«Ramiz Mehdiyev və başqa hakimiyyət təmsilçilərinin səfərləri gərginliyi azaltmağa hesablanıb»
«Hakimiyyət təmsilçiləri Qərbə gedəndə bir, Rusiya və İrana səfər edəndə başqa cür bəyanat verirlər»
Hikmət Hacızadə: «Avropa Azərbaycan hakimiyyətindən azad seçki tələb etdiyindən iqtidar Qərblə yaxınlaşmanı təhlükə sayır»
Xarici işlər naziri Elmar Məmmədyarovun Moskva səfəri ilə bağlı yayılan məlumatlarda qeyd olunur ki, Azərbaycanın baş diplomatı vurğulayıb ki, iki dövlət arasında Qarabağ danışıqlarına dair 6 maddəlik razılıq əldə olunub. Bu razılığın konkret nədən ibarət olduğu barədə isə mətbuatda hər hansı məlumat yoxdur. Müsahibimiz politoloq Hikmət Hacızadə ilə ilk olaraq bu sualla aydınlıq gətirməyə çalışdıq.
– Ən pis halda bu sənəddə Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi məsələsi gündəmə gətirilə bilər. Əgər bu variant keçərli olmasa, bu məsələnin həllində başqa yollar axtarıla bilər. Çünki ermənilər danışıqlar prosesində Qarabağda sülh qarantiyasının verilməsini istəyirlər. Ermənistan dəfələrlə bəyan edib ki, biz torpaqları boşaltdıqdan sonra Azərbaycan fürsətdən yararlanaraq bizə hücum edəcək. Əsas çətinlik məhz bu qarantiyaların verilməsindədir. Bu qarantiyanı dünya sülhməramlıları edə bilər. Əgər bölgəyə rus qoşunları gəlsə, onlar əbədi orada qalmağa çalışacaqlar.
– Bir sual da yaranır ki, bütün vasitəçilər də deyirdi ki, münaqişə tərəfləri öz aralarında razılaşmalıdırlar və biz bu razılığı dəstəkləyəcəyik. Amma bu dəfə bəyanat səslənir ki, Rusiya ilə Azərbaycan arasında razılaşma olub. Sizcə, bu həm də münaqişənin xarakteri ilə bağlı məsələni ortaya qoymurmu?
– Əslində burada yeni bir şey yoxdur. Rusiya öz siyasətini bir daha təsdiqləyir. Qərb diplomatları da səfərlər reallaşdıranda, Qarabağ məsələsini müzakirə edəndə etiraf edirlər ki, hər şey Rusiyadan asılıdır, bizim əlimizdən bir şey gəlmir. Qarabağ münaqişəsini Rusiya başlamışdı və həmişə də Kreml idarə edirdi. Həmişə də Rusiya Azərbaycana açıq formada bəyan edib ki, gəlin mənim qılıncımın altından keçin, ondan sonra Qarabağ problemini həll edəcəm.
“Rusiya Azərbaycandan 128 dəfə güclüdür”
– “Eurovision” yarışması ilə bağlı Elmar Məmmədyarov Moskvada əməlli-başlı hesabat verib. Bəyan edib ki, Azərbaycanın mobil operatorlarından ayrı-ayrılıqda bu qədər səs gəlib. Sizcə, adi yarışma ilə bağlı problemlər xarici işlər nazirləri səviyyəsində həll edilməli məsələlərdimi?
– Bu danışıqlarla məsələ həll olunmur. Xalqımız ruslara səs verməyib. Bu yarışma əslində bir rəy sorğusudur. Xalqların, dövlətlərin bir-birinə münasibətini sərgiləyir. Bu boş şey deyil. Ona görə nazirlər bir-birinə qarışıb. Çünki “Eurovision” rəy sorğusunda Azərbaycan xalqı rus hökumətinə qarşı mövqeyini ortaya qoyub. Səslər o dərəcədə olub ki, hətta Rusiyanın xalı səkkiz, on bala qalxa bilməyib. Rusiya bizi ittiham etməkdən gedib özünü ittiham etsin. Cavab versin ki, neçə ildir nəyə görə Rusiya Azərbaycanı incidir, Qarabağı əlimizdən alıb və geri qaytarmır. Ən əsas məsələ isə, əlbəttə, “20 Yanvar” faciəsinin hələ indiyə qədər açılmamasıdır. Bütün bu məsələləri, Rusiyaya qarşı xalqımızın münasibətini “Eurovision” yarışması göstərdi.
– Bəs Azərbaycan hakimiyyəti niyə əl-ayağa düşüb. “Eurovision”la bağlı həyəcan nədən qaynaqlanır?
– Hakimiyyət sadəcə olaraq Rusiyanı daha da incik salmaq istəmir. Çünki qorxur. Unutmaq lazım deyil ki, Rusiya Azərbaycandan 128 dəfə güclüdür. Azərbaycan hazırda Rusiyanı dünyada biabır etməyə başlayıb. Rusiyanın isə bu məsələyə münasibəti adekvat olmalıdır.
“Azərbaycanın xarici siyasətində qeyri-müəyyənlik davam edir”
– Bildiyiniz kimi, azərbaycanlı alim Xalidə Xalid Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin Irana səfərindən sonra sərbəst buraxılıb. Xalidə Xalid Ramiz Mehdiyevin səfəri ərəfəsində həbs olunmuşdu. Amma Prezident Administrasiyası rəhbərinin Irana səfəri zamanı o azadlığa buraxılmadı. Hər iki şəxs Azərbaycanın məmuru sayılır. Iran belə bir ayrı-seçkiliyi nədən edib?
– Bu, Allahşükür Paşazadənin dini faktorlarla bağlı olması üzündən ola bilər. Digər tərəfdən, bəlkə Ramiz Mehdiyev, ümumiyyətlə, bu məsələni müzakirəyə çıxarmayıb. Digər tərəfdən, Ramiz Mehdiyevin səfəri başqa məqsədlərə xidmət edirdi. Amma Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə məhz alimin azadlığa buraxılması üçün Irana səfər etmişdi.
– Amma bir məsələ də var ki, Ramiz Mehdiyev Rusiyaya səfərə hazırlaşır. Prezident Administrasiyasının rəhbəri əvvəlcə Irana səfər etdi, hazırda isə Rusiyaya səfərə hazırlaşır. Başqa tərəfdən, Azərbaycanın strateqləri Qərbə səfərləri zamanı Iran və Rusiyanı Azərbaycana təhdid kimi dəyərləndirirlər. Azərbaycanın bu cür siyasəti nədən qaynaqlanır?
– Prezident seçkiləri yaxınlaşır, regionda gərginlik artır. Bütün dünya, Qərb, Rusiya, Iran hazırda Azərbaycana təzyiq göstərir. Azərbaycan hakimiyyəti təmsilçiləri reallaşdırdıqları xarici səfərlərlə gərginliyi azaltmağa çalışırlar. Hakimiyyət öz müsbət mövqeyini bu ölkələrə çatdırmaq, özünü qorumaq istəyir. Hakimiyyət təmsilçiləri Qərbə gedəndə bir, Rusiya və Irana səfər edəndə başqa cür bəyanat verirlər. Azərbaycan hamıya onları sevdiyini bəyan edir. Hakimiyyət eyni zamanda bəyanatlarında bəyan edir ki, onları maraqlandıran sadəcə olaraq hakimiyyətin qorxusudur. Azərbaycan hakimiyyətindən tələblərin artmasının səbəbi odur ki, iqtidar üzərinə götürdüyü öhdəlikləri tam formada icra etməyib, dünya miqyaslı korrupsiya skandallarında Azərbaycanın adı daha tez-tez çəkilməyə başlayıb. Azərbaycan nə NATO-ya, nə də Rusiyanın təhlükəsizlik çətiri altına girmək istəyir. Hakimiyyət sadəcə olaraq başını aşağı salıb, xalqından pul yığmaqla məşğuldur.
“Azərbaycan seçim etməlidir, ya NATO, ya da Rusiya”
– Hikmət bəy, bu ilin noyabrında Ukrayna, Ermənistan, Moldova Avropa Birliyi ilə assosasiya sazişinə imza atmağa hazırlaşırlar. Azərbaycan isə bu sazişə imza atmaq istəmir. Rəsmi Bakının bu addımı belə izah olunmağa çalışılır ki, guya Azərbaycan Rusiyadan çəkindiyindən sazişə imza atmır. Amma Ermənistanda Rusiyanın iki hərbi bazası var. Azərbaycanda isə Rusiyanın hərbi bazası yoxdur. Belə olan halda Azərbaycanın addımlarını necə dəyərləndirmək olar?
– Azərbaycan hakimiyyəti anlayır ki, Avropaya yaxınlaşma ona təhlükəlidir. Çünki Avropa Azərbaycandan azad və ədalətli seçkilər tələb edir. Azad seçki isə bu hakimiyyətin sonudur.
– Bəs Azərbaycanın dövlət kimi maraqları bu sazişə gedilməyəcəyi təqdirdə nələri itirəcək?
– Azərbaycan üçün bir dövlət kimi pis olacaq. Çünki nəticədə Azərbaycan bir dövlət kimi inkişafdan qalacaq. Amma rejim üçün yaxşı olacaq. Azərbaycan üçün elm, ticarət, humanitar sahədəki islahatlar reallaşdırılmayacaq. Bütün bunlara baxmayaraq yeni villalar tikiləcək, şou-biznesdə yeni gözəl xanımlar özlərinə sponsor tapa biələcəklər. Bir sözlə, Azərbaycandakı hazırkı avara həyat davam edəcək.
– Azərbaycanın sazişə qoşulmamağı Qarabağ probleminə hansı təsiri göstərə bilər?
– Qarabağ problemi, təəssüflər olsun ki, hələ də Rusiyadan asılıdır. Əgər Rusiya bizim maraqlarımızı qəbul etmirsə, o zaman biz gərək Avropayönümlü kurs tutaq. Yox, biz heç bir seçim etməyəcəyiksə, o zaman Qarabağ ortada hazırkı status-kvo ilə qalacaqdır. Azərbaycan ya gərək NATO-dan yardım istəsin, ya da Rusiyanın dediyini etsin. Rusiya isə Azərbaycanın sərhədlərinə nəzarət etmək, Qərb və Türkiyənin Azərbaycandan çıxmasını istəyir.
– Azərbaycan hakimiyyəti əmindir ki, xalq onun hərəkətlərini təftiş etmir. Etsə də bu ciddi və dərin xarakter daşımır. Geostrateji baxımdan regionumuzda ciddi dəyişikliklər gözlənilir. Söhbət Avropa Birliyinin regionumuzla əlaqələrini daha da dərinləşdirmək niyyətindən gedir. Azərbaycanın bu əməkdaşlıqdan kənarda qalması hansı fəsadlar yarada bilər?
– Bu əməkdaşlığın olmaması xalqa ciddi çətinliklər vəd edir. Xalq həm inkişafdan, həm də ərazilərini geri qaytarmaqdan qalacaq. Rejim isə əvvəlki siyasətini əvvəlki formada davam etdirməyə çalışacaq.
Xəyal