“Onun fikirləri ciddi həyəcan siqnalıdır”
«Biz bilməliyik ki, bu televiziyalar Azərbaycan xalqına məxsusdur, yoxsa, hansısa kosmopolit məkana?»
Arif Əliyev: «Elə bir aləm yaradıblar ki, oradan yalnız musiqi və deyib-gülmək səsi eşidilir»
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylinin son açıqlamaları sözün əsl mənasında səs-küy yaratdı. Görkəmli musiqiçi Qarabağla bağlı müzakirələrin aparıldığı görüşdə bu mövzu ilə kifayətlənməyib, Azərbaycanın hazırkı mühiti ilə bağlı sərt açıqlamalar verdi. F.Bədəlbəylinin əsas iradı ölkədə şou proqramlarının bol olması, müharibə ab-havasının isə hiss olunmaması ilə bağlı idi: “Səhərdən axşamacan çal-çağır, toydur. Televiziyalar gecə-gündüz ancaq ucuz və şit şou nümayəndələrini, şou verilişlərini, toy, evlənmə proqramlarını təbliğ edir. Bu yaxınlarda düz 6 telekanalda eyni vaxtda ”ulduz yarışması”nın getdiyini gördüm. Bunlara baxıram, təəccüb edirəm, dəhşətə gəlirəm, elə bil Qarabağ boyda dərdimiz yoxdur. Bəlkə də bu iblis siyasətdə düşmən əli var. Ancaq nəticə çox acınacaqlıdır. Zabitlər qəhrəman olmalıdır, onlar təbliğ olunmalıdır, Faiq Ağayev yox. Cəmiyyət də qəhrəman kimi zabitləri qəbul etməlidir”.
F.Bədəlbəyli hesab edir ki, bu mühiti dəyişdirməli, biganələyi aradan qaldırmalıyıq: “Biz sanki ciddiliyimizi itirmişik, onu özümüzə qaytarmalıyıq. Hər gün atılıb-düşmək lazım deyil. Bu, marionetkalıqdır. Bunun özü də bir iblis siyasətdir, düşmənlərimiz də elə bunu istəyirlər ki, başımız gic-gic şeylərə qarışsın və Qarabağ yaddan çıxsın”.
“Fərhad Bədəlbəyli olduqca aktual məsələyə toxunub”
Tanınmış televiziya mütəxəssisi Qulu Məhərrəmli Fərhad Bədəlbəylinin olduqca aktual və ictimaiyyəti düşündürən məsələyə toxunduğunu deyir: “Biz televiziyaları davamlı olaraq tənqid edirik. Bu tənqid ictimai rəydə ona görə kəskinliyi ilə reaksiya doğurur ki, hamını düşündürən problemdir. Bu gün televiziyada mənasız şou-proqramlar gedir, mənasız dəyərlər təbliğ olunur. Tamaşaçı auditoriyasına nələri çatdırmaqla bağlı çox ciddi problemlər var. Bu, televiziya məkanında çox böyük boşluqların olduğunu göstərir. Fərhad Bədəlbəylinin dediyi kimi, ciddilik itib. Bu, həm də peşəkarlığın itməsi deməkdir. Həmçinin televiziya sahəsində yayım siyasətinin çox yarıtmaz və mənasız olduğunu göstərir. Fərhad Bədəlbəylinin fikirləri çox ciddi həyəcan siqnalıdır və təcili tədbirlər görülməlidir”.
Q.Məhərrəmli hesab edir ki, teleradio ilə bağlı yayım siyasəti kökündən dəyişməlidir: “Biz bilməliyik ki, bu televiziyalar Azərbaycan xalqına məxsusdur, yoxsa, hansısa kosmopolit məkanda fəaliyyət göstərən və məqsədi yalnız pul qazanmaq olan kanallardır. Ona görə bununla bağlı cəmiyyət ciddi düşünməlidir”.
“Ölkədə mülkiyyət davası gedirsə, bu davanın səsini musiqi sədaları ilə ört-basdır edirlər”
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Fərhad Bədəlbəylinin fikirlərilə tamamən razı olduğunu bildirir: “Fərhad Bədəlbəyli çox az danışır, amma dəqiq danışır. Bu gün televiziyalar reallıqdan qaçmağa çalışır. Elə bir aləm yaradır ki, orada yalnız musiqi və deyib-gülmək səsi eşidilir. Söhbət Tək Qarabağdan yox, cəmiyyətin real problemlərindən gedir. Məsələn, ölkədə mülkiyyət davası gedirsə, bu davanın səsini musiqi sədaları ilə ört-basdır etməyə çalışırlar. Ölkənin gələcəyi ilə bağlı ciddi məsələlər ortaya çıxırsa, bundan yan keçirlər. Eynilə də Qarabağ məsələsi. Qarabağ problemi ”lazım gəlsə, gedib alacağıq” deməklə həll olunmur. Əksinə, çox vacib və ciddi şüarlar bayağı formada təkrar olaraq boş-boş səslənəndə öz mənasını itirir və şou elementlərindən birinə çevrilir. Bunlar çox ciddi məsələlərdir”.
A.Əliyevin sözlərinə görə, məlum görüşdə F.Bədəlbəyli illər boyu topladığı ağrını ifadə edib: “Yığılmış ağrılarını ifadə edib. Amma biz bunu hər gün danışmalı, hər gün müzakirə etməliyik. Məni yandıran odur ki, Azərbaycanın bu problemlərdən şərəflə çıxması üçün həm kadr potensialı, həm intellektul potensialı var”.
Gültəkin