“Amnesty İnternational” Azərbaycanla bağlı xüsusi açıqlama yaydı
“Hökumət PR kampaniyaya milyonlar xərcələyir, ancaq ölkədə insanların fundamental azadlıqları hələ də tanınmır”
“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı Azərbaycanla bağlı məbuat açıqlaması yayıb. Açıqlamada “bu il “Eurovision” kimi Avropanın mühüm mədəni tədbirinə ev sahibliyi edəcək ölkədə” insan haqlarının nə dərəcədə ağır durumda olduğu təsvir olunur:
Dünya 10 ildir Əliyevin avtoritar hakimiyyətinə etiraz edir
“Eurovison”a ev sahibliyi etmək və qonaqların Bakıya axını Azərbaycanıa olan diqqəti daha da artıracaq. Hökumət PR kampaniyaya bir neçə milyon dollar xərcələyir. Məqsəd ölkənin daha müasir imici haqda təəssürat yaratmaqdır. Doğrudur, bəzi irəliləyişlər var – neftdən gələn pullar hesabına yeni parklar salınır, yollar çəkilir. Lakin bir həqiqət də var: xarici dövlətlər və beynəlxalq təşkilatlar on ildir ki İlham Əliyevin rəhbərliyi altında avtoritar hakimiyyətin möhkəmlənməsinə sərt etiraz edirlər. Ölkədə insanların fundamental azadlıqları hələ də tanınmır.
Əliyev onu tənqid edənləri tez-tez cəzalandırır
“Eurovision” öncəsi Azərbaycanda müsbət dəyişikliklərin, söz azadlığı, sərbəst toplaşmaq hüququnun möhkəmləndirilməsi gözlənilsə də, bu baş verməyib. Media təmsilçiləri özünə senzura tətbiq etməyə məcburdur. Prezident və aparıcı dövlət xadimləri onları tənqid edənləri tez-tez cəzalandırırlar. Dinc anti-hökumət nümayişlərinin keçirilməsinə imkan verilməyib. İcazəsiz aksiyada iştirak edənlər həbs olunublar, onların barəsində cinayət işi açılıb. Polis dinc, lakin rəsmən icazəsiz nümayişləri dağıtmaq üçün həddən artıq gücdən istifadə edir. Hüquq müdafiəçilərinə qarşı hədə-qorxu, demokratiya və insan hüquqları üzrə çalışan qeyri-hökumət təşkilatları qeydiyyata alınmır.
Jurnalistlər döyülür, təzyiqlərə məruz qalır
Müstəqil mediaya basqılar artıb. Xarici radioların tezlikləri əlindən alınıb. Jurnalistlər döyülərək fiziki və mənəvi təzyiqlərə məruz qalıblar. İnternet və sosial şəbəkələrdən istifadə ilə yanaşı, ifadə azadlığı üzərində basqılar artıb. Bloqçular və gənc fəallar təqib olunaraq, saxta ittihamlarla həbs ediliblər. Hökumət hazırda internetdən istifadəyə nəzarət və monitorinqin yollarını axtarır.
Gənc fəal Cabbar Savalanlı azad olunsa da, hazırda ötən ilin mart-aprel aylarında keçirilən dinc aksiyalar zamanı həbs olunan 16 müxalifət fəalı həbsdədir. Hökumətə narazılığını bildriən, insan haqları sahəsində islahatlar tələb edən və hakimiyyəti insanların fundamental hüquqlarına hörmətə çağıranlar həbs olunublar. Onlara dəstək verənlər də oxşar tale ilə üzləşib.
1 ildə “Azadlıq”ın iki əməkdaşı zorakılığa məruz qalıb
İfadə və söz azadlığı daha ağır durumdadır. Jurnalistlərin qanunsuz cəzalandırılması halları baş verir. Müstəqil və müxalif jurnalistlərin fəaliyyət imkanları məhdudlaşdırılıb. Onlara araşdırma və reportajlar hazırlamağa imkan verilmir. Hüquq-mühafizə orqanları bu günə qədər jurnalistlərə qarşı baş vermiş zorakılıq halları ilə bağlı effektiv araşdırılma aparmayıb və heç kim məsuliyyətə cəlb olunmayıb. Son bir ildə “Azadlıq” qəzetinin iki əməkdaşı Seymur Həzi və Ramin Deko fiziki və mənəvi zorakılığa məruz qalıb.
Bakının mərkəzində aksiya keçirməyə qadağa qoyulub
Sərbəst toplaşmaq azadlığı təmin olunmur. Bakının mərkəzi yerlərində dinc aksiya keçirilməsinə şəhər rəhbərliyi rəsmən qadağa qoyub. Bakıda etiraz aksiyaları yalnız şəhər mərkəzindən kənarda, paytaxtla əlaqənin çətin olduğu yerlərdə rəsmi icazə verilir.
İki beynəlxalq təşkilatın – Milli Demokratiya İnstitutu və İnsan Hüquqları Evinin Bakıdaki ofisləri qeydiyyata alınmayıb. Buna müvafiq olaraq həmin təşkilatlar ötən ilin 7 və 10 mart tarxilərində fəaliyyətlərini dayandırmaq məcburiyyətində qaldılar.
Yerli hüquq müdafiəçisi Leyla Yunus hökumətə qarşı sərt mövqedə dayandığı üçün rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun binası şəhər rəhbərliyi tərəfindən dağıdılıb”.
İnformasiya şöbəsi