Minlərlə insan Bakının mərkəzində repressiyalara son dedi; hakimiyyətin “İŞİD təxribatı” alınmadı FOTO VİDEO
Demokratik Qüvvələrin Milli Şurasının 12 oktyabra planlaşdırdığı “Azad et” mitinqi baş tutdu. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti aksiya üçün “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionunu ayırmışdı.
Saat 15.00-dan 17.00-adək nəzərdə tutulan aksiyanın başlanmasına 15 dəqiqə qalmışa qədər iştirakçılar meydana buraxılmadı. Polislər bunu meydanda təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə izah edirdilər. Sonradan bəlli oldu ki, polislər meydanda bomba “axtarırmış”. Lakin iştirakçılar bu addımı aksiyaya maneə kimi dəyərləndirirdilər. Həmçinin belə məlumatlar dolaşırdı ki, hakimiyyət mitinqdə təxribat törətmək niyyətindədir. Sonradan bu məlumatlar təsdiqini tapdı. Belə ki, mitinq başlayandan sonra meydanda bir neçə nəfər terror təşkilatı “İraq Şam İslam Dövləti”nin (İŞİD) bayrağını qaldırdı. Mitinqin təşkilatçıları dərhal təxribatçıları meydandan çıxardılar. Bu hal bir neçə dəfə təkrar olundu. Polislərin həmin şəxsləri yenidən buraxması onların hakimiyyət tərəfindən mitinqə göndərilən təxribatçılar olduğuna dair şübhələri əsassız olmadığını ortaya qoydu.
Milli Şuranın təşkil etdiyi aksiyaya digər partiyaların nümayəndələri, o cümlədən Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər və təşkilatın yeni rəhbərliyi də qatılmışdı.
Mitinqə Azərbaycan himninin səsləndirilməsilə start verildi. Aksiyanın aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı “Azad et” aksiyasının siyasi məhbuslarının dərhal azad edilməsi tələbilə keçirildiyini bəyan etdi: “Ey millətimin üzü ağ, alnı açıq, başı uca nümayəndələri! Min bir eşqlə, min bir cəfa ilə qurduğun “Azat et” mitinqin qutlu olsun. Bu mitinq sənin səlahiyyətindədir. Onu qurucu babalarımızın qutsal yadigarı olan dövlət himinimiz səsləndirilməsi ilə açıq elan edirik”.
Ə.Qurbanlı hakimiyyətin ötən müddətdə apardığı repressiya siyasətini xatırlatdı və bildirdi ki, bununla cəmiyyəti qorxutmaq, demokratik düşərgəni sıradan çıxarmaq niyyəti güdülürdü. Lakin bu mitinq də təsdiq edir ki, hakimiyyətin bu niyyəti baş tutmayıb. O, Milli Şuranın müxalif gücü qoruyub saxladığını və hakimiyyətin qarşısında alternativ kimi durduğunu vurğuladı.
Daha sonra o, çıxış üçün sözü AXCP sədri Əli Kərimliyə verdi.
Siz siyasi rəqabət qabiliyyətinə malik deyilsiz
AXCP sədri bildirdi ki, 12 oktyabr mitinqinin keçirilməsi zərurətdən doğub. Onun sözlərinə görə, Azərbaycandakı repressiv rejim insanlarda ciddi etiraz doğurur və bu baxımdan həbslərə, təzyiqlərə, təqiblərə baxmayaraq yenə də minlərlə vətəndaş meydana toplaşıb. Əli Kərimli daha sonra hakimiyyətin yürütdüyü siyasətə diqqət çəkdi: “Baxın görün, Azərbaycanda hakimiyyəti qəsb etmiş qüvvələr ölkəni necə idarə edirlər. Öz opponentlərinə qarşı necə rəzil üsullardan istifadə edirlər? Budurmu sizin siyasi rəqabətiniz? Budurmu sizin siyasətinzi? Ölənin nüfuzlu şəxslərinə qarşı böhtan, şantaj əməliyyatı aparılır. Şərlənərək həbs edilir. Onların adına narkoman, xuliqan deyilir. Öz opponentlərinizlə görün necə davranırsınız. Xalq Cəbhəsinı 7 dəfə qərargahdan məhrum ediblər. Axırıncı dəfə qərargahını partladıblar, söküblər, indi heç mülkiyyətçinin pulunu da vermirlər. Bu ilin ərzində Milli Şuranı dörd dəfə toplaşdığı ofislərdən məhrum edirlər. budurmu sizin apardığınız siyasi mübarizə? Siz opponentlərinizi şərlədikcə Azərbaycanın ən ağıllı, ən savadlı insanlarını şərlədikcə öz kimliyinizi ortaya qoyursuz. Bununla da etiraf edirsiz ki, siz siyasi rəqabət qabiliyyətinə malik deyilsiz. Siz xalqdan da, siyasətdən də uzaqsız. Sizin hakimiyyətə gəlməyiniz də, hakimiyyəti zəbt etməyiniz də bir təbii fəlakət kimi təsadüfdür. Siz uzun müddət bu təsadüfün nəticəsində hakimiyyətdə qalmısız, ancaq artıq zaman dəyişir. Azərbaycan xalqı dəyişir, haqqa dayaqdır. Bu xalq sizin layiq olduğunuzu o ünvana göndərəcəkdir”.
Bütün dünya gördü ki, bunlar rəzil xüsusiyyətə malikdirlər
Əli Kərimli əlavə etdi ki, hakimiyyət yürütdüyü siyasətlə istəyinə nail ola bilməyib: “Bu repressiyalarla nəyə nail oldular? Mən bu rejimin baş bilənlərinə, İlham Əliyevə müraciət etmək istəyirəm. Bax, gör, düşün, nəyə nail oldun ki, sən?! Bütün Azərbaycan gördü ki, ömrünün 25 ilini azərbaycanlıların hüquqlarını müdafiə həsr etmiş, bütün dünyanın tanıdığı 60 yaşlı qadına – Leyla Yunusa qarşı siz hansı mənəviyyatsız üsullarla mübarizə aparırsız. Bütün Azərbaycan şahiddir ki, sizin bütün hüquqşünas ordunuzu 100 dəfədən artıq Avropa Məhkəməsində məğlub etmiş İntiqam Əliyevi vəkilsiz qoyursuz, onun müdafiəsinə belə imkan vermirsiz. Görün nə gündəsiz, hansı vəziyyətdəsiz.
Azərbaycan şahiddir ki, bu gün də əyə bilmədiyiniz intellektual, cəsarətli siyasətçisi İlqar Məmmədovu həbsdə də rahat buraxmırsız. Əyə bilmədiyiniz Hacı Mövsümü, Hacı talehi həbsdə də rahat buraxmırsız. Onlara qarşı ən mənəviyyatsız üsullardan istifadə edirsiz. Siz hər cür mədəni rəqabətdən uzaq insanlarsız. Əgər Azərbaycanda sizin seçki saxtakarlığınızı ifşa etmiş Anar Məmmədlini, onun müavini Bəşir Süleymanlını, sadə insanların bir neçə minin tanıdığı bu qeyrətli vətəndaşları həbs etdiniz ki, sizin seçki saxtakarlığınız ifşa olunmasın. Əvəzində nə qazandınız? Onu qazandınız ki, həmin Anar Məmmədlini bütün dünya tanıyır. O artıq Vatslav Havel mükafatı laureatıdır. Bəli, sizin indi seçki saxtakarlığınıza şahidlik edən adam sıradan bir adam deyil. Dünyanın mötəbər saydığı mənbə şahiddir ki, siz seçki saxtakarlığı etmisiz. Siz ölkənin hüquq müdafiəçilərinin hamısını həbs etdiniz ki, siyasi məhbusların vahid siyahısı olmasın. Ancaq sizin düşündüyünüzün əksi baş verdi. Əvvəl düşünüldüyü kimi 12 hüquq müdafiəçisi yox, o vahid siyahını 30 hüquq müdafiəçisi, ekspert təsdiq edib. İndi həmin siyahıdan bütün dünya danışır. Üstəlik də həbs etdiyiniz hüquq müdafiəçiləri də beynəlxalq mükafatların laureatlarıdır. Siz ona nail olmusuz ki, çox cəsarətli, hazırlıqlı siyasətçi Tofiq Yaqublunu, fədakar, mübarəz insan Qurban Məmmədovu, NİDA-çı gəncləri – Rəşadı, Zauru, Rəşadəti, Üzeyiri, İlkini, Öməri, Əbdülü və başqa gənclərimizi, Əvəz Zeynallını, Nemət Pənahlını, inanclı insanları – Hacı Abgül, Hacı Fərəməzi, çoxlu sayda başqa insanları həbsdə saxlaya bilmisiz. Bu gün artıq bütün dünya sizin diktaturanızdan bəhs edir. Azərbaycanı sivil dünyadan təcrid etmisiz. Siz öz kürsünüz naminə Azərbaycana böyük təhlükə yaratmısız.
“Azərbaycan saatı”nın bağlanması üçün Seymur Həzini həbs etdiniz. O yüz minlərlə insana cəsarət verən, dəmir məntiqinin qarşısında əzildiyinizi görüb həbs etdiniz. Natiq Ədilovu susdurmaq üçün qardaşını girov götürdünüz. Azərbaycanın tanınmış 6-7 jurnalisti “Azərbaycan saatı”na aparıcılıq etməyə hazır olduqlarını bildirdilər. Mən indi sizə onun müjdəsini də verə bilərəm. Narahat olmayın, yaxın günlərdə “Azərbaycan saatı” yenidən sizinlə bərabər olacaq.
Bunlar gənc bir insan Pərviz Həşimliyə divan tutdular, şərləyib həbs etdilər, işgəncə verdilər. Kəmalə xanıma işgəncə verdilər. Məcbur edirdilər ki, Əli Kərimliyə böhtan deyin, yalan ifadə verin. Buna nail olmadılar. Ancaq bütün dünya gördü ki, bunlar hamısı rəzil xüsusiyyətə malikdirlər, bunlar öz rəqiblərini şərləməkdən ötrü bütün qeyri-insanı vasitələrə əl atmağa hazır insanlardır”.
Əli Kərimli sonda bildirdi ki, Azərbaycan xalqı sınağa çəkilir və o xalqın bu sınaqdan üzüağ çıxacağına əmindir:
“Əliyevlərin sülalə hakimiyyəti Azərbaycan tarixində layiq olduğu o neqativ qiyməti alacaq. Qara səhifələr kimi Azərbaycan tarixinə düşəcək. Ancaq siz bu gün cəsarətli addımınızla dərs verdiniz. Onlara sübut etdiniz ki, artıq Azərbaycan xalqı onları yaxşı tanıyır. Artıq Azərbaycan xalqı babalardan qalmış bir çox xüsusiyyətlərdən imtina eləyib. Daha bu xalq palaza bürünüb, ellə sürünməyəcək. Daha bu xalq el üçün ağlayan gözlərin kor olmasına imkan verməyəcək. Daha bu xalq zülmlə, zalımla barışmayacaq. Mən sizdə o iradəni görürəm və deyirəm ki, bu uca millət hələ çox-çox başının üzərində o azadlıq və ədalət bayrağının təntənə ilə dalğalandıracaq. Azərbaycanın adını, tarixini, bəşər tarixinə qızl hərflərlə yazacaq”.
Biz istəmirik ki, dünyaya çəpgöz kimi baxaq
Daha sonra Azərbaycan Ziyalılar Hərəkatının sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev söz aldı: “Bizi bura toplaşmağa bizim ağrımız məcbur edib. Cəmiyyətimizin ağrısı, zindanlarda əzab-əziyyət çəkən siyasi məhbuslarımızın ağrısı. Nədir onların günahı? Onların bir günahı var. Onlar dünyaya öz gözləri, öz əqidələri, öz amalları ilə baxmaq istəyirlər. Hakimiyyət istəyir ki, hər şeyə mütləq onun gözü ilə baxılsın. Biz istəmirik ki, dünyaya çəpgöz kimi baxaq. Leyla Yunusun, Tofiq Yaqublunun günaı nə idi? Nə idi Hacı Mövsüm Səmədovun günahı? Nə idi Hacı Abgülün günahı? Mən belə hesab edirəm ki, burada minlərlə insanın minlərlə ürəyi döyünür. O ürəklər azadlıq deyir. Ədalət, haqq deyir. Əzizlərim, Allah sizin o döyünən ürəyinizcə versin”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə bu aksiyada iştirakın vicdan borcu olduğunu dedi və mitinqə qatılanlara təşəkkürünü bildirdi: “Özünüzə vicdan borcu bilərək bu mitinqə gəldiyiniz üçün hər birinizi salamlayır, hər birinizə çox sağ olun deyirəm. Əziz dostlarımıza, vicdan və siyasi məhbuslarımıza həsr olunan bu mitinqdə iştirak etmək doğurdan da hər bir azərbaycanlının vicdan borcudur. Bu insanlar bizlərə görə həbs olunub. Çünki, bu insalar bizim hüquq və azadlıqlarımızı qorumaq üçün məhbəslərdə çürüdülür. Çünki, bu insanlar ölkənin firavan gələcəyini, balalarımızın xoşbəxtliyini istədikləri üçün olmazın işgəncələrə məruz qalırlar. Bu insanlarla birlikdə olmaq hər birimizin vicdan borcudur. Mən buradan hamınızla birlikdə siyasi məhbuslarımıza azadlıq, repressiyalara son tələb edirəm.
Azərbaycan hakimiyyəti Leyla Yunusu həbs edib ona işgəncələr verir. Hər zaman milli mentalitetdən danışan hakimiyyət 60 yaşlı, ağır xəstəlikləri olan bu qadını həbs ediblər. Nədir Leyla Yunusun günahı? Burada hüquq müdafiəçisi İntiqam Əliyevin fotoları var. Bu insan Azərbaycandakı hüquqi düşüncənin inkişafına bəlkə də Bakı Dövlət Universitetinin hüquq fakultəsindən daha çox fayda verən bir insandır. Təpədən dırnağa qədər ziyalı olan bu insanı həbs etmək vicdanın özünü həbs etməkdir. Azərbaycanda hal hazırda 37-ci illərdəki repressiyyalardan da pis repressiyalar baş alıb gedir. Bu hakimiyyət artıq ailəvi həbslərə start verib. Öncə Nigar yaqublu və Tofiq yaqublu nümunəsini gördük, daha sonra Leyla Yunus və Arif Yunus nümunəsini gördük, daha sonra Sirac Kərimli və Fərəc Kərimli nümunəsini gördük. Mən bu insalara azadlıq tələb edirəm”.
Bu aksiya hakimiyyətə göz dağı oldu
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə çıxışında bildirdi: “Buraya toplanmağımız Azərbaycan hakimiyyətinə bir göz dağı oldu. Onlar elə bilirdilər ki, Azərbaycan müxalifəti gücsüz görsənəcək. Siyasi məhbuslar arxasız görsənəcək və bu meydan boş qalacaq. Ancaq sizlər bu qətiyyətlə, bu iradə ilə, ilin-günün bu vaxtı bu meydana toplanmaqla Azərbaycan hakimiyyətinə göz dağı verdiniz və göstərdiniz ki, xalq olaraq öz siyasi məhbuslarımıza sahib çıxmaq iqtidarındayıq. Əslində bizlərin bura toplanması həm də bir o mesajı verir ki, Azərbaycan xalqı olaraq bizim azadlığımız yolunda, bu ölkədə ədalətin bərqərar olması uğrunda öz azadlığından keçən, həbsxanaları seçən insanları sahibsiz buraxmırıq. Bu xalq üçün, bu cəmiyyət üçün mübarizə aparmağına dəyər, azadlıqdan da keçməyinə dəyər. Təki bu ölkədə dəyişiklik olsun. O insanlar heç bir halda unudulmayacaqlar. O insanlar heç bir zaman həbsxanada köməksiz, özlərini tək-tənha hiss etməyəcəklər. Bu həbslərlə hakimiyyət bir xof yaratmağa çalışdı, ancaq alınmadı. Meydandakı bu izdiham, minlərlə insanın siyasi məhbusların müdafiəsi üçün bu meydanıa toplaşması və bu meydanda ifadə olunan o nifrət sədaları Azərbaycan hakimiyyətinə ən yaxşı cavabdır. Avtoritar hakimiyyətlər o zaman çökürlər ki, onların qorxu siyasəti, onların təzyiqləri artıq cəmiyyətdə xof yaratmır. Əksinə nifrət yaradır.
Siyasi məhbuslarımız sındıra bilmədilər və bunlar bizim üçün bir nüminədir. Eşq olsun siyasi məhbuslarımıza”.
Repressiya qarşısında diz çökmədiyinizi bir daha sübut etdiniz
Milli Şuranın üzvü Rövşən Əhmədli bu aksiyanı vətəndaşların istibdad qarşısında diz çökməməsinin nümunəsi kimi qiymətləndirdi: “Başımız üzərində sevimli Azərbaycan bayrağını və siyasi məhbusların şəkillərini qaldıranlar, siz öz işıqlı ürəyinizi başınız üzərində qaldırmısınız və bu repressiya aparatına diz çökmədiyinizi, ayaq üstə olduğunuzu bir daha sübut edirsiniz. Bu xalqın iradəsi 88-ci ildə qırılmadı. 90-cı ildə tanklar qarşısında sinə gərib meydanda dayandılar. Bunlar düşünürlər ki, bu yolu keçmiş millətin dizini əyib, onları zillətə boyun əydirəcəklər, amma yanılırlar. Bu millət azadlıqsevər millətdir və sonuna qədər də azadlığı uğrunda mübarizə aparacaq. Mitinqdə təxribat yaratmaq hələ fərasətli olmaq demək deyil. Azəraycanda heç bir günahı olmayan insanlar saxta ittihamlarla, ştatlı üzəduranlarla və tragikomik məhkəmə gedişatı ilə uzunmüddətli həbslərə atılırlar. Amma bu gün Kürdəxanıda Azərbaycanın azadlıq institutu fəaliyyət göstərir. Azərbaycanın ən işıqlı insanları bugün Kürdəxanıdadır, salam olsun onlara.
Siyasi məfkurəsindən asılı olmayaraq, inanclı inancsız olmasından asılı olmayaraq bu ökənin vətəndaşıdır və bu siyasi məhbusların azadlıq tələbəi ilə çıxış etmək hər bir insanın vicdan borcudur.
Bu gün hakimiyyət inanclı insanları islah etmək üçün həbsə atır. Hacı Abgül, Hacı Mövsüm, Hacı Tale nəinki olduqları islah əmək düşərgəsindəki həqiqi cinayət törətmiş insanları, hətta həmin kalonun müəssisəsində çalışan insanları da islah ediblər”.
Siyasi məhbus Seymur Həzinin atası Məşgül Həziyev hakimiyyəti çirkin əməllərindən çəkinməyə çağırdı: “Əziz həmvətənlərim, bugün Seymur burda yoxdur amma Seymurun əvəzinə mən burdayam. Sizinlə çiyin-çiyinə, bərabər dayanmışam. Bizim əziz bacılarımız, qardaşlarımız günahsız yerə həbs olunub. Onlara azadlıq tələb edirik. Bu hökuməti çirkin əməllərindən çəkinməyə çağırırıq. Bizim ziyalılarımızı böhtanla, şərlə həbs etməklərinə nifrətlə baxmaq lazımdır”.
Daha sonra AXCP sədrinin müavini Gözəl Bayramlı çıxış etdi: İlham Əliyev repressiyasına, avtoritarizminə baş əyməyib, bu gün siyasi məhbuslarımıza azadlıq tələbi ilə bu meydana toplaşan bütün insaları salamlayıram, hamınıza eşq olsun. Əslində Azərbaycan hakimiyyəti son dövrlər repressiyaları həyata keçirməklə, həbslər etməklə Azərbaycan cəmiyyətinuinh müqavimət potensialını zəiflətmək istəyir. Amma bugün Azərbaycan hakimiyyəti özü də görür ki, buna nail olamyıb. Azərbaycan cəmiyyətinin müqavimət potensialı burdadır. Azərbaycan cəmiyyətinin müqavimət potensialı Milli Şuranın ətrafında toplaşıb.
Azərbaycan hakimiyyəti Leyla Yunusu həbs etməklə Azərbaycan xanımına, Azərbaycan mentalitetinə olan münasibətini ayaqlar altında qoydu. Bugün Seymur Həzi və onun simasında onlarla gənci həbsxanaya atmaqla Azərbaycanın intellektual gəncliyinə, Azərbaycanın düşünən beyinlərinə olan münasibətini ortaya qoydu. İntiqam Əliyevin timsalında hüquq müdafiəçilərinin həbs etməklə Azərbaycan ziyalılarına, hüquqa olan münasibətini ortaya qoydu. Nəhayət, inanclı insanlarımızı həbs etməklə İlham Əliyev hakimiyyəti Azərbaycanın milli dəyərlərinə, bizim inanclarmıza olan münasibətini ortaya qoyur. Leyla Yunusa həbsxanada işgəncələr verilir. Mən sual edirəm, hardan öyrəndiniz Azərbaycan xanımına bu cür münasibət göstərməyi. Bu gün Leyla Yunusa işgəncə verənlər bilsinlər ki, Azərbaycan xalqı bunu onlara bağışlamayacaq”.
Sonda Milli Şuranın sədri Cəmil Həsənli çıxış etdi:
Belə bir rejimin bu millətə rəhbərlik etmək haqqı yoxdur
“Sevgili milllət, uca xalq, siz yenə meydanlardasınız. Düz bir il bundan əvvəl bu meydanda sizin çox möhtəşəm, böyük, Azərbaycana səs salan, dünya tərəfindən izlənən etiraz mitinqləriniz olmuşdu. Bu gün yenə siz bu meydana toplaşmısız. Öz mübarizə yoldaşlarınızı, Azərbaycanın şanlı və şərəfli övladlarını müdafiə etmək üçün toplanmısınız.
Mən hələ 2008-ci ildəki müsahibələrimdə deyirdim ki, biz Şimali Koreya modelinə doğru gedirik. Həmin dövrdə hətta yaxın dostlarım belə buna şübhə ilə yanaşırdılar. Bunu Azərbaycan cəmiyyəti üçün çox ağır qiymətləndirmə hesab edirdilər. Amma nəticəni görürsünüz. Əgər 1 il bundan qabaq Azərbaycanda 10-15 siyasi məhbus var idisə, indi onların sayı 110 nəfərə çatıb. Yalnız avtoritar rejimlər öz vətəndaşları ilə belə rəftar edə bilər. Azərbaycanın 20 faiz torpağı 20 ildən artıqdır ki, işğaldadır. Bu korrupsioner rejim, bu bacarıqsız rejim 20 ildə 20 kv.metr torpağı azad edə bilmədi.
Belə bir rejimin bu millətə rəhbərlik etmək haqqı yoxdur. Hamımızın hədəfi mübarizə qardaşlarımızı müdafiə etməkdir. Bu gün bu meydanda Azərbaycan bayrağı ilə yanaşı şəkilləri qaldırılan bu insanlar Azərabaycan cəmiyyətinin ən şərəfli, ən ləyaqətli, ən dürüst insanlarıdır. Eşq olsun bu millətin ağır yükünü, vicdan yükünü öz çiyinlərində daşıyan siyasi məhbuslara.
Azərbaycanın adını dünyaya tanıdan insanların, haqq uğrunda mübarizə aparan insanların, Rəsul Cəfərov kimi insanların həbsxanada yatması recimin mahiyyətini göstərir. Bu gün Azərbaycanda yeni mübarizə üsulları gətirən, intellektual siyasi mübarizənin öncüllərindən biri olan İlqar Məmmədov həbsdədir. Məqsədimiz onları müdafiə etməkdir.
İlham Əliyev beynəlxalq tribunalarda deyir ki, biz hüquqi dövlətik. Əgər bizim məhkəmələr yalnışlığa yol verirsə Avropa məhkəməsinə müraciət etsinlər. Avropa məhkməsi İlqarın günahsız olması ilə bağlı qərar qəbul edib. Avropa məhkəməsi Əli İnsanovun günahsız olması ilə bağlı qərar qəbul edib. Bu qərarlarda onların dərhal azad olunması qeyd olunub. Əgər hüquqi dövlətsinizsə, hüquqa zərrə qədər hörmətiniz varsa bu insanları niyə həbsdə saxlayırsınız.
Bu mitinqə gəldiyinizə görə hər birinizə təşəkkür edirəm. Mitinqimizin məramı və məqasədi siyasi məhbuslarımıza azadlıq tələb etmək, onlara arxa olduğumuzu göstərməkdir. Bugün bütün dünya Anar Məmmədlini müdafiə edir. Anar Məmmədli dünyanın böyük mükafatlarından birinə layiq görüldü. Bir neçə gün sonra Leyla Yunusun da belə bir mükafata laiq görüldüyünün şahidi olacaqsınız.
Anar Məmmədli ilə çalışan Bəşir Süleymanlı hansı günahın sahibidir ki, həbs olunub? Bu gün vətənə, dövlətə, millətə xidmət etmək, ölkəni inkişaf elətdirmək zamanıdır. Bu imkanı bu insanlara vermək lazımdır. Tələbimiz, iddiamız, hədəfimiz birdir. Vicdan məhbusları danışıqsız, dərhal azad edilməlidir. Onlar günahsız insanlardır və dərhal azad edilməlidirlər.
Bizim keçmişimiz də, bugünümüz də, gələcəyimiz də Azərbaycan bayrağı ilə bağlıdır. Bizim hədəfimiz azad, demokratik, müstəqil Azərbaycandan ibarətdir. Burada Avropa Birliyinin bayraqları da qaldırılıb. Vətəndaşlarımızın bu bayraqları ucaltmağı da təsadüfi deyil. Hədəflərimiz demokratiyadır, Avropa demokratiyasına doğrudur. Milli Şura təsis edilən zaman Avrointeqrasiya xüsusi bir istiqamət kimi onun proqram sənədlərində öz əksini tapmışdı”.
Cəmil Həsənlinin çıxışından sonra aksiyanın qətnaməsi oxundu. Qətnamədə aşağıdakı tələblər irəli sürülür:
1. Bütün siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilsin. 2. Ölkədə vətəndaşların fundamental hüquq və azadlıqları təmin edilsin. Siyasi partiyalara, vətəndaş cəmiyyəti institutlarına, azad mətbuata təzyiqlər dayandırılsın. Sərbəst toplaşmaq azadlığı təmin olunsun. 3. Proporsianal secki sisteminin bərpasını, seçki komissiyalarının dəyişdirilməsini də əhatə edən geniş seçki islahatı aparılsın. 4. Avropa Birliyi ilə inteqrasiya siyasəti gücləndirilsin. Hökumət AB ilə Assosiasiya Sazişini imzalamaq niyyətini bəyan etsin, Saziş üzrə işi sürətləndirsin.