Hakimiyyət akademikə sui-qəsdin qarşısını ala bilərmiş…
Xarici Işlər Nazirliyinə İrandan hansı məktub gəlib?
Bu gün akademik Ziya Bünyadovun qətlinin növbəti ildönümüdür. Akademik 1997-ci ilin məhz bu günündə axşam saat 18.10-da yaşadığı binanın blokunda beş bıçaq zərbəsi və iki güllə ilə qətlə yetirilmişdi… Cinayətin törədilməsindən düz 15 il vaxt keçsə də, təqsirkar qismində ümumilikdə 7 nəfər cinayət məsuliyyətinə cəlb olunsa da, günü bu gün də ictimai rəydə Ziya Bünyadovun ölümünün səbəblərilə bağlı dərin şübhələr var. Yəni, akademikin qətlinin səbəbi kimi, istintaqın və məhkəmənin gəldiyi nəticə şübhə altına alınır.
Qətlin törədilməsindən dərhal sonra – fevralın 22-də Heydər Əliyev televiziyada yayımlanan çıxışında Ziya Bünyadovun öldürülməsini ölkədə sabitliyi pozmağa çalışan daxili və xarici siyasi qüvvələrin işi kimi qiymətləndirdi və hüquq-mühafizə orqanları da ilk gündən prosesi bu istiqamətə yönəltdi. Düz dörd il davam edən istintaq və məhkəmə proseslərindən sonra bu qətl “Hizbullah”ın işidir…
Akademikin qətlində adları hallanan məmurlar
Hərçənd, bu müddətdə Ziya Bünyadovun qətlinin səbəblərilə bağlı müxtəlif versiyalar səsləndi, hakimiyyətin yuxarı eşelonunda təmsil olunan şəxslərin adları hallandı. Bu da səbəbsiz deyildi. Keçmiş spiker Rəsul Quliyevin istefasından sonra bu posta Murtuz Ələsgərovun gətirilməsi məsələsinə akademikin reaksiyası qətlin sifarişçisi kimi Ələsgərov və yaxın qohumlarının adının hallanmasına rəvac vermişdi. Ələsgərovun spiker postuna gətirilməsi məsələsinə isə akademikin münasibəti belə olmuşdu: “Əgər Murtuz Ələsgərov parlamentə sədr olacaqsa, onda kül mənim başıma…”.
Bir illik deputatlığı zamanı Ziya Bünyadovun Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı mübarizəyə qalxması onun ölümüylə bağlı başqa bir versiyanın nəzərdən keçirilməsi zərurətini yaradırdı. Qeyd edək ki, Ziya Bünyadov Milli Məclisin iclasında Müdafiə Nazirliyindəki yeyintilərlə bağlı faktları açıqlamış və sənədlərin Ali Baş Komandana təqdim olunması qərara alınmışdı. Bundan başqa, Ziya Bünyadov Müdafiə Nazirliyinin rəhbərliyində hərbçinin deyil, mülki şəxsin təmsil olunmasının tərəfdarı idi: “Mən nazir yerində ancaq özümü görmək istərdim. Dünyanın çox yerində müdafiə naziri mülki adamdır. Bizdə niyə hərbçi olsun? Nə səviyyə var, nə də idarəçilik bacarığı…”.
Ziya Bünyadovu niyə günahlandırırdılar?
Ziya Bünyadovun qətlinin düz dörd ili tamam olan gün – 21 fevral 2001-ci ildə bu ölüm işi üzrə hökm elan olundu. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmədə hakimlər Ənvər Seyidov (sədr), Sədrəddin Hacıyev və Tofiq Paşayevdən ibarət tərkibin imzaladığı hökmə əsasən, iki nəfər ömürlük, daha beşi isə 10-14 il arası azadlıqdan məhrum edildi. Yeri gəlmişkən, ömürlük həbs cəzası alanlardan biri – Nizami Nağıyev Abşeron rayonunun keçmiş icra başçısı Adil Nağıyevin oğludur. Adil Nağıyev oğlunun həbsindən bir həftə sonra vəzifəsindən uzaqlaşdırıldı…
Bu cinayət işi üzrə iki nəfər – Cavanşir Aslanov və Tariyev Ramazanov hələ də axtarışda hesab olunur. Qətlin əsas icraçısı kimi təqdim olunan Qalib Babayev isə Azərbaycan-Iran sərhədində öldürülüb.
Iş materiallarından belə qənaətə gəlmək olar ki, bu, Azərbaycanda mobil telefonlar danışıqlarının araşdırılması nəticəsində açılan ilk cinayət işlərindən biridir. Hadisə zamanı istifadə olunan mobil telefon nömrəsi hüquq-mühafizə orqanlarının maraq dairəsinə düşəndən sonra akademikin qətlində təqsirli bilinən, o cümlədən hazırda axtarışda olan şəxslər Irana keçmək istəyərkən sərhədçilərlə atışma olub. Nəticədə sərhəddəki əsgərlərdən biri yaralanıb, Qalib Babayev isə aldığı güllə yarasından dünyasını dəyişib.
Iş materiallarına görə, Ziya Bünyadova bıçaq zərbələrini Nizami Nağıyev endirib, atəşi açan isə Qalib Babayev olub…
Akademikin “Hizbullah”ın hədəfinə düşməsinin səbəbinə gəlincə, cinayət işinin materiallarında, həmçinin hökmdə göstərilib ki, guya, Ziya Bünyadov “Alban tarixi” kitabına yazdığı ön sözdə Islam dini və Peyğəmbəri təhqir edib… Bu səbəbdən də Iran müştehidləri onun ölümünə fətva veriblər…
Akademikin qətlilə bağlı hökumətə xəbərdarlıq
Yuxarıda qeyd etdiyimiz kimi, Ziya Bünyadovun məhz bu motivlə qətlə yetirildiyinə şübhə ilə yanaşanlar indinin özündə də kifayət qədər çoxdur. Amma bu versiyanı gerçəklik kimi qəbul etsək belə, yenə də bu qətlin məsuliyyəti birbaşa Azərbaycan hökumətinin üzərinə düşür. Bunu biz yox, iş materiallarındakı ifadələr deyir. O ifadələrdən belə anlaşılır ki, Azərbaycan hökuməti Ziya Bünyadova qarşı təhlükədən xəbərdar olsa da, cinayətin qarşısını almaq üçün lazımi addımları atmayıb. Buna sübut kimi, Azərbaycanın Irandakı keçmiş səfiri Əlyar Səfərlinin ifadəsini göstərmək olar. O, ifadəsində göstərib ki, hadisədən təxminən il yarım əvvəl onu Iran Milli Məclisinin binasında Xarici Işlər Nazirliyinin və müəyyən idarələrin nümayəndə heyətlərinin yığıncağına dəvət ediblər. Görüşün təşəbbüskarı olan deputat Pur Qurban həmin görüşdə ona Ziya Bünyadovdan şikayətlənib, onun yazdıqlarını Iran əleyhinə təbliğat kimi qiymətləndirib və s. Əlyar Səfərlinin sözlərinə görə, o, akademikin ölümünə fətva verilməsini eşidəndən dərhal sonra baş verənlər barədə Azərbaycan Xarici Işlər Nazirliyinə məktub yazıb. Amma nədənsə, o məktuba əhəmiyyət verən olmayıb…
Qeyd edək ki, Xarici Işlər Nazirliyində olan sözügedən məktub Ziya Bünyadovun qətlilə bağlı cinayət işində də var.
Iki dəfə məhkum olmuş şəxs DIN-in 7-ci idarəsinə necə düşüb?
Bu cinayət işində üstünə işıq salınmalı qaranlıq məqamlar kifayət qədər çoxdur. Məsələn, qətlin icraçısı kimi təqdim olunan Qalib Babayev Daxili Işlər Nazirliyinin 7-ci idarəsinin əməkdaşı olub. Hətta qətldən təxminən bir ay sonra idarənin rəisi Qalib Babayevi yanına çağıraraq, ona deyib ki, “hadisədən əvvəl səni Ziya Bünyadovun evinin yanında görüblər…”.
Yeri gəlmişkən, Ziya Bünyadov qətlə yetirilən ərəfədə akademikin yaşadığı ərazinin sahə müvəkkili olan Elçin Qafarov hadisədən üç gün sonra bir neçə dəfə binanın həndəvərində içində bir-iki nəfər olan qırmızı rəngli avtomobil görüb. Şübhələnən sahə müvəkkili bu barədə akademikin qətli üzrə Baş Prokurorluğun istintaq qrupunun rəhbəri Sabir Rəcəbova və əməliyyat qrupunun üzvü Kamil Sədrəddinova məlumat verib. Bundan sonra o, həmin avtomaşını izləyib və bir gün sürücüyə yaxınlaşaraq, orada nə etdiyini soruşub. Sürücü də öz növbəsində maşının salonundan polis pencəyini götürərək, cibindəki 7-ci idarənin əməkdaşı olduğunu sübut edən vəsiqəni sahə müvəkkilinə təqdim edib. Sonradan DIN-in 7-ci idarəsilə əlaqə saxlayanda məlum olub ki, Qalib Babayev həqiqətən həmin qurumun əməkdaşıdır…
Maraqlıdır ki, əvvəllər iki dəfə məhkumluq həyatı yaşamış, Iranda xüsusi təlimlər keçmiş bir adam necə olub ki, belə bir quruma işə götürülüb?
Onu da qeyd edək ki, yuxarıda adı çəkilən istintaq qrupunun üzvü Kamil Sədrəddinov Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsinin mülkiyyət əleyhinə cinayətlərlə mübarizə şöbəsinin rəisi olub. O, Hacı Məmmədov olaylarında təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.
Yeri gəlmişkən, Hacı Məmmədov özü də Ziya Bünyadovun qətli üzrə əməliyyat-istintaq qrupunun üzvü olub…
Qətldə ittiham olunan şəxsi niyə buraxıblar?
Bundan başqa, hazırda axtarışda olan iki nəfərlə bağlı da kifayət qədər şübhəli məqamlar var. Məsələn, iş materiallarında hazırda axtarışda olan Cavanşir Aslanovun ifadəsinə istinad olunur. Bu isə o deməkdir ki, hüquq-mühafizə orqanları bu şəxsi dindirib, sonradan əldən buraxıblar. Həmçinin axtarışda olan digər şəxs – Tariyel Ramazanovun həyat yoldaşı da ifadəsində bunu təsdiqləyib. Onun sözlərinə görə, Nizami Nağıyev və digərləri həbs olunmamışdan əvvəl Tariyel evə gələrək, Cavanşirin həbs olunduğunu, özünün isə axtarışa verildiyini deyib. Bu səbəbdən də bir müddət başqa mənzildə yaşayıblar…
Qətldə təqsirli bilinənlərin birgə Həcc ziyarəti
Başqa bir maraqlı məqam isə qətldə şübhəli bilinən şəxslərin axtarılmasına dair məxfi məlumatın hansı səbəbdən televiziya vasitəsilə açıq şəkildə elan olunmasıdır. Məsələ burasındadır ki, Tariyel Ramazanov, Cavanşir Aslanov və digərlərinin axtarışda olduğu televiziya vasitəsilə açıqlanıb. Hətta bunu eşidənlər Tariyeldən axtarışda olmasının səbəbini soruşublar. O isə cavabında kiməsə pul borcu olduğuna görə axtarıldığını bildirib.
Beləliklə, sual yaranır ki, həbs olunan Cavanşir Aslanov sonradan niyə buraxılıb? Və yaxud əvvəlcədən xəbərdar etməklə niyə Tariyel Ramazanovun qaçıb gizlənməsinə imkan verilib?
Yeri gəlmişkən, Cavanşir Aslanovla Tariyel Ramazanov qohumdurlar. Cavanşir Tariyelin bacısının kürəkənidir. Onlar ikisi, eləcə də Nizami Nağıyev birlikdə Məkkə şəhərində Həcc ziyarətində olublar…
Rafiq Tağının qətli
Ziya Bünyadovun qətlilə bağlı cinayət işinin materiallarını gözdən keçirəndə istər-istəməz yazıçı-publisist Rafiq Tağının ölümü yada düşür. Axı Rafiq Tağının da öldürülməsinin əsas səbəblərindən söz düşəndə onun Islam dini və Peyğəmbər barəsində yazıları və bunun nəticəsi olaraq, Iran ayətullahlarının verdiyi fətvalar qabardılır. Qətlin motivi kimi, məhz bu versiyanın üzərində dayanmağın nə dərəcədə doğru olub-olmadığı başqa yazının mövzusudur. Hətta bir anlıq Rafiq Tağının da Ziya Bünyadov kimi məhz fətva nəticəsində öldürüldüyünü hesab etsək belə, o zaman ilk növbədə yenə öz hökumətimizin yaxasından yapışmalıyıq ki, niyə bilə-bilə öz vətəndaşlarını ölümdən xilas eləmir?..
Aytən Məmmədova