«Cəmiyyət azad medianı itirir, bu isə böyük itkidir»
Mehman Əliyev: «Hakimiyyət cəmiyyətdə narazılığın artacağından, etirazların çoxalacağından ciddi narahatdır»
Bütün avtoritar rejimlər kimi Azərbaycan hakimiyyəti də atdığı addımlarla islah olunmazlığını sübut edir. Cəmiyyətdə, xüsusilə də beynəlxalq arenada böyük təpkiyə səbəb olan repressiya siyasəti, insan haqqları və demokratik dəyərlərin pozulması davam edir. Bu siyasətlə bir növ parlament seçkilərinə hazırlaşan hakimiyyət bir daha əməlləri ilə bəyan edir ki, seçki prosesi əvvəlki “ənənələrə” uyğun keçiriləcək. Həmsöhbətimiz “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevdir. M.Əliyevlə müsahibəmizə hakimiyyətin bu siyasəti ölkə üçün nə vəd edir sualı ilə başladıq:
– Hakimiyyətin bu cür davranışlarının bir neçə səbəbi var. Birinci onu vurğulamaq yerinə düşər ki, qarşıdan parlament seçkiləri gəlir. Ən mühüm məsələ isə odur ki, Azərbaycan çox ciddi və dərin iqtisadi böhrana girib. Bu Azərbaycanda çox güclü sosial gərginliyə gətirib çıxarır. Ona görə hakimiyyətin cəmiyyətə, mətbuata, ictimaiyyət xadimlərinə qarşı atdığı addımları toplumu qorxutmaq niyyəti kimi qəbul edirəm. Hakimiyyətin qabaqlayıcı addımları daha çox böhran dövrünə hesablanıb. Hakimiyyət ondan narahatdır ki, sosial gərginlikdən çıxış edərək insanlarda narazılıq artacaq, etirazlar çoxalacaq. Bundan başqa qarşıdan 2018-ci il seçkiləri gəlir. Həmin dövrə qədər böhran hələ tam bitməyəcək. Bu çox çətin dövr olacaq. Hakimiyyət ona görə preventiv addımlar atır.
“Bu seçkilər də formal xarakter daşıyacaq”
– Parlament seçkiləri mövzusuna toxundunuz. Bir neçə ay sonra seçkilər keçirilsə də, seçki ab-havası duyulmur…
– Bu seçkilərə nə hakimiyyət, nə də müxalifət ciddi hazırlaşır. Seçki əhval-ruhiyyəsi yaradılmır, bu istiqamətdə heç bir müzakirə aparılmır. Vətəndaşlar da əvvəlki seçki təcrübəsindən çıxış edərək bu seçkilərin nəsə gətirə biləcəyinə inanmır. Hamı artıq razılaşır ki, bu seçkilər də formal xarakter daşıyacaq. Parlament növbəti dəfə siyahı ilə formalaşacaq. Amma onu da nəzərə almaq lazımdır ki, parlamentin ölkənin siyasi həyatındakı rolu da zəifdir. Son illər daha qabarıq formada görünür ki, parlament icra hakimiyyətinin bir qanadına çevrilib. Deputatların fəaliyyətinə baxanda onların hər hansı bir sosial-iqtisadi təsirlərini görmürsən.
– Əvvəlki seçkilərdə beynəxlaq təşkilatların Azərbaycana diqqəti indikindən fərqlənirdi. Hazırda bu diqqət olduqca böyükdür. Fərqli münasibət nədən qaynaqlanır?
– Seçkilər zamanı Azərbaycana beynəlxalq diqqət həmişə olub. Sadəcə olaraq bu dəfə beynəlxalq aləmdə də seçkiylə bağlı heç bir gözlənti yoxdur. Beynəlxalq təşkilatlar artıq Azərbaycanda seçki keçirilməsi məsələsini ortaya qoymur. Çünki bunu lüzumsuz olduğunu başa düşürlər. Beynəlxalq aləm Azərbaycandakı böhranın hansı fəsadlar yarada biləcəyini görürlər və onlar da prosesləri gərginləşdirmək marağında deyillər.
“Hakimiyyətin nümənəsindən digərləri də istifadə edir”
– Jurnalistlərə qarşı olan təzyiqlər, ölkədəki mühit, həmkarımız Rasim Əliyevin həyatı bahasına başa gəldi. Bu cür mühit hansı fəsadlar yarada bilər?
– Baş verənlərə görə ilk növbərə ali icra orqanı məsuliyyət daşıyır. Çünki media, siyasi partiyalar, vətəndaş cəmiyyəti ilə bağlı üst səviyyədə aparılan siyasət nümunə şəkilində aşağılara sirayət edir. Ona görə bu tip özbaşınalıq, mətbuata qarşı münasibət, “kimi istəyirəm əzirəm, kimi istəyirəm boğuram” siyasəti digərləri tərəfindən də reallaşdırılır. Bir balaca imkanı olanlar düşünür ki, mən də bu hakimiyyətin tərkib hissəsiyəm, mənim də müəyyən haqlarım var və mən də bu cür davrana bilərəm. Biz artıq yürüdülən siyasətin fəsadlarını görürük. Yerli telekanallara baxsaq, görərik ki, onlar artıq həqiqəti çatdıran vasitələr deyil. Insanlar bu gün bu kütləvi informasiya vasitələrindən həqiqəti əldə edə bilmirlər. Artıq alternativ informasiya sosial şəbəkələrdə, internetdə axtarılır. Azərbaycan cəmiyyəti və hakimiyyəti azad medianı itirir. Bu isə olduqca ciddi itkidir. Gələcəyə baxanda bu üzdən Azərbaycanı ciddi itkilər gözləyir.
“Türkiyə yığılıb qalan problemlərin həll edir”
– Regionumuzda baş verənlər də ciddi müzakirə mövzusudur. Türkiyənin PKK-ya və IŞID-ə qarşı başlatdığı mübarizə hər ötən gün daha da geniş miqyas alır. Türkiyədə terror aktları səngimək bilmir. Baş verənlər Türkiyəyə nə vəd edir?
– Hazırda baş verənlər illərdir yığılan problemin həllinə çalışılmasıdır. Türkiyə illərdir bu problemin həllinə çalışırdı. Türkiyə kürd məsələsini dövlətin daxili işi kimi çözmək istəyirdi. Türkiyə höküməti proseslərin danışıqlar, demokratik müstəvidə həll olunmasını çox istəyib. Amma PKK qüvvələri əvvəlcədən fərqli mövqedə idi. Proseslərin hazırda geniş vüsət alması təsadüfi deyil. IŞID bölgədə ciddi təhdidedici faktora çevrilib. ABŞ və bölgə ölkələri, hətta Rusiya IŞID-in susdurulmasında maraqlıdır. Suriya məsələsinin də həlli hazırda zərurətə çevrilib. Təkcə Rusiya bu məsələdə fərqli yanaşma sərgiləyir. Bu da Rusiyanın iqtisadi maraqları ilə bağlıdır. Rusiya regionda yaranacaq yeni balansda özünə müəyyən imtiyazlar istəyir. ABŞ-ın regionda IŞID-in məhv edilməsinə razılıq verməsi Türkiyənin maraqlarına uyğundur. Bu üzdən Ankaraya bu məsələ ilə bağlı kartblanş verilib.
– Hazırda Türkiyədə baş verən proseslərdə maraqlı və əvvəl olmayan hadisələr baş verib. Türkiyənin Şırnak vilayəti müstəqillik elan etdi. Bu domino effekti verə bilərmi? Hansısa qüvvələr Türkiyənin daxildən zəiflədilməsinə çalışırmı?
– Kürdlərin radikal qanadı ilə mübarizə sona qədər davam edəcək. Silahlı mübarizə tam başa çatdıqdan sonra yeni mübarizə başlyacaq. Amma artıq danışıqlarda kürdlərin siyasi gücü xeyli zəifləyəcək.
– PKK-nın Türkiyədəki hərəkətləri Azərbaycanın da maraqlarına toxundu. Azərbaycana məxsus qaz kəməri partladıldı, vətəndaşlarımız girov götürüldü. Yaranmış durumda Azərbaycan hansı addımları atmalıdır?
– Azərbaycan baş verənlərdən kənarda qala bilməz. Azərbaycan həmişə terrorizmə qarşı mübarizə aparıb. Azərbaycan bu istiqamətdə addımlar atıb, PKK da hədəfdə olub. Ona görə mən düşünürəm ki, Azərbaycan PKK ilə mübarizədə aktivliyini artırmalı və Türkiyəni daha fəal dəstəkləməlidir.
Xəyal