«Ilham Əliyev ötən il üçüncü dəfə prezident olandan sonra müxalifətə, tənqidçilərinə qarşı təzyiqləri gücləndirib»
Dünyanın bir sıra media orqanları “Frans-Press” agentliyinə istinadən Azərbaycandakı repressiyalar, o cümlədən “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri və “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin həbsindən bəhs edən materialı yayımlayıb. “Frans-Press” baş verənləri belə tirajlayıb:
***
Azərbaycanın məşhur jurnalisti və müxalifət funksioneri Seymur Həzi xuliqanlıqda günahlandırılaraq həbs edilib.
Seymur Həzinin vəkili “Frans-Press” agentliyinə açıqlamasında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı “silah və ya silah qismində istifadə olunan əşya vasitəsilə xuliqanlıq” ittihamı irəli sürülüb. Ittihama görə, Seymur Həzi kimisə yaralayıb.
Seymur Həzi Azərbaycanda müxalifyönlü “Azadlıq” qəzetinin əsas əməkdaşlarından biri, həmçinin Türkiyədən yayımlanan tənqidçi “Azərbaycan saatı” proqramının aparıcısı, eləcə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneridir.
Prokurorluğun məlumatında isə bildirilir ki, Seymur Həzi Bakıətrafı qəsəbədə yerli sakini əlindəki butılka ilə yaralayıb.
Lakin Seymur Həzinin vəkili deyir ki, insident jurnalistə qarşı hazırlanmış təxribatın nəticəsidir. Yəni, Seymur Həzi təxribat məqsədilə ona hücum edən şəxs qarşısında özünü müdafiə etmək məcburiyyətində qalıb. Vəkil onu da qeyd edib ki, Seymur ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir.
“Azadlıq” qəzetindən də bildirilib ki, Seymur Həziyə tanımadığı adam hücum edib. Həmçinin qeyd olunub ki, Seymur Həzi yazılarına görə bundan əvvəl də oğurlanıb, işgəncəyə məruz qalıb.
Seymur Həzi barəsində ilkin istintaq dövrü üçün 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Jurnalistə ittiham verilən maddə üzrə onu 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir.
Beynəlxalq hüquq-müdafiə təşkilatları bildirir ki, Qafqazda yerləşən və neftlə zəngin olan Azərbaycanda Ilham Əliyev ötən il üçüncü dəfə prezident olandan sonra müxalifətə, tənqidçilərinə qarşı təzyiqləri gücləndirib. Təkcə keçən ay ölkənin çox tanınmış hüquq müdafiəçilərindən üçü həbs olunub. Bu həbslər beynəlxalq ictimaiyyət tərəfindən pislənib.