“Bakının “Məhsul” stadionunda mitinq etməyin nə faydası var?!” deyənlərin günü idi dünən. Onlara cavab hakimiyyətdən gəldi. Bəlli oldu ki, bizim şanlı hakimiyyət çoxunun ciddiyə almadığı bu mitinqlərdən narahatlığını gizlədə bilmir. Dildə bu aksiyaların əhəmiyyətsiz və təsirsiz olduğunu, buraya cəmi 1000 adamın yığışdığını deyənlər “Məhsul” stadionuna təyin olunmuş mitinqə qarşı bir-birinin ardınca müxtəlif təxribatlar təşkil etdilər.
Ilk olaraq, mitinqə icazə verilmədiyi barədə saxta rəsmi sənəd yaydılar!
Daha sonra, mitinqi təyin edən Milli Şuranın sədri Cəmil Həsənlinin Facebook profilini ələ keçirərək onun adından aksiya barədə yalan məlumatlar yaymağa başladılar. Guya Cəmil bəy mitinqə gələnlərin döyüləcəyini və həbs olunacağını bəyan edirdi. Bir sözlə, onun adı ilə mitinqə gəlməməyi xahiş edirdilər.
Etiraf idi bütün bunlar. Birincisi, aksiyadan narahatdırlar. Bizim gözlədiyimizdən də çox adamın meydana çıxacağından qorxurlar, çünki bu xalqa elədikləri zülmün miqyasını yaxşı bilirlər. Ikincisi, etiraf edirlər ki, indiyəcən mitinqə gələnləri döyüb, həbs ediblər, yenə də bunu edə bilərlər. Üçüncüsü, öz adlarından edilən çağırışlar keçmədiyi üçün Cəmil Həsənlinin adına sığındılar…
Bir daha qeyd edim ki, Azərbaycanın siyasi həyatının maraqlı günlərindən biri idi dünən. “Siyasi mübarizənin faydası yoxdur” söyləyənlər bu günü unutmalı deyillər. Deməli, hətta qapalı, kiçik stadionda xalq öz sözünü deyə bilər və bu, cəmiyyətin hakimiyyətə iradəsini bəyan etməsi üçün misilsiz şansdır.
“Məhsul” stadionuna kənardan ironiya da eləmək mümkündür, Azadlıq meydanı ilə müqayisə edib ona gülmək də olar, amma yenə də gördük ki, hakimiyyət hətta o balaca və qapalı meydanın dolmasından əndişələnir.
Mitinqlərdə fayda axtaranlar bir daha inanmalıdırlar ki, dinc siyasi aksiyaların güclü təsiri cəmiyyətin özündən asılıdıır. Bunun üçün daha çox adamın aksiyaya qatılması gərəkdir. Hakimiyyətdəkilər də bundan qorxur və qarşısını almaq üçün cılız təxribatlara əl atırlar.
“Məhsul” stadionu doğrudan da Azadlıq meydanı deyil, həqiqətən də qapalı və dar məkandır. Amma gəlin biz oranı ağzınacan dolduraq, hələ ətrafda da bir neçə min adam qalsın, meydan dolduğundan içəri keçə bilməsinlər və o zaman bunun faydası misilsiz olacaq. Fəal narazılığın artmasını göstərən belə aksiya çox güclü mesaj olardı. Həm hakimiyyətə, həm də cəmiyyətə.
Mitinqlərdə artımı və fəallığı görən cəmiyyət dərhal dəyişməyə başlayacaq – ürəklənəcək, örnək götürüb səsini çıxarmağa üstünlük verəcək. Dəyişikliyə ümid artacaq, gələcəyə inam böyüyəcək. Əzilən xalq haqqını istəməyi bacaran bir xalqa çevriləcək.
Dinc mitinqlər təkcə haqları bərpa etməyin yolu deyil, dövləti və müstəqilliyi də qorumağın yoludur. Azərbaycanı qorumaq üçün onun ayıq, oyaq, eyni zamanda ayaq üstə durmağı bacaran toplumu olmalıdır. Buyurun meydana gəlin!
Bilirsiniz ki, mitinq martın 15-ə saat 15-ə təyin edilib, “Məhsul” stadionunda “Talana son!” şüarı ilə keçiriləcək. Aksiya artıq qondarma icazə prosedurandan da keçib, necə deyərlər, şəhər hakimiyyəti ilə razılaşdırılıb. Gəlməməyə səbəb yoxdur. Mitinqin şüarlarından biri də “Siyasi məhbuslara azadlıq!”dır. Gəlin, haqsız həbsə atılanları unutmayaq.