AŞPA-dan Moskvaya elə missiya göndərilir ki…
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyaya seçki sonrası missiyasını göndərib. Heyətə başda Tini Koks olmaqla yeddi parlament üzvü daxildir. Tini Koks dekabrda Dumaya keçirilən parlament seçkilərində müşahidəçi heyətinə başçılıq etmişdi.
“Kommersant” qəzetinin verdiyi şərhə görə heyətin gəlişi həyəcan siqnalıdır. Adətən bu heyəti seçkiləri kəskin qanun pozuntuları ilə keçən ölkələrə göndərirlər. Son 10 il ərzində ilk dəfədir ki, Rusiyaya bu cür missiya göndərilir. Səfərin nəticəsi kimi sərt hesabatın hazırlanması gözlənilr. Hesabat əsasında AŞPA-da Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə son verə bilər. Hesabat 23 yanvarda Strasburqda, AŞPA-nın qış sesiyasının açılışında dinləniləcək.
Hesabatdan əlavə “Rusiya iki seçki arasında” mövzusunda təcili debatlara başlanılması da gözlənilir. Debatların yekunu kimi Rusiya üçün heç də yaxşı olmayan qətnamənin qəbul edilmə ehtimalı var. Bundan başqa AŞPA-dakı demokrat və liberallar qrupu Rusiya nümayəndəliyinin səlahiyyətlərindən məhrum edilməsi məsələsini parlamentdə qaldırmağı planlaşdırır. Daha əvvəl AŞPA-dakı Rusiya heyətinin qeyri-legitimlik məsələsi Avroparlamentdə müzakirə edilmişdi. Lakin o zaman bu bənd qətnamənin yekun variantına daxil edilmədi.
Informasiya şöbəsi