Mayın 10-da Imişlinin Otuzikikənd kəndinin sakinləri örüş yerlərinin qanunsuz satılmasına etiraz olaraq, mal-qaraları ilə birlikdə rayon Icra Hakimiyyətinin qarşısına gəlib orada aksiya keçirməyə cəhd göstərmişdi. Lakin polislər Icra Hakimiyyətinin yaxınlığında etirazçıların qarşısını kəsərək, onların bir qismini tutub polis şöbəsinə aparmışdılar. Saxlanılanlar arasında AXCP-nin Imişli şöbəsinin fəalı Vüqar Qədirov, aksiyanı lentə alan “Azadlıq” radiosunun əməkdaşı Azər Əli də var idi.
Saxlanılan şəxslər həmin gün buraxılsa da, onlardan başqa yerə getməmək barədə iltizam alınmışdı. Dünən isə onların məhkəməsi keçirilib. Imişli Rayon Məhkəməsinin qərarı ilə onlar polisin qanuni tələblərinə əməl etməməkdə günahlandırılaraq, hər biri 200 manat cərimələniblər.
Jurnalistin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı “Azadlıq” radiosuna açıqlamasından bildirib ki, məhkəmənin qərarından narazıdır: “Bu, qanunsuz və ədalətsiz bir qərar idi. Cərimə etməklə guya ədalət nümayiş etdirdiklərini göstərmək istəyiblər. Əslində, jurnalistin saxlanması ciddi səhv idi. Biz müdafiə tərəfi olaraq apelyasiya şikayəti verəcəyik”.