Qubad Ibadoğlu: «Bu ölkədəki iqtisadi proseslər Azərbaycana təsirsiz ötüşməyəcək»
Qərbin, xüsusən də ABŞ-ın Irana qarşı tətbiq etdiyi sanksiyalar bu ölkədəki iqtisadi duruma ciddi təsir göstərib. Artıq Iranda ABŞ dollarının kəskin bahalaşması müşahidə olunur. Əgər bir həftə əvvəl 1 dollar 1700-1800 tümənə satılırdısa, hazırda bu göstərici 2100 tümənə qalxıb. Hətta ölkənin bəzi yerlərində 1 ABŞ dollarına 4000 tümən verirlər.
Proseslər belə davam edəcəyi təqdirdə, Iranın milli pulunun yaxın günlərdə bir qədər də dəyərdən düşəcəyini demək olar. Artıq Iranın Azərbaycanla sərhəd bölgələrindəki mağazalara ABŞ dolları və Azərbaycan manatını götürməyi qadağan edilib. Bununla belə Iranda dolların bahalaşması Azərbaycanda bu ölkəyə valyuta axınını artıra bilər. Çünki Iranın sərhədyanı ərazilərində əsasən ABŞ dolları, Azərbaycan manatı və rus rublundan istifadə olunur. Şübhəsiz ki, qonşu ölkədə baş verənlər Azərbaycana da təsirsiz ötüşməyəcək. Bu halda ölkəmiz hansı problemlərlə üzləşə bilər?
Iqtisadçı-ekspert Qubad Ibadoğlunun sözlərinə görə, Azərbaycanda Irana dollar aparmağa məhdudiyyət olmasa da, Iran qanunvericiliyi bunun qarşısını alır. Bu ölkəyə müəyyən miqdardan artıq valyuta aparmaq olmaz. Çünki Iran kimi avtoritar rejimli ölkələrdə adətən, bu proses tənzimlənir. Iranda baş verən iqtisadi proseslərin gözlənilən olduğunu deyən ekspert bunun Azərbaycana da təsirsiz ötüşməyəcəyini vurğuladı: “Beynəlxalq ictimaiyyətin Irana münasibəti Iranda qiymətlərin bahalaşması, milli valyutasının dəyərdən düşməsinə gətirib çıxardı və bu, gözlənilən idi. Amma Iranda baş verənlər ölkəmizə də təsirsiz ötüşməyəcək. Iranla Azərbaycan arasında investisiya əməkdaşlığı, xarici ticarət əlaqələri var”.
Ekspertin fikrincə, Azərbaycan Iranda gözlənilən dəyişiklikləri nəzərə almalı və bunlara hazır olmalıdır.
Fizzə