Vahid Məhərrəmov: «Seleksiya, genetika, toxumçuluğun inkişafı və damazlıq sahəsində ciddi problemlər var»
Mətbuatda xəbər verildiyi kimi, prezident Ilham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Ölkə başçısının sərəncamıyla Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin Idarə Edilməsi üzrə Dövlət Xidməti yaradılıb.
Həmçinin, Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yaradıldığı bildirilib.
I.Əliyevin sərəncamında daha sonra bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Dövlət Baytarlıq Nəzarəti Xidməti adlandırılır.
Maraqlıdır, iki yeni dövlət xidmətinin yaradılması keyfiyyəti dəyişəcəkmi?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov qeyd edir ki, müvafiq qurumlar KTN nəzdində müəyyən işlər həyata keçiriblər. Indisə onu yeni formanın yaradılması kimi təqdim edirlər: “Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi uzun müddətdir fəaliyyət göstərir. Onun da fəaliyyəti sanki kredit alan fermerlərlə bank arasında vasitəçi rolu oynamaq idi. Onsuz da onların elə bir əhəmiyyəti yox idi. Dövlət büdcəsindən bu struktur üçün maliyyə vəsaiti ayrılırdı. Indi bu qurumu Kənd Təsərrüfatı Nazirliyi nəzdində yeni bir struktur kimi təqdim edirlər. Yəni bu struktur Kənd Təsərrüfatı Layihələri və Kreditlərin Idarə Edilməsi üzrə Dövlət Xidməti adlanacaq. Dövlət hesabına onlara vəsait ayrılacaq, layihələrin idarə edilməsi təşkil ediləcək. Digər strukturları saxlamağa ehtiyac olsa da, sözügedən strukturun saxlanmasına heç bir ehtiyac yoxdur”.
Beləliklə, məlum xidmətlərin yaradılmasında yeni heç nə görmədiyini bildirən ekspertin qənaətincə, yenilik yalnız həmin xidmətlərə nəzarətin artırılmasıdır və Dövlət Xidmətinin yaradılmasını struktur dəyişikliyi kimi qiymətləndirmək olmaz: “Əsas funksiya yaddan çıxıb. Seleksiya ilə, sınaq işləriylə məşğul olmağa nəzarət funksiyası həyata keçiriləcək. Toxumçuluqda durumun kritikliyini nəzərə alaraq bu struktura nəzarət deyil, onun inkişafına ehtiyac var. Dövlət Baytarlıq Xidməti yerlərdə fermerlərə hansısa formada yardım edə bilərdisə və bu sahədə hansısa fayda verə bilərdisə, indi əsasən, nəzarəti həyata keçirəcək. Nəzarəti həyata keçirəcəksə, bəs onda bu sahədəki problemləri kim həll edəcək?!”.
Ekspert qeyd edir ki, struktur dəyişikliyi kənd təsərrüfatındakı problemləri həll edə biləcək qurumlar, onlara verilən səlahiyyətin daha geniş olması və digər məsələləri nəzərdə tutmalıydı. Lakin bu gün həmin sahədə çox ciddi problemlər var. Xüsusilə də baytarlıq sahəsindəki ciddi problemləri həll edəcək quruma ehtiyac var. Ekspertin fikrincə, idarəetmənin bu formadası problemi həll etmir, əksinə, bu sahədəki problemləri dərinləşdirə bilər. O, yenilik adlandırılan sərəncamda başqa məqamların olduğunu dilə gətirir. Burda maliyyənin bölüşdürülməsindən, maliyyə gətirən sahələrə daha çox fikir verilməsindən söz açılır: “Kreditlə bağlı məsələdə də ortada görünən budur. Azərbaycanda seleksiya, genetikayla bağlı sahələrdə ciddi problemlər var. Toxumçuluğun inkişafında, damazlıq sahəsində də ciddi problemlərin olduğu məlum məsələdir. Xəstəliklər geniş yayılır, lakin onların qarşısı alınmır. Sözügedən sərəncamla bu işlərin yaxşılaşdırılması istiqamətində heç nə yoxdur. Sərəncam bu sahənin inkişafına deyil, daha çox orada çalışan məmurların marağına xidmət edir. Onların nəzarət funksiyası artır, inzibati yolla bu sahədə fəaliyyətinə önəm verilir. Bütün bunlar onu deməyə əsas verir ki, məqsəd istehsalı yaxşılaşdırmaq deyil, istehsalla məşğul olanlara nəzarəti daha da gücləndirməkdir”.
Nigar