşad Abdullayevin barəsində isə həbsli axtarış qərarı çıxarılıb.
Elşad Abdullayevin bacısı oğlu, onun 2003-cü ildə oğurlanmış qardaşı Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Azad Mürsəliyev isə deyir ki, dayısına qarşı haqsızlıq davam edir: “Elşad Abdullayevin şikayətçi olmadığı adamlara qarşı savaş açılıb. Məndə olan məlumata görə, Elşad Abdullayevin ögey qardaşının oğluna 10 il həbs cəzası veriblər. Halbuki, Elşad Abdullayev Mübarizdən şikayətçi deyildi və dəfələrlə də bildirib ki, ona pul verməyib. Zərərçəkən tərəf biz olduğumuz halda, bizim özümüzü hədəfə alıblar”.
Ramin DEKO