AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün "facebook" səhifəsində hakimiyyətin saxta millətçiliyindən yazıb. Həmin yazını təqdim edirik:
"Seçkini, məhkəməni, məlumatları və s.saxtalaşdırmağa öyrənmiş hakimiyyət indi də ideolji saxtalaşdırmaya girişib. Vaxtı ilə Türkiyədə Atatürkçülük şəklində təqdim edilən milliyyətçiliklə solun sintezindən ibarət olan ideloji sistemin anologiyasını Azərbaycanda Heydər Əliyevin şəxsiyyəti üzərində qurmağa çalışdılar. Ancaq bu o qədər uğursuz alındı ki, ortada klassik şəxsiyyətə pərəstişin dəbi keçmiş arxaikl görünütüsü qaldı. Buna görə də Əliyevçiliyin bir işə yaramadığını, toplum səviyyəsində təqdir görmədiyini görüb, ideolji çılpaqlıq şəraitində rejimin ayıb yerlərini gizlətmək üçün son zamanlar yeni bir vasitəyə əl atılıb.
Millətçilik…
Guya bunlar millətçi olublar. Düşünüblər ki, insanların həssas milli duyğularını istismar etməklə, artan beynəlxalq təzyiqlərə qarşı uğurlu bir ideloji qalxan düzəldə bilərlər. Beynəlxalq təşkilatlar ölkədəki insan haqlarının vəziyyətini pisləyəndə, hakimiyyətin korrupsiya əməllərini ifşa edəndə, Qərb hakimiyyəti siyasi represiyalara görə tənqid edəndə millətçi qalxanı başlarına çəkib bütün bu hücumların milli dövlətçiliyə qarşı yönəldiyini iddia etsinlər, tənqid edənləri də milli inkişafımızı gözü götürməyənlərin düşmənçiliyi adlandırsınlar. İlk baxışda yaxşı düşünülüb, ancaq bu ideloji maska da taxıldığı ilk gündən rejimin əsil sifətini gizlədə bilmədi.
Niyə?
Əvvəla, millətçilik ideoloji sistem olaraq etnik və dövlət millətçiliyi şəklində ifadə olnur. Çağdaş dövrdə daha çox təqdir görən dövlət millətçiliyi hər hansı etnik ayrımçılığı və diskriminasiyanı rədd edir, idarəçilik metodu kimi demokratik rejimi qəbul edir. Dövlət millətçiliyi topluma öz iradəsini milli dövlət vasitəsi ilə ifadə etmək imkanının verilməsini və bu iradənin üstünlüyünü nəzərdə tutur. Bunun yolu isə millətə azad iradəni göstərmək üçün demokratik seçki imkanının yaradılmasından keçir. Bu yolla da milli iradə hakimiyyətin qaynağı olur. Deməli bu konteksdən yanaşdıqda iqtidar seçkini saxtalaşdırdığı üçün millətin iradəsini heçə saymış olur və bu halda hakimiyyətinin qaynağı da milli iradə olmadığı üçün belə bir iqtidar milli hakimiyyət ola bilməz.
Digər tərəfdən,siyasi hakimiyyət o zaman milliətçi ola bilir ki, o milli hədəf və məqsədləri təmin etməyi özünün əsas qayəsi hesab etsin. Bu halda ideloji yönümündən asılı olmayaraq, hər bir iqtidar millətçi hesab oluna bilər. Ona görə də demokratik sistemlərdə iqtidarlar bu cür olmağa məhkum olduqları üçün ayrıca millətçilik anlayışı artıq ortadan qalxmaqdadır.
Baxaq görək İlham Əliyev hakimiyyəti hansı məqsədlərinə görə millətçi kimi təqdir görə bilər?!
Korrupsiya və rüşvət, yarıtmaz kadr siyasəti, səriştəsiz idarə etmə, qanunların iflic hala salınması ilə hüquq sisteminin funksiyasını itirməsi dövlətin milli təhlükəsizliyini daxildən sarsıdır, onu toplumun təmsilçisi olmaqdan çıxarıb millətə qarşı olan soyğun, cəbr aparatına çevirir. Beləcə, zəifləmiş dövlət nə təhlükəsizlik maraqlarını, nə iqtisadi hədəflərini gerçəkləşdirə bilmir. Belə zəif dövlət xarici maraqlardan asılı hala düşür, hakimiyyətdə olan bir qrupun maraqlarını qorumaq üçün milli mənafeləri qurban verir. Məsələn, iqtidar Avropaya inteqrasiyanı öz hakimiyyət maraqları üçün təhlükə saydığına görə torpaqlarımızı işğal edən Ermənistanı himayə edib silahlandıran Rusiya ilə yaxınlaşmağa üstünlük verir.
Ən nəhayət diqqət etmisinizsə, "niyə ölkənin problemlərini kənara çıxarırsınız,bu milli satqınlıqdır" kimi yanaşmalar iqtidar təmsilçilərinin dilindən tez- tez eşidilir.
Əvvəla ölkə problemlərinin ölkə içində həll olunmasını istəyən iqtidar özündən başqa hamınız əzməyə,sıradan çıxarmağa çalışırsa,ölkədə dialoq, mühüti yoxdursa, rəqiblərə heç bir haqq tanınmırsa bu halda problemlərin kənara çıxmasının səbəbkarı elə hakimiyyət özüdür.
Digər tərəfdən isə iqtidarın bu tezisi müasir,qlobal dünyanını inkişaf trendinə uyğun olmayan, arxaik zehniyyətin uğursuz özünü qoruma cəhdidir. Çünki hazırkı dünyada heç bir normal düşüncə sahibi demokratiya, insan azadlıqları kimi məsələləri hər hansı bir ölkənin daxili işi saymır. O zaman Avropa Şurası qarşısında bu sahədə götürülmüş öhdəliklər, dövlət olaraq qoşulduğumuz konvensiyaların heç bir mənası qalmır. Biz dövlət olaraq bu məslələrin daxili işimiz sayılmadığı öhdəliyinə qol çəkmişik. O zaman iqtidar təmsilçiləri hansı əsasla dövlətimizin beynəlxalq öhdəliklərə əməl etməməsini daxili işimiz, milli marağımız kimi təqdim edirlər? Niyə sifarişli məhkəmədə adamları uydurma ittihamlarla həbs etməyin milli inkişafımıza zərbə vurduğunu tənqid edib represiyaların dayandırılmasını tələb etmək milli satqınlıq sayılmalıdır?. Və ya xalqın olan qalanını oğurlayıb,dövləti korrupsiya alətinə çevirmək, büdcəni talamaq millətə xidmət sayılmalıdır,bu faktları ifşa edib rejimin mahiyyətini dünyaya tanıtmaq dövlətçiliyə zərbə vurmaq hesab olunmalıdır? Hansı məntiqlə seçkiləriu saxtalaşdırıb milli iradəni tapdamaq milli maraq sayılmalıdır, bu saxtakarlığın qarşsını almaq üçün dünya demokratlarını həmrəyliyə çağırmaq xarici dairələrə işləmək hesab olunmalıdır? Nədən azaərbaycan milli burajaziyasını məhv edib, ölkə iqtisadiyyatını xarici dövlətlərdən asılı hala salmaq milli inkişaf, bunu tənqid edib milli sahibkarların haqlarını dilə gətirmək dövlətçiliyə düşmənçilik sayılmalıdır?
Bu sualları artırmaq da olar, ancaq ona görə gərək yoxdur ki, iqtidar özünün anti milli əməllərinə qarşı cəmiyyətdə elə bir ictimmai nifrət və etiraz yaradıb ki, cəmiyyət sadəcə olaraq onun nə dediyini belə dinləmək istəmir. Ona görə də hakimiyyətin öz çirkin əməllərini millətçi masakası altında gizlətmək səyləri cəmiyyət tərəfindənqəbul edimir".