Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış ziyalı, kinodramaturq Eldəniz Quliyev Apellyasiya Məhkəməsinin barəsində çıxarılan hökmü qüvvəsində saxlaması və onun vəsatətini təmin etməməsiylə bağlı Ali Məhkəməyə müraciət edib. Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilən E.Quliyev barəsində Nəsimi rayon Məhkəməsi 2014-cü il oktyabrın 30-da qərar çıxarmışdı. Qərara görə, 480 saat müddətində ictimai işlərə cəlb edilməli olan E.Quliyev 1000 manat cərimə ödəməli, həmçinin ölkədən çıxmamalı idi. E.Quliyev sonradan Bakı Apellyasiya Məhkəməsinə şikayət verərək həmin iş üzrə qərarın ləğv edilərək ilkin baxış mərhələsinə qaytarılmasını xahiş etmişdi. Amma Apellyasiya Məhkəməsi E.Quliyevin müdafiəçisi E.Sadıqovun vəsadətini təmin etməmişdi. Bundan sonra isə E.Quliyevin müdafiəçisi Elçin Sadıqov hüquqlarını müdafiə etdiyi şəxsin Azərbaycan CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10 dekabr 2014-cü il tarixli həmin qərarından Ali Məhkəməyə şikayət vermişdi. E.Quliyevin müraciətinə Ali Məhkəmənin Cinayət Kollegiyası martın 3-də, saat 10:20-də baxacaq.
Məhkəmə prosesi ilə bağlı fikirlərini bölüşən E.Quliyev məhkəmədən pozetiv nəsə gözləmir. Amma barəsində çıxarılan 480 saat işin ləğv ediləcəyinə ümid edir. Çünki bu cəza təqaüd yaşına çatmış şəxslərə şamil edilə bilməz. Bir aydan sonra isə E.Quliyev 63 yaşına qədəm qoyur.
Xəyal