«Hər 11-21 gündən bir təkrar ekspertizanın keçirilməsi hüquqdan çox siyasət məsələsidir»
Cəmil Həsənli: “Daxili Işlər Nazirliyi bizə böhtan atıb”
Milli Şuranın sədri Cəmil Həsənli yeni bir təxribatla üz-üzədir. Onun qızı Günel Həsənli avtomobillə adam vurub, hadisəni gizlətməkdə ittiham olunur. Hiss olunur ki, Milli Şura sədrinə ondan qızı ilə intiqam ala biləcəkləri mesajını verirlər. Baş verənlərlə bağlı Cəmil Həsənli ilə söhbət etdik. Həmin söhbətin ardını təqdim edirik.
– Cəmil bəy, bu arada Günel xanımın başına gələn hadisədən nə xəbər var, deyirdiniz Yasamal Rayon Polis Idarəsi məsələni araşdırır.
– Ötən həftənin ortalarında biz polis idarəsi ilə əlaqə saxladıq. Işi araşdıran müstəntiq bildirdi ki, bu məsələ ilə bağlı sənədləri idarədə müstəntiq Mübariz Qayıbova veriblər. Günelin maşınına baxış keçirildiyi və baxışın nəticələri rəsmiləşdirildiyi üçün biz onu cərimə meydançasından götürmək istəyirdik. Bu məqsədlə müstəntiq Mübariz Qayıbova müraciət etdik. Lakin o bildirdi ki, maşın ekspertiza olunmalıdır. Bunun indiyə qədər niyə olunmadığını soruşduqda bildirdi ki, onlar birinci ekspertizadan 21 gün sonra “zərərçəkmiş” Adilə Səlimovanı təkrar ekspertizaya göndərəcəklər və bu zaman maşın da ekspertizadan keçiriləcək. Biz bildirdik ki, maşın xüsusi mülkiyyətdir, onun cərimə meydançasında tozun, yağışın altında qalmasını istəmirik. Siz icazə verin biz onu cərimə meydançasından götürüb qaraja qoyaq, yenə nə vaxt istəyirsiniz, gəlib ekspertizadan keçirə bilərsiniz və ya hara desəniz biz gətirərik. Nəzərə alacağını bildirdi, lakin bu günə qədər bir dəyişiklik yoxdur. Düzünü deyim ki, bu cavab məni qane etmədi. Adilə xanım artıq üçüncü dəfədir ki, müayinədən keçirilir. Əgər hadisə baş verən zaman xəsarət müəyyən edilməyibsə və bunu təsdiq edən müvafiq tibbi rəy varsa, hər 11-21 gündən bir təkrar ekspertizanın keçirilməsi hüquqdan çox siyasət məsələsidir.
“Internet üzərindən maraqlı bir məktub…”
– Bəs bu günlərdə “zərərçəkmişlə” bağlı yeni nə məlumatlar var?
– Bilirsiniz ki, müxtəlif mətbuat orqanları Adilə xanımın evində çəkilişlər aparıb. Qapını özü açıb. Danışığından səhhətinin qaydasında olduğu anlaşılır. 86 yaşına rəğmən hərəkəti də normaldır. Bunun bir hissəsi artıq yayılıb, bir hissəsində isə daha maraqlı məqamlar olduğu üçün yayılmayıb. Adilə xanım ilk gündən çıxıb gəzir, dolanır, hətta iki gün əvvəl yaşadığı məhəllədə söküntü işləri başladığından çıxıb onların dalanına dönən yerdə binanın söküntüsünə də tamaşa edib, söküntünü müşahidə edən adamlarla birlikdə olub. Polis idarəsi isə 21 gün sonra təkrar ekspertiza planlaşdırır. Bu müddət ərzində hadisənin məqsədli şəkildə törədilməsi haqqında bəzi xoşagəlməz məlumatlar da aldıq. Hadisənin baş verdiyi anda orada olan dindarlar bizi tapdılar və “zərərçəkəni” yaxşı tanıdıqlarını, hər şeyi öz gözləri ilə gördüklərini bildirdilər, gördüklərini gərəkli olan hər yerdə təsdiq edəcəklərini dedilər. Bu arada internet üzərindən maraqlı bir məktub da aldıq. Orada deyilir: “Mən o qadını çox yaxşı tanıyıram, soyadını dəqiq bilməsəm də, adını heç vaxt unutmaram. Mənim də başıma bu oyunu gətirib, məndən 400 manat pul almışdı bu Adilə deyilən qadın. Tıxac və sairə olan yollarda özü avtomobillərə qəsdən toxunub yıxılır və bu yolla sürücüləri qorxudub pul alır”.
Bu adamın əlaqə koordinatları da bizdə var. Yeri gəlmişkən, bunlardan başqa da məlumatlar var. Lakin onları hələ yoxlamaq lazımdır. Ən başlıcası isə bütün ölkə ictimaiyyəti gördü ki, Daxili Işlər Nazirliyi hadisə haqqında, xüsusilə mənim haqqımda, qızım haqqında yalan və böhtan yayıb, həmin yalan və böhtan hakimiyyətin nəzarətində olan KIV-lərdə tirajlanıb, lakin bu yalan və böhtana görə heç kəs məsuliyyət daşımır.
“Bütün hərəkət marşrutlarım nəzarət altında idi”
– Hə, qayıdaq sizin macəralarla dolu həyat hekayənizə. Dediniz sizin deputatlıqdan geri çağırılmağınızla bağlı piketlər təşkil olunur, məktublar yazılır, izləmələr həyata keçirilir və sair.
– Elədir. 2007-ci ilin yazında bu, çox intensiv xarakter almışdı. Bütün hərəkət marşrutlarım nəzarət altında idi. Əsasən taksi tanınma nişanı taxılmış maşınlarla izləyirdilər. Gərgin məqamlarda CIP-lər də əməliyyata qoşulurdu. Taksi tanınma nişanı olan maşınlar saatlarla evimin və həmin vaxt müdafiə komitəsinin fəaliyyət göstərdiyi ofisin ətrafında dayanırdı. Biz bilirdik ki, həmin maşınlarda uzaq məsafədən dinləmə aparatları yerləşdirilib. Bəzən elə olurdu ki, məni hava limanına aparan maşının sürücüsü geri dönərkən saxlanılır, sorğu-suala tutulur, bəzən sənədləri də alınır, bir neçə gün sonra həmin sarı taksilərin sürücüləri Əzizbəyov heykəlinin yanında sənədləri qaytarırdılar. Hətta mənim izlənməmdə məxfiliyi pozduğuna görə işdən azad olunanlar da var idi. Bir dəfə isə açıqcasına ölümlə üz-üzə dayandıq. Iki dostumuzla axşam Akademiya bağında görüşməli idik. Bu görüş telefonla yox, canlı görüşdə təyin edilmişdi. Təxminən axşam 9-a işləmişdi biz görüşə gələndə və qaranlıq düşmüşdü. Mən gəlib maşını saxlayanda şəhərdə o vaxtlar az təsadüf edilən bir maşının dayandığı diqqətimi cəlb etdi. Mən gedib indiki fontanın qarşısında dostlarla görüşəndə bir dördgöz “Mersedes” dörd işığını yandırmış formada sürətlə bizə tərəf şığımağa başladı. O vaxt orada maşınlar hərəkət edə bilirdi. Təxminən 2-3 metr qalmış bizim 3 nəfər olduğumuzu görüb sərt dönüş etdi və bu zaman avtoş uşaqların maşınlarının təkərlərindən çıxan səsin sədaları altında uzaqlaşdı. Sonradan çox təsadüfən mən müəyyən etdim ki, kənarda dayanan və Bakıda nadir təsadüf edilən maşın kimə məxsusdur. Hər şey aydın idi.
“2007-ci ildə dramatik bir həyat yaşayırdıq”
– Bu barədə harasa məlumat verdiniz?
– Yox, mənası yox idi. Biz oradan dərhal uzaqlaşdıq. Bir saat sonra mənim maşınımı oradan götürmək lazım idi, dostlardan biri mənimlə gəldi və artıq o ətrafda kimsə qalmamaışdı. Elə həmin vaxtlar Universiteti bitirdikdən sonra Yasamal Rayon Məhkəməsində nəzarətçi vəzifəsində işləyən böyük oğlum Vüqar mənə dedi ki, naməlum maşınlar onu izləyir. Bununla yanaşı “Azpetrol”un o zaman keçirilən məhkəmə prosesi ilə bağlı işləri digər sənədlərin içində heç bir aidiyyəti olmadan Vüqara vermişdilər. Bunun təsadüf və ya məqsədli olduğunu deyə bilmərəm, amma mən ona dedim ki, dərhal sən bu işi apar qaytar və sənə aidiyyəti olmadığını bildir. Bəlkə də, bu addımın arxasında hansısa məqsəd var idi, lakin Vüqar sənədləri elə sabah səhər işə gedən kimi qaytarmışdı. Bütün bunlar məni narahat etdiyindən mən bir qohumdan xahiş etdim ki, hələlik bütün günü Vüqarla birgə olsun və gərginlik olduğu üçün onun maşınını idarə etsin. O, belə də edirdi və demək olar, səhərdən axşamacan Vüqarla birgə olurdu. O işdə olanda maşında otururdu, maşını nəzarətsiz qoymurdu.
– Bunlar 2007-ci ildə baş verirdi də?
– Bəli, 2007-ci ilin yazında baş verirdi. Həmin vaxt dramatik bir həyat yaşayırdıq. Rahatlığımız tamam pozulmuşdu. Hətta Milli Məclisdə oturduğum otaqda da nəzarət qoymuşdular. Əvvəlki çağırışda mənimlə bir otaqda oturan Məclis komissiyalarının birinin eksperti olmuş təcrübəli bir partiya işçisi həmin vaxt yanıma gələndə otaqda bir söz demirdi, dəhlizə çıxıb təhlükəsiz bir yerdə nə isə deyirdi. Şübhəsiz ki, o, mənim otağımın dinlənildiyini nəzərə alıb belə edirdi. Hətta beynəlxalq təşkilatlardan gələn məktubları da açıb oxuyandan sonra mənə verir, bəzən onların ağzını belə təzədən bağlamağı unudurdular. Xüsusilə mənim xaricilərlə olan görüşlərim tam nəzarətdə saxlanılırdı. YAP-çı deputatlardan kimsə Məhəmməd Əmin Rəsulzadə əleyhinə nə isə demişdi və mən onu kəskin tənqid etmişdim. Bir neçə gün sonra mənə bir “vətəndaş” məktubu gəldi ki, bəs nə yapışmışam Rəsulzadədən, o elə də yaxşı adam olmayıb və bunun təsdiq kimi Ş.Rüstəmbəyovun Məmməd Əmin bəy əleyhinə yazdığı məqalənin qəzet surətini də məktuba əlavə etmişdilər. “Vətəndaş” əlavə edirdi ki, guya bu qəzet təsadüfən onun əlinə keçmişdi. Qəribədir, mən tarixçi ola-ola mühacirət mətbuatının bu materialı mənim əlimə keçmir, təsadüfən təssübkeş vətəndaşa gedib çıxır. Məktub Əhmədlidən göndərilmişdi, hər ehtimala qarşı mən gedib o “vətəndaşla” görüşmək istədim. Ünvanı tapanda məlum oldu ki, göstərilən adda və soyadda kimsə o ünvanda yaşamır. Yeri gəlmişkən, Azərbaycanda mühacirət mətbuatı ancaq keçmiş DTK-nın və onun bazasında yaradılmış MTN-nin arxivində saxlanılırdı.
Zakir Qaralova qarşı iddia…
– Səhv etmirəmsə, elə həmin vaxtlar siz baş prokuror Zakir Qaralovla bağlı məhkəməyə müraciət etmişdiniz?
– Həmin vaxt prokurorluq işçilərinin peşə bayramında çıxış edən baş prokuror Zakir Qaralov bəyanat vermişdi ki, Cəmil həsənli və Pənah Hüseyn (biz hər ikimiz o zaman deputat idik) guya maddi təminat zəminində Fərhad Əliyevin müdafiəsinə qoşulubar və onu müdafiə edən bəyanatlar verirlər. Z.Qaralov ona verilən sualı cavablandırarkən demişdi: “Cəmil Həsənli və Pənah Hüseyn sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdən pul alaraq onun müdafiəsi prosesinə qoşulublar”. Biz Pənah bəylə birlikdə Zakir Qaralovdan ya dediklərini sübuta yetirməyi, ya da sübuta yetirə bilmirsə üzr istəməsi iddiası ilə Yasamal Rayon Məhkəməsinə şikayət etdik. May ayının 14-də birinci dəfə iddiaya baxıb texniki səbəblərə görə onu geri qaytardılar. Ikinci dəfə isə baş prokurorun yaşayış yerinin Yasamal rayonuna deyil, Nəsimi rayonundakı C.Məmmədquluzadə küçəsinə düşdüyünü əsas gətirib iddiaya orada baxılmasını məsləhət bildilər. Lakin biz baş prokurorun qeydiyyatda olduğu ünvanı DIN-in müvafiq idarəsindən aldıqda məlum oldu ki, həmin küçədə göstərilən ünvanda yerləşən bina çoxdan sökülüb və artıq bu ünvan yoxdur. Bu iddianı biz həmin ilin payızına qədər müxtəlif məhkəmə instansiyalarında müdafiə etməli olduq. Mən Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının üzvü olduğumdan may ayının 25-də parlament heyəti ilə birlikdə qurumun yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşdüm…
ardı var