“Vinzavod”un direktoru barışıq istəyir
Bakının məşhur “Neolit” restoranında odlu silahdan atəş açaraq iki nəfəri yaralayan Şahin Hüseynovun atası, “Vinzavod”un direktoru Rabil Hüseynov Türkiyədən Azərbaycana gətirilərək, istintaqda dindirilib.
Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb.
“Azadlıq”a daxil olan məlumatlarda isə iddia edilir ki, Rabil Hüseynov həmin ərəfədə Türkiyədə olmayıb. Onun istintaqa çağırılmadığı da iddialar sırasındadır. Məlumatlarda bildirilir ki, Rabil Hüseynov hazırda şikayətçi tərəflə anlaşmaq barədə danışıqlar aparır. “Vinzavod”un direktoru çalışır ki, qısa müddət ərzində barışığa nail olsun və oğlunu həbsxanadan azad etsin.
Xatırladaq ki, Şahin Hüseynov yanvarın 2-də “Neolit”də şənlik keçirilən zaman sərxoş vəziyyətdə zala daxil olaraq odlu silahdan atəş açıb. Nəticədə iki nəfər yaralanıb. Faktla bağlı cinayət işi başlanıb və Şahin Hüseynov barəsində həbs-qətimkan tədbiri seçilib.
Şahin Hüseynovun atası Rabil Hüseynov həm də sabiq baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri vəzifəsində çalışan Eldar Həsənovla qudadır. Rabil Hüseynovun digər oğlu Qabil Hüseynov səfirin kürəkənidir.
İnformasiya şöbəsi