Yarışmanın təşkilatçıları Azərbaycana xəbərdarlıq etdi
“Eurovision-2013″də Rusiyaya verilən səslərin itməsi haqda rəsmi Bakının ittihamlarına Avropa Yayımçılar Birliyi (AYB) cavab verir. AzadlıqRadiosunun məlumatına görə, bu cavabda dövlət başçısı Ilham Əliyevin məsələnin araşdırılması ilə bağlı göstərişinin bir sıra təhlükəli məqamları qeyd olunur.
“Eurovision-2013″ təşkilatçıları belə bir sərəncama Azərbaycandan olan münsiflərin müstəqilliyinə potensial təhlükə kimi baxırlar. Onların fikrincə, Azərbaycanın hansı ölkəyə nə qədər xal verməsini araşdırmaq, ancaq SMSlərin aqibətini deyil, həm də yerli münsiflərin işini də yoxlamaq deməkdir.
“Eurovision-2013″ün rəsmi saytında açıqlanan məlumatda bildirlir ki, son nəticələr yarıbayarı SMS səsvermələri və peşəkar münsiflərin səsləri ilə müəyyən olunur və vurğulanır ki, AYB peşəkar münsiflərin müstəqilliyinin qorunmasını ən vacib məsələ sayır.
Yazıda qeyd olunr ki, Ictimai TV də daxil olmaqla bütün təşkilatçıların əsas vəzifəsi “Eurovision-2013″ mahnı yarışmasının siyasətdən kənar qalmasını təmin etməkdir. Bu fikrin ardınca isə xəbərdarlıq səslənir: ”Peşəkar münsiflərə olan istənilən şəkildə siyasi təzyiq, onların müstəqil işindən hər hansı formada yayındırılması, “Eurovision” Mahnı yarışması qaydalarının pozulmasıdır və müfafiq şəkildə nəzərdən keçiriləcək”.
Azərbaycandan verilən xalların tamamilə doğru olduğunu bildirən AYB-nin “Eurovision” rəhbəri Can Ole Sand deyir ki, Rusiya Azərbaycandan gələn səslərin son nəticələrindən ilk onluğa düşmədi. “Ona görə də Azərbaycandan Rusiyaya heç bir xal hesablanmadı. Bu nəticə notarial qaydada həm səsvermənin keçirilməsinə məsul olan tərəfdaşımız Digame şirkəti, həm də PwC (PricewaterhouseCoopers – red.) şirkətinin müstəqil müşaihdəçiləri tərəfindən təsdiq edildi” – deyə C.O.Sand bildirib.
Norveçin vg.no saytının jurnalistləri ilə söhbətində isə C.O.Sand deyib ki, Azərbaycanın iddialarını ilk dəfə siyasətçilərin bəyanatları haqda xəbərlərdən eşitdi. Onun sözlərinə görə, səsvermənin nəticələri ilə bağlı nə Rusiyanın, nə də Azərbaycanın “Eurovision” nümayəndələyindən onlara müraciət edən olmayıb. Onun sözlərinə görə, məsələnin belə bir yüksək siyasi səviyyəyə qalxması onu təəccübləndirir, səslənən ittihamları isə anlaşılmazlıqdan başqa heç nə ilə izah edə bilmir.
Azərbaycan İTV cəzalandırılacaq?
“Eurovision-2013″ü yayımlayan Azərbaycanın Ictimai Televiziyası üç il müddətinə müsabiqədə iştirak hüququndan məhrum edilə və ya səsvermə saylarını yanlış təqdim etdiyi üçün cərimələnə bilər. ”Turan”ın məlumatına görə, Moskvanın “YUST” hüquq firmasının nümayəndəsi Denis Şumski belə hesab edir.
O, “RIA Novosti”yə açıqlamasında bildirib ki, Azərbaycan səs “əksikliyini” özü üzə çıxarsa da, müsabiqənin nizamnaməsinə görə, sanksiyalar ilk növbədə müsabiqəni yayımlayan teleşirkətə toxunur. “Azərbaycan hakimiyyəti çərşənbə axşamı ən böyük yerli mobil rabitə operatorlarının məlumatlarını elan edib, bu məlumatlara görə, Rusiya Azərbaycandan verilən səs sayına görə ikinci yeri tutub. Lakin səslərin yekun hesablanması zamanı Rusiya Azərbaycandan bir xal belə almayıb.
Formal olaraq müsabiqə iştirakçıları ölkələr deyil, Avropa Yayım Birliyinin üzvü olan teleşirkətlərdir, buna görə bu münaqişənin nəticəsi olaraq, yəqin ki, Azərbaycan tərəfdən müsabiqədə iştirak edən ITV-yə qarşı sanksiya tətbiq olunacaq”, – deyə Denis Şumski vurğulayıb.
Onun sözlərinə görə, səslərin hesablanması zamanı hər-hansı pozuntular müəyyən edilərsə, müsabiqə qaydalarına əsasən, iştirak edən teleşirkətə qarşı növbəti 3 il ərzində müsabiqələrdə iştirakın qadağan edilməsinə qədər sanksiyalar tətbiq edilə bilər. “Həmçinin üzvlük haqqının 5 faizindən 10 faizinə qədər əlavə cərimələr də tətbiq oluna bilər”, – deyə o qeyd edib.
Şumski əlavə edib ki, səsvermə nəticələrinə etirazı AYB-yə müraciətlə başlamaq lazımdır, növbəti addımlar isə ittifaqın cavabından asılı olacaq.
Dina Qaripova müsabiqənin nəticələrindən razıdır
“Eurovision 2013″-də beşinci yeri tutan rusiyalı ifaçı Dina Qaripova müsabiqənin nəticələrindən razıdır və Azərbaycandan ”itən” səslərlə bağlı təhqiqatın nəyə lazım olduğunu anlamır. Bu barədə Trend RIA Novosti-yə istinadən məlumat verir.
Rusiyanın “Eurovision”dakı təmsilçisi Kazanda keçirilən mətbuat konfransında bildirib: “Düzünü desəm, bu təhqiqat nəyə lazım olduğunu anlamıram. Mən müsabiqənin nəticələrindən razıyam. Telefon şəbəkələrində hər hansı problem ola bilər, lakin mən bundan uzağam və bu məsələni şərh etmək mənim üçün çətindir. Əgər onlar həqiqətən səs veriblərsə, bu mənə xoşdur”.