Neft Fondundan 10.3 milyard manat transfert edilməsi nəzərdə tutulub
Maliyyə Nazirliyi 2015-ci ilin dövlət büdcəsinin icra proqnozunu verib. Sənəddə gəlirlər 19 mlrd 438 mln manat (ÜDM-in 35,5%-i), xərclər hissəsi 21,1 mlrd manat (35,3%) proqnozlaşdırılır. Dünya bazarında neft ucuzlaşsa da, dövlət büdcəsinin gəlirləri 2014-cü illə müqayisədə 1 mlrd 54 mln manat və ya 5,7%., xərclər 1 mlrd 37 mln manat və ya 5,2% artırılıb.
Büdcə yükü isə yenə də Neft Fondunun üzərinə düşür – 10 mlrd 388 mln manat və ya 53,44%. Vergilər Nazirliyi 7 mlrd 112 mln manat (36,59%), Gömrük Komitəsi 1,59 mlrd manat (8,18%) təmin etməlidir. Dövlət büdcəsinin kəsiri 1 mlrd 662 mln manat proqnozlaşdırılır.
Icmal büdcənin gəlirilər hissəsi 20 mlrd 716,8 mln manat, xərcləri 25 mlrd 911 mln manat olacaq. Icmal büdcənin gəliriləri 2014-cü illə müqayisədə 1 mlrd 269,1 mln manat və ya 5,8% azalacaq, xərclər 1 mlrd 467,1 mln manat və ya 6% artacaq.
Xarici xərclərə 210 milyon
Dövlət və icmal büdcələri üzrə layihələrində 2015-ci ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat, o cümlədən diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 58,4 milyon manat nəzərdə tutulub. Beynəlxalq maliyyə-kredit təşkilatlarındakı ölkəmizə məxsus səhm kapitalının və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20 milyon manat və Azərbaycan Respublikasının digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 132 milyon manat vəsait proqnozlaşdırılıb.
Həmin vəsaitin 100 milyon manatını Azərbaycan tərəfindən xarici ölkələrə verilən kreditlərlə bağlı xərclər, 32 milyon manatını isə digər beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcək.
2015-ci ildə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 60 milyon manat vəsait nəzərdə tutulub.
Elmə cəmi-cümlətanı 142 milyon
Azərbaycanda gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği də maraq doğurur. Ümumi məbləğ 21,8 faiz artırılsa da, bunu elmə qayğı kimi dəyərləndirmək olmaz. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində elm xərclərinə 142 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 21,8 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət təşkilatlarında mövcud olan elmi tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək.
2015-ci il elm xərclərində elmi tədqiqat layihələrinin Elmin Inkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,6 milyon manat, latın qrafikalı kitabların çapı üçün 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və təmiri üçün 2 milyon manat, elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 milyon manat ayrılacaq.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun fəaliyyəti üçün 1 milyon manat vəsait nəzərdə tutulub.
Nemət Əliyev: “Ən böyük yanlışlıq büdcə gəlirlərinin formalaşmasında Neft Fondunun vəsaitlərindən istifadədir”
Iqtisadçı Nemət Əliyev hesab edir ki, gələn ilin büdcəsi ilə bağlı proqnozlar bir daha sübut edir hökumət təmsilçiləri cəmiyyəti aldadır. Hakimiyyətin proqnozlarının özünü doğrultmayacağının indidən məlum olduğunu deyən N.Əliyev bildirdi ki, nəticədə büdcəyə yenidən baxılmaq məcburiyyəti yaranacaq. Çünki dünya bazarında neftin qiymətinin daha da aşağı düşəcəyi bəllidir: “Neftin bazar qiymətinin 90 dolların altına düşməsinə baxmayaraq Azərbaycan bu göstəricini gələn ilin büdcəsində göstərmək niyyətindədir. Bunun isə iqtisadi əsasları yoxdur”.
Təhsil sisteminə ayrılan vəsaitin yenə də infrastruktur layihələrinə ayrılan puldan az olmasına diqqət yönəldən N.Əliyev bildirdi ki, artımlar yenə də investisiya layihələrinə yönəldilib. Azərbaycan hökumətində artıq investisiya layihələrinə külli miqdarda vəsaitin ayrılması vərdişinin yarandığını deyən N.Əliyev bunu təsadüfi saymır. Çünki nə qədər çox vəsait ayrılarsa, bir o qədər çox yeyinti mümkündür: “Büdcənin bu formada qəbulunun təklif olunması bir xarakter məsələsidir. Bu hökumət xalq üçün yaranmayıb. Çünki bu hökumətin hesabatlığı yoxdur, büdcə vəsaitlərini səmərəli xərcləmir. Bütün bunların nəticəsidir ki, ildən-ilə investisiya layihələrinə vəsaitlərin artmasına baxmayaraq səmərəli nəticələr əldə olunmur”.
Büdcədən lobbi fəaliyyəti üçün ayrılan vəsaitlərə gəlincə isə N.Əliyev vurğuladı ki, normal ölkələrdə lobbi fəaliyyətinin maliyyələşməsinə ciddi yanaşılır. Amma ötən müddət ərzində bu sahəyə ayrılan vəsait və görülən işlər sübut edir ki, lobbi fəaliyyəti daha çox siyasi hakimiyyətdə təmsil olunan ailənin maraqlarına xidmət edib. “Azərbaycanın lobbi fəaliyyətinə ayrılan vəsaitlər daha çox hakim ailənin iqtidarının qorunub saxlanması üçün keçirilən tədbirlərə xərclənir. Büdcə vəsaitləri indiyə qədər bu məqsədlər üçün sərf edildiyindən, bundan sonra da bu siyasətin davam etməsini gözləmək olar”, deyə N.Əliyev vurğuladı.
N.Əliyev hesab edir ki, bundan başqa qəbul olunmalı büdcədə ən böyük neqativlərdən biri büdcə gəlirlərinin formalaşmasında Neft Fondunun vəsaitlərindən istifadə olunmasıdır. Bunu yanlış siyasət sayan N.Əliyev bildirdi ki, 2014-cü ilin büdcəsində NF-dən transfertlər 9.3 milyard nəzərdə tutulmuşdusa, növbəti ilin büdcəsində bu göstərici 10.3 milyarddır: “Dövlət büdcəsinin bu formada qəbulu yolverilməzdir. Əslində bu bir daha sübut edir ki, hakimiyyətin qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyi bəyanatların hamısı reallıqdan uzaqdır. Qeyri-neft sektorunda qeyri-sağlam vəziyyət hökm sürdüyündən büdcə gəlirlərinin formalaşdırılmasında çətinlik yaşanır. Nə qədər Neft Fondunun vəsaitlərinə arxayın olacaqlar? Neft Fondundan olan vəsaitlərin büdcəyə ötrülməsini azaltmaq əvəzinə daha da artırırlar”.
Qubad Ibadoğlu: “Hökumət neft gəlirlərini yeməklə məşğuldur”
“2015-ci ilin büdcəsinin açıqlanan parametrləri ilə tanışlıq göstərir ki, hökumətin hələ də aydın və sabit fiksal siyasəti yoxdur və o, neft gəlirlərini yeməklə məşğuldur”, iqtisadçı ekspert Qubad Ibadoğlu belə deyib.ÿ”Media forum” saytının məlumatına görə, Qubad Ibadoğlu 2015-ci ilin büdcə layihəsini bu ilin büdcəsi ilə müqayisə edib: “2014-cü ilin büdcəsi təsdiq olunan zaman açıqlanan ortamüddətli makroiqtisadi proqnozlara görə, növbəti 3 ildə büdcənin xərclərinin hər il orta hesabla 2.36 faiz azaldılması nəzərdə tutulurdu. Lakin gələn il üçün büdcə xərcləri bu illə müqayisədə 5.2 faiz artırılıb. Bunu şərtləndirən başlıca dəyişiklik tikintiyə yönələcək xərclərin 670 milyon manat çoxaldılmasıdır.
Kurs dəyişikliyini təsdiq edən digər fakt Dövlət Neft Fondundan transfertlərdə artımdır. Transfertlər bu il əvvəlki illə müqayisədə 17 faizdən çox azaldılmışdı. Gələn ilin büdcəsində isə bu ilə nisbətən 11.4 faiz artım nəzərdə tutulur.
Bunlar əsasən iki səbəbdən baş verir. Birincisi, investisiya büdcəsinin səmərəliliyi aşağı olduğundan onun ildən ilə artırılmasına baxmayaraq infrastruktur problemləri həllini tapmır. Ikincisi, qeyri-neft sektorunun vergi potensialından istifadə səviyyəsi aşağıdır, xüsusilə də siyasi hakimiyyətin nəzarətində olan iri vergi ödəyiciləri vergidən kütləvi yayınır.
Növbəti ilin büdcə parametrlərinin qiymətləndirilməsi göstərir ki, hökumət yenə də zəruri fiskal qaydalar yaratmadan və hətta olanlara əməl etmədən neft gəlirlərinin sürətli xərclənməsi siyasətini davam etdirmək əzmindədir. ÿ
Gələn il Azərbaycanın dövlət büdcəsindən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Rövşən Ağayev: “Neftin qiymətinin 90 dollar götürülməsi risklidir”
Iqtisadçı ekspert Rövşən Ağayev isə hesab edir ki, gələn ilin büdcəsi kifayət qədər risklidir. Riskin əsasən neftin qiymətinin 90 dollar götürülməsində görən R.Ağayev vurğulayıb ki, neftin qiyməti gələn il üçün 70-80 dollar nəzərdə tutulur: “Nəhayət, hökumət 2015-ci ilin büdcə məlumatlarını açıqladı. Ətraflı təhlil üçün bir az vaxt lazımdı. Amma hətta qaçaraq gözdən keçirərkən riskli bir büdcə olduğu dərhal diqqəti çəkir. Əvvəla, ona görə ki, büdcə hesablamaları üçün neftin qiymətini hökumət 90 dollar götürüb. Halbuki BVF-nun qlobal iqtisadiyyatın yaxın perspektivləri (2014-2016-cı illər) ilə bağlı verdiyi bədbin proqnozlar, Beynəlxalq Energetika Agentliyinin neft bazarında tələbin azalacağı ilə bağlı proqnozları, Irana qarşı sanksiyaların azaldılması, ABŞ-ın neft-qaz idxalından imtina edərək özünün ixracatçı ölkəyə çevrilməsi, neftin qiymətinin azaldılması ilə bağlı ABŞ və Səudiyyə Ərəbistanı arasında sövdələşmənin əldə edilməsinə dair məlumatların dolaşması fonunda neftin qiymətinin 70-80 dollar intervalında qərarlaşacağı ilə bağlı rəylər üstünlük təşkil edir. Ikincisi, neft gəlirlərinin azalma riskinin böyük olduğu bir vaxtda 2014-cü ilə nisbətən 2015-ci il büdcə gəlirləri 1,054 milyard manat (5.7%) artımla proqnozlaşdırılır. Öz növbəsində Neft Fondunun transfertlərinin 1.051 milyard artımı nəzərdə tutulur. Transfertlərin ümumi həcmi 10.388 milyard manat proqnozlaşdırılır”.ÿ
R.Ağayevin sözlərinə görə, bundan başqa hökumət 2014-cü ilə nisbətən 2015-ci ildə qeyri-neft sektoru üzrə daxilolmaların təxminən 500 milyon manat artaçağını proqnozlaşdırır və bu da kifayət qədər probemli görünür. “Gəlirlərə adekvat olaraq xərclərin də artımı nəzərdə tutulur – 1.037 milyard manat və ya 5.2%. Artımların 90%-ə qədəri tikinti (təxminən 670 milyon manat artır), müdafiə (141 milyon manat artır), səhiyyə (52 milyon manat artır). Yerdə qalan xərc istiqamətələri üzrə artım ümumilikdə 174 milyon manat təşkil edəcək”, deyə R.Ağayev vurğulayıb.
Xəyal