Rusiyada maliyyə böhranı sürətlə dərinləşir. Dollar 65 rublun, avro 70 rublun üzərindədir. Bu son hədd deyil, təhlükə daimi olaraq rublun başı üstündədir. Əslində heç rublun daha başı da qalmayıb. Neft qiymətlərinin düşməsi bu təhlükəni daha da artırır. Ötən əsrin 80-ci illərində Sovet Ittifaqını çökdürmək üçün Ronald Reyqana 50-dən çox proyekt verilmişdi. Hamını dinlədi, hamısını bir kənara qoydu. Dedi bu proyektlər nəzəri baxımdan yaxşıdır, lakin praktiki baxımdan perspektivli deyillər. Gedin neftin qiymətini salın.
Sovetlərin çöküşü neft qiymətlərinin düşməsindən keçir. Belə də oldu. Neft qiymətlərini salmaqla o, Sovetlərin axırına çıxdı. Indi məlum ssenari Rusiyanı çökdürür. Təbii sərvətlərlə zəngin olan bir ölkə tədricən xəzinə üstündə oturmuş dilənçilər ölkəsinə bənzəyir. Tək yox, taleyini neftə bağlamış qonşuları ilə birlikdə. Ölkəmiz də o sıraya daxildir. Rusiya ilə dabanqırma böhrana doğru gedirik. 10-dan çox bank iflas astanasındadır. Bəzilərində müştəri xidmətləri dayandırılıb, kart hesabları dondurulub, kredit tranşları bağlanıb. Qarşıdakı həftələrdə iflasın rəsmiləşdirilməsi qaçılmazdır. Bu ancaq neftin qiymətinin düşməsi, neft gəlirlərinin azalması ilə bağlı deyil. Bunun başlıca səbəbi ölkənin maliyyə resurslarından yarıtmaz istifadə, iqtisadi tələblərə əməl edilməməsi və maliyyə qurumlarının preventiv tədbirlərinin yox dərəcəsində olmasıdır.
Son 10-15 ilin pul axını hökumətimizi şişirtmişdi, məmurlarımız tənbəlləşmişdi. Əsas işləri böyük neft pullarını korrupsiya şəbəkəsinə yerləşdirməkdən ibarət idi. Indi pulsuzluqdan həmin şəbəkə də çökür. Manatı saxlamağın xərci kəllə çarxa çıxıb. Maliyyə nazirliyinin heç bir aydın proqnozu yoxdur. Nazirliyin həyata keçirdiyi əsaslandırılmamış ekspermentlər ölkənin maliyyə bazarını ciddi təhlükə ilə üz-üzə qoymuşdur. Manatın növbəti devalvasiyası qaçılmazdır. Parlament seçkilərini indiki kursla yola vermək başlıca strateji hədəfdir. Amma bu özü də şübhə altındadır. Avropadan, Kanadadan, Ərəb dünyasından, hətta uzaq Yaponiyadan əlimyandıda iri kreditlər axtarılması bununla bağlıdır. Hazırda ehtiyac olan 8-9 milyardlıq kreditləri Azərbaycana kim verəcək? Böyük israfçılıq yolu keçmiş ARDNŞ indi elə vəziyyətə düşüb ki, Vergi Nazirliyinə olan borclarını ödəyə bilmir. Avropa oyunlarının şişirdilmiş xərcləri sözün tam mənasında ölkənin xəzinəsini boşaltdı, onun kövrək olan iqtisadiyyatını ciddi təhlükə ilə üzləşdirdi. Ölkənin əsas maliyyə ehtiyatlarına və maliyyə bazarına nəzarət edən Beynəlxalq Bankla(ABB) bağlı ekspermentlər özünü doğrultmadı. Bankın müştərilərinin kütləvi şəkildə “Bandotdelə” aparılması ona beynəlxalq maliyyə birliklərində olan etibarlılığı sıfıra endirdi. Bu immiclə ABB-yə kim kredit verəcək? Neft qiymətlərinin düşməsi fonunda dünya maliyyə bazarına əsas çıxış qapısı olan ABB “Bandotdel” vasitəsi ilə çökdürülməsi təhlükəli meyllər doğurdu. Iş adamlarının DIN vasitəsi ilə dindirilməsi, ABB-dən kredit almış çoxlu sayda biznes dairələrinin “Bandotelə” yığılması qorxunc bir mühit yaratdı. Amma bu anti-konstitusyon tədbirlərin iqtisadi səmərəliliyi olmadı. Dəyənək gücünə biznes dairələrinin hər birindən 5-10 milyon qoparılması vəziyyəti dəyişə bilməzdi. Geniş bir dairə iş adamlarının xaricə çıxışına qadağa qoyulub. “Bandotdelin” oblavası nəticəsində həbs olunmuş iş adamlarının müəssisələri aylarla bağlı qaldı. 15 nəfərə yaxın müəssisə rəhbəri hələ də həbsdədir. Onlar həbsdədirsə deməli müəssisələr də fəaliyyətini dayandırıb, orada çalışıb ailəsinə çörək aparan adamlar işsiz qalıb. Indi başı əlində olan hər kəs biznesini ölkədən çıxarmağa hədəflənib.
Dövlətin nəzarətində olan mətbuat və kütləvi informasiya vasitələri iş adamlarının oğru, quldur, talançı obrazını yaradır. Bu təbliğatın təsirinə düşən sadə adamların işgüzar dairələrin kütləvi həbsinə sevinirlər. Halbuki, iş adamlarının çökdürülməsi, bisnes dairələrinin boğulması bütövlükdə ölkənin iqtisadiyyatını iflasa sürükləyir. Biznes köçəri quş kimi bir şeydir, harada təhlükəsiz yuva qura bilsə, ora köç edəcək. Liberallar iqtisadiyyat onun inkişafının başlıca şərtidir. Amma təəssüf ki, vəd edilən islahatlar söz olaraq qaldı. 2004-cü ildə cənab Ilham Əliyev tərəfindən bilavasitə iş yerləri açmaq üçün ölkəyə dəvət edilən iş adamları, fəaliyyətlərinə təminat alan biznes dairələri nəticə etibarı vəzifəli şəxslərin hücumçu dəstələri tərəfindən mülkiyyətsizləşdirildi, qalanları da bu il DIN-in oblavasına düşdü. Ilkin məlumatlara görə bu ilin birinci yarısında Azərbaycandan yalnız Gürcüstana yarım milyarda yaxın vəsait gedib. Bu maliyyə axını ölkədə işgüzar mühitin təhlükəli həddə çatması ilə bağlıdır. Ilin ikinci yarısında bu maliyyə axının daha böyük olacağı gözlənilir. Ölkə başçısı Ilham Əliyev Azərbaycan xalqını neft və qaz gəlirləri barədə düşünməməyə, bunu ümumiyyətlə, unutmağa çağırdı. Onun sözlərinə görə “biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə, unutmalıyıq…Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları – Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”. Halbuki təxminən 4 həftə əvvəl cənab Əliyev bizim Avropadan deyil, Avropanın bizim neft və qazımızdan asılı olduğunu bəyan etmişdi. Indi Azərbaycan xalqına da nefti unutmaq məsləhət görülür. Yaxşı unutduq. Hanı bəs vəd etdiyiniz inkişaf? “Bandotdel”ə saldığınız iş adamları ilə inkişafa ümid bəsləyirsiniz? Sənaye sahəsi neft üzərində bərqərar olub, həm istehsalı, həm də qiyməti aşağı düşür. Bu şəraitdə hökumətin ilin birinci yarısı üçün ÜDM-da 6 faiz artımını elan etməsi rəqəm oyunudur. Normalda ÜDM enmə ortalama 28-30 faiz arasındadır. 6 faizlik artım mifi manatın devalvasiyasından sonra ÜDM göstəricilərinin bütün dünyada qəbul edilmiş Amerika dolları və Avrodan manata transfer edilməsi ilə bağlıdır. Bu da real inkişaf göstəricilərinə deyil, təbliğatı məqsədlərə, inkişaf haqqında rəqəmsal mif uydurulmasına xidmət edir. Əslində, real göstəricilər necədir? 2014-cü ilin birinci yarısında ÜDM-nin həcmi təxminən 37 milyard dollar ətrafında olub. 2015-ci ilin birinci yarısı üçün bu göstərici 26 milyard dollara düşüb. Göründüyü kimi, ortalama 11 milyard dollar azalma var. Indi bunlar bu azalmanı ört-basdır etmək üçün hansı üsullara əl atırlar? ÜDM məhsulun hesablanmasında dünya standartını kənara qoyub, onu 35 faiz devalvasiyaya uğramış manatla qiymətləndirib 6 faiz inkişaf haqqında rəqəmi alırlar. Bank sektorunun vəziyyəti haqqında yuxarıda dedik. Amma bu son hədd deyil. Avropadan üz döndərib Çinin maliyyə bazarına üz tutmaq elə ilk addımda uğursuzluğa düçar oldu.
Ölkənin tikinti sektoru 30 faizdən çox aşağı düşüb. Ölkənin əmlak bazarında pul dövriyyəsinin həcmi yarıya qədər azalıb. Monopoliya və qanunsuz idxal kənd təsərrüfatını gəlirsiz sahəyə çevirib. Yezid ibn Müaviyyə Fəratın yolun bağladığı kimi ölkənin su hövzələri vəzifəli şəxslərin əlinə keçib. Bir vaxtlar ucu-bucağı görünməyən əkin sahələri susuzluqdan Kərbəla meydanını xatırladır. Son beş ildə regionların sosial-iqtisadı inkişafına 51 milyarda vəsait xərclənsə də, rayon mərkəzlərində tikilmiş Heydər Əliyev mərkəzlərindən başqa ayrı bir şey gözə dəymir. Bu qədər böyük vəsaitdən sonra istisnasız olaraq bütün rayonlar əvvəlki qaydada dotasiyalar hesabına yaşayır. Budur inkişaf? Hər bir siyasi sistem iqtisadi dayaqlar üzərində dayanmalıdır. Bu rejim özünün iqtisadi dayaqlarını öz əli ilə çökdürüb. Ona görə də iqtisadiyyatdan əlini üzən hakimiyyət bütün məsələləri hüquq mühafizə orqanları müstəvisinə keçirib.