Keçmiş vicdan məhbusları Şahin Həsənli və Vidadi Isgəndərli «zon»dan çıxandan sonra ilk ziyarətləri «Azadlıq» qəzeti oldu
Ilham Əliyevin dekabrın 26-da imzaladığı sərəncamla 79 məhbus cəzanın çəkilməmiş hissəsindən, 4 məhbus islah işlər cəzasından, başqa 4 məhbus isə cərimə cəzasından azad edilsələr də, sərəncam ötən gün icra olundu…
Bundan sonra da korrupsiyaya qarşı…
79 məhbusun arasında vicdan və siyasi məhbuslar vardı. Belə ki, əfv olunan şəxslərdən 13-nün adı Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin siyahısında yer alır. Dünən daha çox siyasi məhbusun “yaşadığı” Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 14 saylı Cəzaçəkmə Müəssisənin (CM) qarşısına toplaşdıq. AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin, hüquq müdafiəçisi Vidadi Isgəndərlinin, jurnalist Anar Bayramlının və bir neçə siyasi məhsbusun “zon”dan çıxan anda şəkillərini çəkmək üçün səhər saat 7-də sözügedən ünvanda idik.
Ancaq onları 6 saat sonra sərbəst buraxdılar. Səbəb isə Ədliyyə Nazirliyinin xətti ilə CM-yə gələn jurnalistlərin gecikməsi idi. AzTV və hökumətin nəzarətində olan bir sıra KIV-lərin əməkdaşları gələndən az sonra məhbusların azadlığa qovuşacaqları gözüyolda qalanlarının narahatçılığını bir az azaltdı.
Biz də Ədliyyə Nazirliyinin əməkdaşlarıyla birgə gələn jurnalistlərin cərgəsinə qoşulub içəri keçdik. Onların məqsədi əfv olunan şəxslərdən ölkə başçısının lehinə bir xəbər toplamaq, bizim məqsədimiz aylarla yolunu gözlədiyimiz insanların üzünü həm tez görmək, həm də yatdığı məkanın şəraitini görmək idi. CM-nin həyətinə daxil olan kimi bütün məhbusların bir yerə toplaşdığını gördük. Onlar əfv olunanlarla sağollaşmaq üçün bir yerdə idi. Kiçik bir otağa giririk. CM-nin rəisi 14 məhbusu bir yerə toplayaraq onları azadlığa çıxması münasibətilə təbrik etdi.
Sonra azadlığa qovuşanlar həyətdə toplaşanlarla vidalaşdı. Vidadi Isgəndərli bu zaman “bundan sonra da korrupsiyaya qarşı mübarizə aparacağam” deyib qələbə işarəsiylə “zon”u tərk etdi. Şahin Həsənli, Vidadi Isgəndərli və Anar Bayramlı ilə azadlıqlarının ilk dəqiqələrində kiçik söhbət etdik.
Azadlıqdan “Azadlıq”a…
Şahin Həsənli və Vidadi Isgəndərli məhbəs həyatından sonra ilk üz tutduqları ünvan “Azadlıq” qəzetinin redaksiyası oldu. Hər iki vicdan məhbusu qəzetin kollektivi ilə görüşərək, həbsdə saxlandığı müddətdə özləriylə yanaşı başqa vicdan məhbuslarını müdafiə etdiyi üçün kollektivə minnətdarlıqlarını ifadə ediblər.
“Azadlıq”ı ziyarətdən sonra hər iki şəxs ailəsini yanına getdi. Biz isə Şahin Həsənlini qarabaqara izlədik. AXCP funksioneri ata evinə baş çəkdi. Anası Ramizə Həsənova oğlunun tezliklə azad olunacağını gözlədiyini bildirdi: “Sonuncu dəfə içəridən mənimlə danışanda dedi ki, bu dəfə yüz faiz azad olunacağam. Mən də hiss edirdim ki, Şahin azadlığa çıxacaq. Əvvəla onun günahı yox idi, ikincisi isə cəzasının bitməsinə üç ay qalmışdı”.
Şahin Həsənli anasından ayrılıb evinə getdi. Onun yolunu səbirsizliklə gözləyən həyat yoldaşı, üç övladı və dostları haqq etdiyi azadlığa qovuşduğu üçün sevincli idilər. Şahin Həsənlinin gəlişindən az sonra onu ziyarətə AXCP sədri Əli Kərimli də gəldi. AXCP sədri haqq-ədalət uğrunda mübarizə aparan insanların zəhmətinin hədər getməyəcəyini vurğuladı. Çox yaxın zamanlarda uğrunda vuruşduqları ideyalara qovuşacaqlarını bildirdi.
Söhbət çay süfrəsi ətrafında davam etdi. Axşam saatlarında isə Şahin Həsənli “Azadlıq” radiosuna, biz isə Vidadi Isgəndərlinin evinə yollandıq. Vidadi Isgəndərli yenə də əvvəlki kimi yüksək ovqatdaydı: “Məni həbs etməmişdilər, girov saxlamışdılar. Ona görə də ”Vidadi əfv edildi” demək düzgün deyil. Mübarizədən bir an geri çəkilməmişəm. Yenə öndə olacam”.
Hüquq müdafiəçisinin evinə gələn dost-tanışın sayı hesabı yox idi. Axşam saatlarında isə Əli Kərimli də Vidadi Isgəndərlini ziyarət etdi. AXCP sədri Vidadi Isgəndərlinin böyük işlər gördüyünü dedi: “Çox adam sizin kimi bacarmır. Buna görə sizə minnətdaram”.
Vidadi Isgəndərli isə həmişəki kimi öz ampluasındadır, onun üçün heç nə dəyişməyib…
Ramin DEKO