Meydandakı real güc, hakimiyyəti real addımlar atmağa məcbur edər
Hakimiyyətin talançılıq və yalançılıq üzərində qurulmuş siyasətinin zərbəsi xalqı təhdid etməkdədir. Uzun illərdi ağır şərtlər altında yaşamağa məcbur edilmiş vətəndaş, 2015-ci ilin ilk çağından daha ağır məhrumiyyətlərlə üzləşdi.
Milli valyuta dəyərdən düşdü, qiymət artımları start götürdü, işsizliyin səviyyəsi artdı. Ən əsası isə böhranın qapımızın ağızını kəsdirdiyi bir vaxtda, hakimiyət “vəziyyət nəzarətdədir” mesajı ilə xalqı aldatmağa davam etdi. Ölkə vətəndaşını açıq şəkildə aldadaraq uçuruma yuvarladıldı. Belə bir vaxtda Milli Şura “Talana və yalana son” şüarı ilə mitinq keçirdi və minlərlə insanı meydana topladı. Hakimiyyət bu mitinqin alınmaması üçün əlindən gələni etdi. Sosial şəbəkələrdə, hökumətin nəzarətində olan saytlarda mitinq əleyhinə kampaniyalar aparıldı, fəal insanların profilləri oğurlandı və mitinqin vaxtı haqqında yalan informasiyalar yayıldı. Amma bütün bunlara baxmayaraq mitinq yüksək səviyyədə baş tutdu və ölkənin bütün bölgələrindən bu mitinqə pənah gətirdilər. Əslində, hakimiyyətin bu qədər təlaşlı olması, Milli Şuranın düz yolda olduğunu, xalqın maraqlarını ifadə etdiyini göstərdi. Çünki, bu hakimiyyət xalqın maraqlarını, dövlətin imicini düşünələri həmişə hədəf seçib.
Bu ağır şərtlər daxilində Milli Şura öz üzərinə düşəni etdi və bu mitinqin baş tutması üçün çalışan 10-larla mübariz insan vicdan borcunu yerinə yetirmiş oldu. Eyni zamanda mitinqdə iştirak edən 1000-lərlə vətəndaş talançılığa etiraz etdiyini, yalanlara aldanmadığını təsdiqlədi.
Amma talançılıq hələ də davam etdirilir və vətəndaşı daha ağır vəziyyət gözləyir. Ona görə də Milli Şura növbəti mitinqi aprelin 5-nə təyin etdi. Hakimiyyətin təbliğatı da göstərir ki, insanların meydana toplanmasından narahatdır. Çünki, ədalətsizliyə, korrupsiyaya, talançılıq yalnız xalqın kütləvi etirazı son qoya bilər. Məhz buna görə də virtual aləmdə mitinqin dəstəkçisinə çevrilənlər, real aləmdə də öz mövqeyini ifadə etməlidir. Yuxarıda qeyd etdiyimiz kimi mübarizənin önündə olan insanlar bütün çətinliklərə baxmayaraq öz missiyalarını yerinə yetirirlər. Bundan sonrakı mərhələdə söz xalqındır. Bəli, kredit borcunun altında əzilən, ədalətsziliyin qurbanına çevrilən, monopolist məmurlara görə bahalı məhsul almağa məcbur olan, övladına təhsil verə bilməyən, neft milyardlarından məhrum olan vətəndaş, meydana gəlib haqqını tələb etməlidir. Hər bir mitinq iştirakçısı təşkilatçı və təbliğatçı olmalıdır. Axı, bu bahalıq, bu talançılıq yalnız Milli Şura üzvlərinin, fəal müxalifətçilərin qapısını döymür. Bu ümummilli bir bəladır və bu bəlanı birlikdə dəf etməliyik.
Mitinqin təşkilatçıları bütün vasitələrlə təbliğat aparırlar, sosial şəbəkələrdə insanları maarifləndirirlər, vicdanlı ictiami-siyasi xadimlər xalqa çağıırışlar edir, vətəndaşa rela vəziyyəti çatdırırlar. Amma uğurlu nəticə xalqdan asılıdır. Gərək, müdrik xalqımız AzTv-lərin yalan informasiyalarına, hakimiyyət təmsilçilərinin saxta rəqəmlərinə aldanmasınlar. “Talana və yalana son” mitinqinin məqsədi Azərbaycanı Suriyaya çevirmək, iğtişaşlara sürükləmək deyil. Əksinə, Azərbaycanın Suriyaya çevrilməməsi, ölkənin fəlakətə yuvarlanmaması üçün xalq ayağa qalxmalıdı. 100 minlərlə insan hakimiyyətin yarıtmaz siyasətinə “yox” deyə bilsə, hakimiyyət geriyə addım atmağa məcbur olacaq. Nə vaxta qədər taleyimizi 5-10 məmurun maraqlarına qurban verəcəyik, nə vaxta qədər aldanmağa razı olacağıq. Axı biz Afrikanın cəngəlliyində deyil, sərvətlə zəngin Azərbaycanda yaşayırıq.
Unutmayın ki, xalq öz missiyasını yerinə yetirində, hakimiyyətlərin şəxsi maraqlar üzərində qurulmuş missiyası məhv olur. Əgər, hamımız təşkilatçıya çevrilməsək, təqaüdüçüyə 70 qəpiklik “hədiyyə”, xarici futbol komandalarına 70 milyonluq bəxşiş verməyə davam edəcəklər. Əgər, hamımız təşkilatçıya çevrilməsək, nazirlərin nəzarətində olan banklar ən yüksək faizlərlə bizi əzəcək. Əgər, hamımız bu mitinqin təşkilatçısına çevrilməsək, hakimiyyət xalqın biganəliyindən cəsarətlənib, daha da qəddar olacaq.
Ölkəmizə və taleyimizə biganə qalmayaq. Hamımız təşkilatçıya çevrilək ki, bizi fərd olaraq əzə bilməsinlər. 5 aprel mitinqinin uğurlu olması xalqın uğuru, uğursuzluğu isə xalqın uğursuzluğu olacaq. Çünki, məqsəd xalqın dərdinə dərman tapmaqdır. Sağalmaq istəyənlər, dərman axtarışına kömək etməlidir.