«Bu bandanın üzvləri Ramiz Mehdiyevlə Vaqif Axundovun icazəsi olmadan yanıma gələ bilməzdilər»
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universietinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev iki müraciət yayıb. Onlardan biri Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinə ünvanlanıb. Digər müraciət isə sabiq rektorun yaydığı son video ilə bağlıdır. Hər iki müraciətin bir surəti də “Azadlıq”ın redaksiyasına daxil olub.
“Əlimdəki videoları komitəyə təqdim edəcəm”
Elşad Abdullayev Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinə ünvanladığı müraciətdə bildirir: “Qardaşım, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin Huquqlarının Müdafiə Komitəsinin yaradılması barədə ilkin məlumatlara yaxın dostlarımın vasitəsilə malik idim. Düzünü söyləyim, Azərbaycan gerçəkliklərini nəzərə alaraq bu komitənin yaradılmasına çox da ciddi yanaşmırdım. Lakin KIV-də komitənin yaradılmasını izlədikdən sonra çox məmnun oldum. Bu komitənin yaradılmasını ancaq və ancaq alqışlayıram və orada təmsil olunan insanlara öz dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu komitə həqiqətən də qarşısına qoyduğu məqsədə, nə qədər çətin olsa belə nail olacaq. Mahir Abdullayevin taleyinə aydınlıq gətiriləcək, cinayətkarlar öz cəzalarına çatacaqlar. Mən zərərçəkmiş Abdullayev Elşad Islam oğlu şəxsən bu komitəyə üzv olmaq istəyimi bildirirəm və əlimdə olan bütün mümkün imkanlar vasitəsilə komitəni dəstəkləmək qərarı vermişəm. Komitənin tərkibində yenicə fəaliyətə başlamış ictimai təhqiqat qrupunun daha da effektiv çalışması məqsədilə Mahir Abdullayevlə bağlı videogörüntülərin və başqa rəsmi və qeyri-rəsmi sənədlərin bir qismini bu quruma təqdim etməyə calışacam. Bu komitəni yaratmaqla əyinlərinə qorxmadan ağ kəfən geyinmiş qorxmaz, fədəkar insanlara bu çətin yolda səmimi qəlbdən uğurlar arzulıyıram”.
Son video ilə bağlı təfərrüatlar
Elşad Abdullayev son video ilə bağlı müraciətində isə bəzi təfərrüatları diqqətə çatdırır: “Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun əməkdaşlarının son video görüntüləri bir daha göstərir ki, ölüm eskadronun üzvləri – Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat dövlətin gücündən istifadə edir. Məlumdur ki, Ramiz Mehdiyevin və general Vaqif Axundovun icazəsi olmadan XDMX-nin əməkdaşları heç vaxt mənim yanıma gələ bilməzlər. Onlar özlərini də aşağıdakı kimi təqdim ediblər, mən də hesab edirəm ki, həqiqət belədir:
1. Səftər Kələntərov – XDMX-nin işçisi, əvvəllər MTN əməkdaşı olub. Mənimlə dəfələrlə hərbi formada görüşüb. Naxçıvanın Nehrəm kəndindədir.
2. Natiq – XDMX-nin əməkdaşı, əvvəllər Namiq Abbasovun (sabiq milli təhlükəsizlik naziri) köməkçisi olub. Göyçaylıdır.
3. Sahib – “Kəkilli Sahib” kimi tanınır. MTN-in 7-ci idarəsinin əməkdaşı. Cəlilabadlı.
4. Yasir – Daxili Işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsibnin əməkdaşı, mayor, adam oğurluğunda pul işlərinə baxır. Naxçıvanlı.
5. Şahin – “Şahin Cəllabadski” kimi tanınır, dövlətin “vorzakonu”, “killer”. Cəlilabad şəhər mərkəzində yerləşən orta məktəblə üzbəüz yaşayır.
Bu şəxslərin hamısı qanunsuz silah gəzdirir. Bandanın hazırda həbsdə yatan Arzu Kazımovla əlaqəsi var. Eyni vaxtda bir neçə dəfə mənimlə Mahirin telefon danışıqlarını təşkil ediblər. Bu danışıqlardan sonra mən rəsmi olaraq daxili işlər naziri Ramil Usubova və müavini müavini general Zahid Dünyamalıyevə müraciət etmişəm.
Bundan sonra banda üzvləri uzun müddət yoxa çıxdılar. Onları gördüm deyən olmadı”.
Elşad Abdullayevdə Bəxtiyar Sadıqovun da videosu var
Bu arada “Moderator.az” saytı məlumat yayıb ki, Elşad Abdullayevdə “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun da videosu var. Həmin videoda deputatla Elşad Abdullayev arasında təxminən 40 dəqiqəlik söhbət əks olunub. Söhbət 2005-ci il parlament seçkilərinə təsadüf edir. Danışıqlar zamanı Bəxtiyar Sadıqov bəzi məmurların da adını çəkir. Saytın yazdığına görə, məlumatı verən mənbə deyib ki, “Azərbaycan” qəzetinin digər hakimiyyət mediası kimi Elşad Abdullayevi “vurmaması” da məhz bu amillə bağlıdır. Digər tərəfdən Elşad Abdullayev Binəqədidən deputatlığa namizəd olarkən “Azərbaycan” qəzetinə külli miqdarda pul verib və orada hər gün təşviqat materialları yayılıb.
ABU rektorunun bu videonu yayıb-yaymayacağı bəlli deyil.
Bəxtiyar Sadıqov isə Elşad Abdullayevlə görüşməsi barədə “moderator.az”ın sualına birmənalı cavab verməyib: “Mən nə deyim indi? Elşad Abdullayevlə nə barədə danışmışam? Mən bu barədə hər hansı bir suala cavab vermək istəmirəm. Qoy çəkiliş varsa, onu yaysınlar. Sonra danışmağa hazıram. Həmin çəkilişdəki fikirlərə aid suallarınıza cavab verməyə hazıram”.
Sabiq prokuror istintaqa cəlb edildi
“Aznews.az” saytı isə xəbər yayıb ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işi ilə bağlı yaradılan istintaq qrupu daha bir şəxsi istintaqa cəlb edib. Bu, Binəqədi rayonunun keçmiş prokuroru Mirələkbər Seyidovdur. Seyidov martın 1-də Baş Prokurorluğa dəvət edilərək, üç saat müddətində dindirilib və ölkəni tərk etməməsi barədə iltizam alındıqdan sonra sərbəst buraxılıb.
Bildirilir ki, Mirələkbər Seyidovun istintaqa cəlb edilməsinin səbəbi onun Elşad Abdullayevdən 700 min manat pul almasıdır. Mirələkbər Seyidov Azərbaycan Beynəlxalq Universitetinin sənədlərinin qaydasına salınması, əmlakının özəlləşdirilməsi, həmçinin ABU-ya qeyri-qanuni qəbul və tələbələrin rüşvət müqabilində qiymət alması ilə bağlı prokurorluğa daxil olan şikayətləri həll etmək məqsədi ilə 700 min manat pulu alaraq, mənimsəyib.
Xatırladaq ki, hələ ötən ilin noyabr ayında Ağdaş rayon prokuroru olmuş Mirələkbər Seyidovun (o, Binəqədi rayonundan sonra Ağdaş rayon prokuroru təyin edilmişdi) Elşad Abdullayevlə əlaqələri və qeyri-qanuni əməllərinə görə həbs olunduğu xəbəri yayılmışdı. Lakin Prokurorluq bu məlumatı təkzib etmişdi.Bununla belə, Seyidov Ağdaş rayon prokuroru vəzifəsindən “işdə yol verdiyi nöqsanlara görə” çıxarıdı və qeyri-rəsmi xəbərlərdə bunun səbəbi də onun Elşad Abdullayevdən pul alması kimi göstərildi.