Siyavuş Novruzov yenə də «heyət»i səhv saldı
Avropa oyunları ərəfəsi beynəlxalq kampaniyanın güclənməsi, hakimiyyətin tənqid atəşinə tutulması və bəzi təşkilatların Avropa oyunlarını boykot təşəbbüsü ilə çıxış etməsi hakimiyyəti ciddi təşvişə salıb. Amma səslənən ittihamlara qarşı arqument olmadığına görə, bu ittihamların əsassız olduğunu sübut edə bilmədikləri üçün “erməni” arqumenti ilə silahlanmağa davam edirlər.
Bütün suallara “erməni” cavabı vermək öhdəliyi götürmüş, havanın küləkli keçməsini də müxalifətin üzərinə atan Siyavuş Novruzov bu baxımdan “rekord” təzələyib.
Millətimizin vəkili Azərbaycana qarşı kampaniyanı belə şərh edib: “Ilk Avropa Oyunları kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi təbii ki, xarici və daxili düşmənlərimizi narahat edir və buna görə də belə çirkli kampaniyalar aparırlar. Xaricdə bir neçə təşkilat var və bunların tərkibində, idarə heyətlərində ermənilər fəaliyyət göstərir. Onların maliyyə dəstəkləri var və Azərbaycanda da AXCP, Milli Şura adlanan ölü bir qurum, onun ətrafında olan bir neçə qəzet və bir neçə QHT bu proseslərdə bunların yerli nümayəndəsi kimi rol oynayır. Müxtəlif bəyanatlar yayırlar, yalan məlumatlar ötürürlər. Azərbaycan ”Eurovision" mahnı müsabiqəsi kimi böyük bir tədbirə də ev sahibliyi etdi və bütün dünya bunu alqışladı. O zaman da Azərbaycana qarşı eyni kampaniya aparılırdı, ancaq bütün bunlar heç bir nəticə vermədi".
Görəsən, erməniləri ən çox nə sevindirə bilər? Əgər ermənilər bizim düşmənimizdirsə, torpaqlarımızı işğal edibsə, deməli bizim uğursuzluqlarımıza sevinə bilər. Yəni, ölkədə korrupsiyanın olması, iqtisadiyyatın neftdən asılı vəziyyətə salınması, Elmələr Akademiyasının bazara çevrilməsi, abituriyentlərin 65 faizinin 200-dən aşağı bal toplaması, səhiyyə sisteminin məhv edilməsi, vicdanlı insanların şərlənərək həbs edilməsi, bütün sahələrin inhisara alınması, hüquq sisteminin çökməsi, valyutanın qiymətdən düşməsi, vətəndaşın səfil vəziyyətə salınması, erməniləri sevindirir. Bütün bunları isə YAP hakimiyyəti edir. Göründüyü kimi idarə heyətində ermənilərin təmsil olunduğu quruma daha çox YAP hakimiyyəti uyğun gəlir.
Bəs, müxalifət nə istəyir? Müxalifət deyir ki, saxtakarlığa son qoyulsun, qeyri-neft sektoru inkişaf etdirilsin, erməniyə nəfəs verən Rusiyaya yox, Qərbə inteqrasiya kursu seçilsin, siyasi məhbuslar azad edilsin, monapoliyalar aradan qalxsın, müəllimin, həkimin maaşı artırılsın, korrupsiya olmasın və.s
Göründüyü kimi Siyavuş Novruzovun “ölü” adlandırdığı qurum öldürülmüş dəyərləri diriltmək üçün çarpışır. YAP hakimiyyəti isə diri qalan bütün dəyərləri öldürmək qərarı verib. Avropa oyunları öncəsi hakimiyyətin tənqid atəşinə tutulması da, məhz bu dəyərlərin öldürülməsinə etiraz əlamətidir.
Bu yaxınlarda Siyavuş Novruzov Milli Məclisdəki çıxışı zamanı etiraf etdi ki, ölkə vətəndaşları kredit borcunu ödəmək üçün ya narkotika alveri, ya insan alveri, ya da silah alveri ilə məşğul olmalıdır. Bəli, əsrimizin Siyavuşu etriaf etdi ki, hakimiyyət xalqı cinayətkara çevirib və məmurların nəzarətində olan banklar vətəndaşı aclıqla təhdid edir. Bu boyda etirafdan sonra müxalifəti “ermənipərəst” adlandırmaq, sadəcə biabırçılıqdır.
Amma Siyavuş Novruzov bir məsələdə haqlıdır. O bildirir ki, “Eurovision” ərəfəsində də belə kampaniya oldu və nəticə əldə edə bilmədilər.
Doğurdan da o vaxtdan bugünə qədər hakimiyyətə demokratiyanı, insan haqlarını, vətəndaşa hörməti, korrupsiyadan imtinanı öyrətmək mümkün olmadı. Zaman irəli getdikcə, YAP hakimiyyətə orta əsrələrə qayıtdı.
Müxtəsər, Siyavuş Novruzov “erməni” arqumentindən bərk yapışdıqca, YAP-ın erməniləri sevindirən siyasət yürütdüyünü də aydınlaşdırmış olur.
Azad