“Ortaya ciddi faktlar qoyulur, cavab vermək əvəzinə təhqir kampaniyası başlayır”
Müsavat partiyasında mübahisələr səngimək, gənclərin də istefası bitmir. Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbaslıdan sonra daha bir üzvü – Tural Mustafa da istefa verib. Onu da bildirək ki, Ə.Abbasdan öncə də 11 partiya üzvü istefa verdikləri barədə bəyanat yaymışdılar.
“Sırada Ellada xanım və Vurğun Əyyubdur”
Başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli bu istefalara görə Qubad Ibadoğlunu günahlandırıb: “Partiyadan gedənlərə görə məsuliyyət Qubad Ibadoğlunun üzərindədir. Seçkinin saxtalaşdırılması iddiası ilə tərəfdarlarını ”mübarizəyə” körüklədi. Münasibətləri o həddə gətirdi ki, artıq özü belə tərəfdarlarının davranışına nəzarət edə bilmir, yaxud nəzarət edə bilirsə, yenə məsuliyyət daşıyır”.
“Arif Hacılının məclisi yeni bir komissiya yaratsa, yerinə düşər, ortaya ciddi faktlar qoyulur, cavab vermək əvəzinə təhqir kampaniyası başlayır” – bunu “Facebook” səhifəsində başqanlığa namizəd olmuş şəxs Səxavət Əlisoy yazıb. Onun sözlərinə görə, Arif Hacılının dəstəsinin durması mümkün deyil: “Gənclərlə işi ”uğurla” bitirə bildilər. Əhsən. Sırada deyəsən, Ellada xanım və Vurğun Əyyub dayanır. Talışxanlı demişkən, növbədə hələ çox ziyalı var. Qırmızı xətt-filan tanımadan ömrünün 20-25 ilini mücadiləyə sərf etmiş insanların üstünə gedirlər. Bu zatlardan biri ilə təsadüfən görüşdük, söhbət əsnasında “yazdıqlarını bir dəfə valideynlərinə göstər, sonra davam et, dedim”. Qayıtdı ki, “qalibləri mühakimə etmirlər, bəy”. Zatən, bu cavabdan savayı bir şey də gözləmirdim. Artıq ox yaydan çıxıb və belə bir durumda Arif Hacılının məclisi dəstənin ən “bərkgedən” təhqirçilərindən və qoluzorlulardan ibarət bir intiqam komissiyası yaratsa, yaxşı olar. Kim bir tənqidi fikir söyləsə, bu komissiya dərhal onu cəzalandırmalıdır. Analitik mərkəzə artıq ehtiyac yoxdur. Bunun əvəzinə intiqam komissiyası yaranmalıdır”.
“Müsavat Partiyasının sələflərinin ruhundan üzr istə”
Əhliman Abbas Müsavat partiyasından istefa verəndən sonra partiyanın funksioneri Səxavət Soltanlı “Facebook” səhifəsində üzr istəyib. Onun üzrhaxlığına səbəb isə Əhliman Abbası Müsavat Gənclər Təşkilatının sədri kimi gənclərə tövsiyə etməyi və bu təklifin sonradan səhv olduğunu başa düşməyidir: “Səhvimi xeyli əvvəl, Əhliman seçildikdən bir qədər sonra görürdüm, son ana qədər çalışırdım ki, düzəlsin, yetişsin və s. Alınmadı. Nə o işləməyi bacardı, nə də mən ona düz yolu izah edə bildim. Buna görə hər birinizdən üzr istəyirəm”.
Müsavat fəalı Sədaqət Paşayeva Səxavət Soltanlının üzrxahlığına “Facebook”da belə cavab verib: “Çox hörmətli, müdrik, uzaqgörən siyasətçi Səxavət Soltanlı, tarixi üzrxahlığına görə sənə ancaq təşəkkür etmək düşür. Ona görə təşəkkür düşür ki, Müsavatın son seçkilərində o qədər mükəmməl seçki kampaniyası apardınız ki, Partiyanın Məclisinə barmaqla sayılan gənc seçildi. Müsavatın gələcəyi olan gəncliyinə bu cür ögey münasibəti sizləri rahatsız etmədimi? Bu qədər hədəfsiz və gələcəyi hesablamayan kampaniyanızla partiyanın siyasi strategiyasını böhrana sürüklədiyiniz üçün daha kimlərdən üzr istəməyi düşünürsünüz? Son seçkilərdən sonra bu qədər gəncin Müsavat Partiyasından istefa verməsi çox böyük rahatsızlıqdır. Düşünürəm ki, bu gənclər sizlərdən fərqli olaraq Müsavat Partiyasının dəyərini çox yaxşı anladıqları, öz siyasi məsuliyyətlərini dərk etdikləri üçün bu addımı atırlar. Bu gənclər Partiyanın inkişafı və genişlənməsində əhəmiyyətli rol oynaya bilmədiklərinə görə daha hansı qaydada etiraz etməli idilər? Məclisin yeni tərkibinə nəzər salsaq görərik ki, bu gənclər Partiya Məclisində iştirak edə bilməyəcəklər. Belə olduğu halda məclisdə partiyanın gənclər siyasəti ilə bağlı hər hansı qərarların qəbul olunmasında, MGT-nin fəaliyyəti ilə bağlı hər hansı problemlərin müzakirə olunmasında gənclərin səsləndirəcəyi fikir və təkliflərin kimlər tərəfindən müzakirə olunacağını düşünürdünüz? Səxavət bəy, yaxşı olar ki, eyni zamanda Müsavat Partiyasında yaranan belə bir böhranlı vəziyyət üçün Müsavat Partiyasının sələflərinin ruhundan üzr istə, onsuz da partiyanın düşdüyü bu ağır vəziyyətindən dolayı tarix bunu heç vaxt bizə bağışlamayacaq”.
Müsavatda silsilə pozuntular
Müsavat Partiyası MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlı partiyada baş verən olaylarla bağlı fikirlərini bölüşüb: “Bir qədər əvvəl Müsavat Partiyasının VIII qurultayında seçilmiş Məclis və MNTK üzvülərinin qeyri-legitimliyi haqqında fikirlərimi mətbuatda açıqlamışdım. Bildirmişdim ki, nizamnaməyə görə Məclis və MNTK-ya seçilmiş şəxslərin səlahiyyəti ya qurultayda təsdiq edilməli, ya da qurultay köhnə Məclisə, Divana və yaxud da yeni seçilmiş başqana belə bir səlahiyyət verməli idi. Lakin qurultayın ikinci günü, yəni həmin orqanlara keçirilən seçkilərin nəticələri elan olunan vaxt toplantıda kvorum olmadığına görə bu səlahiyyətlər təsdiq olunmayıb, qurultayın kvorumla işlədiyi gündə və vaxtlarda isə heç bir orqana və şəxsə belə bir səlahiyyət verilməyib. Partiyanın sonuncu Məclisində artıq qurultaydan başqa heç bir orqanın və ya şəxsin çözə bilməyəcəyi bu problemi həll etməyə, yumşaq desək, uğursuz bir cəhd göstərilib və nəticədə nizamnamə pozuntuları zəncirvari hal alıb. Əvvəla onu deyim ki, nizamnaməyə görə, yeni Məclis sədri seçilənə kimi Məclisin iclasına köhnə Məclis sədri sədrlik etməli idi, lakin hamının bildiyi kimi iclasa sədrliyi yeni başqan elədi. Yeri gəlmişkən xatırlatmaq istəyirəm ki, nizamnaməyə görə başqan, ümumiyyətlə, heç bir halda Məclisin toplantısına sədrlik edə bilməz. Vaxtilə Məclisin ayrıca sədr institutu kimi yaradılması da məhz belə bir məntiqdən irəli gəlmişdi ki, icra strukturu qərarverici orqanın işinə müdaxilə etməsin. Zəncirvari pozuntuların növbəti mərhələsi Məclisdə kvorumun müəyyənləşdirilməsi zamanı baş verib. Sədr elan edib ki, iclasda 75 Məclis üzvündən 50 nəfər iştirak edib. 75 Məclis üzvü deyiləndə kimlər nəzərdə tutulub? Yəqin ki, keçmiş və indiki başqanlar, rayon təşkilatlarının sədrləri, Qadınlar və Gənclər təşkilatlarının sədrləri – yəni köhnə Məclisin yarısı. Düzdür, bu 75 nəfər Məclis üzvü kimi səlahiyyətlidir, ancaq onların qurultayda seçilən yeni Məclis üzvlərinin səlahiyyətlərini təsdiq eləmək dərəcəsində səlahiyyəti yoxdur. Yuxarıda dediyim kimi bu səlahiyyəti Məclisə yalnız qurultay verə bilərdi, özü də Məclisin yarısına yox, tam tərkibinə. Elə isə niyə köhnə Məclisin üzvləri Məclisə çağırılmayıb (görünür, tam tərkibli Məclisdə bu saxtakarlıqları həyata keçirməyin mümkünsüzlüyündən yaranan qorxu hissi)?! Düzdür, qurultay səlahiyyət vermədiyi üçün köhnə Məclis tam tərkibdə də bunu edə bilməzdi. Amma, necə deyərlər, heç olmasa ziyanın yarısı olardı. Boş yerlərin sayının müəyyənləşdirilməsi zamanı baş verənlər isə lap lətifəyə oxşayır. Məsələ burasındadır ki, həmin vaxt Arif Hacılının da, Mirbaba Babayevin də, Isa Qəmbərin də təklifi əslində qəbul olunmuşdu. Birinci təklif qəbul olunandan sonra digər təkliflərin irəli sürülməsi isə sadəcə absurddur. Çünki həmin vaxt iclasda 50 nəfər iştirak edib və səsə qoyulan məsələ Məclisin səlahiyyətlərində olduğuna görə iştirakçıların (ümumi sayın yox!) yarıdan çoxunun səsi ilə qəbul olunur. Son 20 ildə bəlkə də 20 dəfə Məclis və MNTK-ya seçkilər məhz bu cür keçirilib. ”Ümumi sayın yarısında çoxu” prinsipi yalnız Məclis və MNTK üzvlüyünə keçirilən gizli seçkilər vaxtı tətbiq edilir. Beləliklə, qurultayqabağı dövrdən başlayaraq indiyə kimi davam edən pozuntu və saxtakarlıq halları nəinki davam edir, hətta get-gedə bütün sərhədləri aşır. Qəribə burasıdır ki, bu pozuntuları azaltmaq (əsası qurultayda qoyulduğu üçün tam şəkildə qarşısını almaq artıq qurultaysız mümkün deyil, odur ki, birini malalamaq üçün digərinə əl atmaq qaçılmaz zərurətə çevrilib) üçün heç təşəbbüs və cəhd də göstərilmir. Mən elə bilirdim ki, hörmətli Gülağa Aslanlı 90-cı illərin axırlarında partiyanın Yasamal Rayon Təşkilatının konfransında NTK üzvü seçilə bilməyəndən sonra nizamnaməni öyrənməyə cəhd edib. Təəssüf. Amma orda axı nizamnaməni bilən və bu məsələlərdə ekspert rolunu oynayan təcrübəli müsavatçılar var və onların buna göz yummasının səbəbi məlum deyil. Göründüyü kimi, nə səlahiyyətləri təsdiq olunmadığı üçün VIII Qurultayda seçilən Məclis üzvləri, nə də onların da iştirak etdiyi iclasda seçilən Məclis üzvləri legitim deyil. Təbii ki, bir neçə gündən sonra seçəcəyi Məclis sədri də, Divan da, təsdiq edəcəyi müavinlər də legitim olmayacaq ki, bu da çox acı nəticələrə gətirib çıxaracaq. Ən dəhşətlisi də budur ki, heç bir müsavatçının partiya qərarlarını icra eləmək, onlara tabe olmaq kimi bir məsuliyyəti olmayacaq”.
Qubad Ibadoğlunun təklifi qəbul edilib
Müsavat Partiyasının 11 oktyabrda keçirilən Məclis iclasında Mirbaba Babayev yeni Beyin Mərkəzinin yaradılıdığını açıqladı.
Bu formada təklifi başqanlığa keçmiş namizəd Qubad Ibadoğlu irəli sürmüşdü. Bu ideya Ibadoğlunun təkliflər paketinin 2.1-ci bəndində yer alırdı.
Partiya başqanının müavini Gülağa Aslanlı “Qafqazinfo”ya açıqlamasında mərkəzin yaradıldığını təsdiqləyib: “Müsavat Partiyasında adı Beyin, yaxud Analitik Mərkəz olan qurumun yaradılması yalnız bu günün müzakirə mövzusu deyil. Uzun müddət bu məsələ partiyada müzakirə olunub. Qubad bəyin təklifində də o məsələ var. Ona görə böyük ehtimalla bu məsələ öz həllini tapacaq”.
G.Aslanlı qeyd edib ki, Qubad Ibadoğlunun digər təklifləri ilə bağlı müzakirələr aparılması üçün struktur formalaşmalıdır: “Partiyada hələ müavinlər təyin olunmayıb, Divan seçkiləri keçirilməyib, Məclisə seçkilər başa çatmayıb. Təklif olunan məsələlər müzakirədən keçməlidir. Bu isə struktur formalaşdıqdan sonra baş verəcək. Əvvəlcədən nəzərdə tutulan və nəzərdə tutulmayan təkliflər bir-bir müzakirə olunaraq onlarla bağlı qərar veriləcək. Beyin Mərkəzinin nə vaxta tam formalaşacağını dəqiq söyləmək çətin olsa da, hər halda Məclisin növbəti iclaslarından birində bu məsələyə aydınlıq gətirilər”.
Ramin DEKO