Prokuror müavini mərhumun valideynlərinə nə dedi, hüquq müdafiəçisi ona niyə etiraz etdi?
Övladının intihar etdiyinə inanmayan valideynlər təkrar ekspertiza tələb edərək, dəfnə icazə vermirdi…
Fevralın 28-də Qazaxdakı N saylı hərbi hissədə müəmmalı şəkildə dünyasını dəyişən (rəsmi məlumata görə, intihar edən) əsgər Seymur Allahverdiyevin nəşi dünən yaşadığı Göyçay rayonunun Kürdəmiş kəndində torpağa tapşırıldı. Mərhumun valideynləri Rusiyada olduğuna və ölüm xəbərini eşidəndən sonra Azərbaycana yollandıqlarına görə dəfn mərasimi təxirə salınmışdı.
Kəndə gedən yollar kəsildi…
Vətənə gecə saatlarında gələn valideynlər Seymur Allahverdiyevin meyitinin ikinci dəfə ekspertizadan keçirilməsini tələb edirdilər.
Bu olay rayonda ciddi narazılıq yaratdığı üçün icra hakimiyyəti də çox narahat idi. Ötən gün ailəyə mənəvi dəstək məqsədilə hüzr yerinə gələn hüquq müdafiəçiləri Vidadi Isgəndərli, Taleh Xasməmmədov, blogger Emin Milli və digər ictimaiyyət nümayəndələri, eləcə də jurnalistlər kəndin girişində saxlanıldı. Polislər gələnlərin qarşısını kəsərək, mərhum əsgərin yaxınlarının onları qəbul etmək istəmədiklərini bildirdilər:
Belə olan halda, Seymur Allahverdiyevin atası Mürvət Allahverdiyev hadisə yerinə gəldi. O bildirdi ki, jurnalistlərin, hüquq müdafiəçilərinin yas yerinə gəlməsini istəmədikləri haqda onların adından yayılan məlumat yalandır.
Həmin vaxt yolu kəsən polislər tez-tez telefonla kimlərləsə danışır, “yuxarı”lardan cavab gözləyirdi. Vaxt getdikcə mühasirəyə alınan yerə kənd camaatı axışmağa başlaydı. Polislər Vidadi Isgəndərlidən hələ cavab gəlməyənə qədər yas yerinə getməməyi xahiş etdi. Bir neçə dəqiqə gözlədikdən sonra asayiş keşikçilərinə zəng gəldi. Zəng edənin Göyçayın icra başçısı Mənsur Məmmədov olduğunu bilən hüquq müdafiəçisi buna etiraz etdi: “O kimdir ki, bizim işimizə qarışır? Icra başçısının funksiyası yas yerinə gələn insanların qarşısını kəsməkdir?”.
Gələnlər daha heç nəyi gözləmədən, əsgərin yaxınlarının köməyilə mühasirəni yararaq, yas yerinə yollandı.
Mərhumun qohumları döyüldü…
Mərhum əsgərin atası Mürvət Allahverdiyev bizimlə söhbətində ekspertizanın nəticəsini gözlədiklərini bildirib: “Məqsədim övladımın nədən və niyə öldürüldüyünü bilməkdi. Evə gəlməyə bir ayı qalmış əsgər niyə intihar etməlidir? Seymuru dəfn etməyə qoymayacağam. Ekspert gəlsin, meyitə baxış keçirsin, sonra torpağa tapşıraq”.
Hökumətyönlü media təmsilçilərindən birinin “bəzi qüvvələr Seymurun ölümündən siyasi məqsədlər üçün istifadə etmək istəyir” fikrinə ata belə cavab verib: “Heç kim heç nədən istifadə etmir. Hər kəs öz işindədir. Bizim tələbimiz budur ki, olaya obyektiv qiymət verilsin”.
Yaxınları Seymurun intihar etdiyinə qətiyyən inanmadıqlarını deyirlər: “Bu heç cür mümkün deyil. Gəlsinlər və bizə desinlər ki, Seymur nədən ölüb. Hətta intihar edibsə belə, bu addımı atmağa onu nə vadar edib? Bu sualların cavabı tapılmayınca, biz onlardan əl çəkən deyilik”.
Günorta saatlarında mərhumun yaxınlarına məlumat verilib ki, Bakıdan ekspert və əsgərin qulluq etdiyi hərbi hissənin də daxil olduğu korpus komandiri Rövşən Əkbərov gəlir.
Bir neçə saat keçəndən sonra yalnız Respublika hərbi prokurorunun müavini Şəfaət Imranov 3 nəfər hərbi geyimli şəxslə birlikdə yas yerinə gəldi. Imranovu müşayiət edənlər arasında icra başçısı Mənsur Məmmədov da vardı. Bundan başqa, yas yerinə bir növ cangüdən kimi gətirilənlər arasında rayonun təhsil ocaqlarında idman müəllimi işləyənlərin də olduğunu öyrəndik.
Gələn qonaqlar ailə ilə danışmaq üçün mərhumun cənazəsi olan otağa getdilər. Söhbətdə iştirak etmək istəyən digər qohumlar isə polisin təzyiqilə üzləşdilər. Mərhum Seymurun əmisi oğlu Əli Allahverdiyev və xalası oğlu Iman Imanov polis zorakılığı ilə üzləşdi. Bu isə yas yerində olanların hiddətinə səbəb oldu.
Ailə ilə danışan vəzifəli şəxslər olayla bağlı istintaq getdiyini və tezliklə hər şeyin aydınlaşacağını bildirdi.
Prokuror müavini məsuliyyəti Müdafiə Nazirliyinin üstünə atdı
Valideynlərlə danışandan sonra həyətdə yas mərasiminə qatılanlardan bir neçəsinin əhatəsində Şəfaət Imranova jurnalistlər əsgərin intihar etdiyinə dair ötən gün yayılan rəsmi məlumatla bağlı sual verdilər. O isə bu haqda heç nə deyə bilməyəcəyini bildirdi: “Gedin, onu Müdafiə Nazirliyindən soruşun, mən nazirliyin işçisi deyiləm. Nə vaxt bir söz desəm, onda mənə sual verərsiniz”.
Bu cavaba etiraz edən Vidadi Isgəndərli faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıldığını hərbi prokurorun müavininin nəzərinə çatdırdı: “Bunu necə başa düşək? Bu maddə ilə də işi ört-basdır edəcəklər. Deyirsiniz ki, istintaq gedir, heç nə deyə bilmərəm. Hələ istintaq gedirsə, niyə bəri başdan əsgərin intihar etdiyi haqda məlumat yayırsız? Bəlkə kimsə döyüb öldürüb, yaxud başqa səbəbdən dünyasını dəyişib?”
Şəfaət Imranov hüquq müdafiəçisinin dediklərinə “qarışıqlıq salmayın” cavabını verdi.
Vidadi Isgəndərli isə bildirdi ki, qarışıqlıq salmır, sadəcə, vətəndaşların haqqının tapdanmamasını tələb edir: “Mən əsgərin qanı üstündə alver etməməyin tərəfdarıyam. Istəmirəm ki, mərhumun bu hala gəlməsinə kimlərsə don geyindirsin”.
Ekspertlər gəlmədi…
Yas yerinə gələn insanların sayı durmadan artırdı. Ailə mənəvi dəstək və başsağlığı vermək üçün yas yerinə gələn rayon camaatı sıxlıqdan bayırda gözləməli olurdu.
Mərhumun yaxınlarının meyitin yenidən ekspertizadan keçirilməsi tələbi yerinə yetirilməsə də, onu dəfn etməyi qərara alıblar. Meyiti bundan artıq saxlamağın mümkün olmadığını, eyni zamanda, yas yerində olan hərbi prokurorun müavini və başqa rəsmilərlə söhbəti nəzərə alan valideynlər övladlarının dəfninə razılıq veriblər.
Seymur Allahverdiyev dünən təxminən 17 radələrində kənd qəbirstanlığında dəfn olunub…
Ramin DEKO