Xaliq Bahadır xanbahadir@mail.ru
Çoxdan gözlənilən tutqulardan daha biri baş verdi: Seymur Həzi də tutuldu – birbaşa prezident administrasiyasına bağlı siyasi sifarişlə! Davam edir 37? Yox, çoxları indi belə deyir. Ancaq bu cür deyilməlidir: davam edir heydərizm. 1969-dan özülü qoyulan repressiya – Xalqı əzmə siyasətləri indi SUVERENLIK olanağına, NEFT-QAZ milyardlarına güvənnməklə, Xalqa diz çökdürmə axarında daha böyük amansızlıqla gerçəkləşdirilir.
Seymur Həzi çağdaş Azərbaycan gəncliyinin yetkin, dönməz liderlərindən biri, mən deyərdim, birincisidir. Onu “xuliqanlıq” maddəsi ilə tutuqlayan rejim bir sıra başqa tutuqlama faktlarında olduğu sayaq, indi də “adımı sənə qoyaram…” prinsipinə bağlı davranış sərgiləyir. Seymur bəyin gerçəkdən xuliqan olması, gerçəkdən xuliqanlıq etməsi üçün rejimin onunla qabaqcadan uzun sürə işləməsi gərəkirdi: başqa bir çoxlarıyla etdiyi kimi, rejim onu da öncə çeşidli yollarla ələ almalı, sonra da başındakı Özgürlük, Demokratiya ideyalarını, böyük Azərbaycan sevgisini bir-bir yox etməliydi. Bunlar olmadı. Niyə olmadı?
Adını dəyişib “Milli təhlükəsizlik nazirliyi” qoysa da, bu qurum 1993-dən bu yana ölkədə demokratik müxalifəti, gənclik başda olmaqla demokratik düşüncəli subyektləri izləyib özününküləşdirmə-özgələşdirmə funksiyasını yerinə yetirən KQB yerindədir. Bu isə gerilikçi, korrupsioner-kriminal rejimə bağlı bütöv bir hökumət-dövlət siyasətidir. Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya üstün ideologiyaya, DÖVLƏT SIYASƏTINƏ çevrilən yerdə yalnız bu tip QANUNÇULUQ sərgilənə bilər. Rejimin başlıca sözçülərindən biri olaraq tanınan Əli Həsənov son çağlar PRINSIPIAL ardıcıllıqla baş verən bəlli tutuqlamaları buna görə “ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və siyasi plüralizmə əsaslanan güclü demokratik cəmiyyətin formalaşmasını təmin etməyə” yönəlik QANUNÇULUQ sərgilənməsi adıyla Xalqa sırımağa çalşır. Yurddaş toplumunu, demokratik-qanunçu düşüncəli kimsələri ÇIXDAŞ etməyə yönəlik repressiyalarla rüşvət-korrupsiya içində QANUNÇU dövlət yaradılır.
Diktatura rejiminə bağlı qurumların, bütövlükdə bu rejimin işıqlı-demokratik düşüncə adamlarına düşmən kəsildiyi ölkədə hansı qanunçuluqdan danışmaq olar? Sözsüz, korrupsioner-kriminal rejim qanunçuluğundan! Indiyədək demokratik düşərgədən tutulan kimsələrin, demək olar, hamısına ilkin dönəmdə üç aylıq “həbs-qətimkan tədbiri” seçilirdi. Seymur bəylə bağlı üç aylıq ilkin tutuqlamanı iki aylıq ilkin tutuqlamaya çeviriblər. Bu isə kimlərinsə düşündüyü kimi, “güzəşt” deyil, gözlənilən başlıca məhkəmə qərarını daha da tezləşdirmək istəyidir. Görünür, uğurlu repressiyalardan daha geniş qol-qanad açan diktatura KQB rejimindən beş dəqiqəlik qərarları ilə tanınan NKVD-yə doğru irəliləməkdədir. Olsun, ancaq indi ortada bir çağlar geniş yayılan dünya komunist hərəkatı, buna uyğun güclü ideologiya, bu ideologiyaya bağlı güclü Sovet dövləti kimi faktorlar yoxdur. Indi ortada bütün dünya üzrə demokratiyanın ağır-ağır da olsa yayılması faktı var. Avropa Şurası baxanlığının başında durub diktatura-repressiya başqanı olmaq, ola bilsin, çox əyləncəli görsənişdir, ancaq bu, uğurlu perspektivi olmayan görsənişlərdəndir.
“Əsgər ölümünə son” çağırışına yüklənmiş NIDAçı gəncliyi də, Azərbaycanın Uğurlu gələcəyinə yönəlik ideyaların daşıyıcısı olan min bir Seymur Həzini də tutub türməlik etmək olar, ancaq demoqrafiyası sona varmayan (sona varmayacaq!) bir Ölkəni yolundan döndərmək olmaz! Getdikcə kütləviləşən repressiyalar getdikcə kütləviləşən ÖC-INTIQAM-QISAS görsənişləri doğuracaq. 21-ci yüzildə, naxçıvanlı Ilqar Nəsibovun qana bələnmiş görüntüsünün ansızın bütün dünyaya yayıldığı çağlarda, kütləvi repressiya başçısına çevrilmək olduqca acınacaqlıdır!