Milli Mətbuat Günü bəlkə də ölkədə qeyd olunan yeganə peşə bayramıdır ki, həmin gün bütün qurumlar öz səxavət kisələrinin ağzını açır. Iqtisadiyyatımızın inkişafını biz jurnalistlər hər il öz hədiyyələrimizdə açıq-aydın görürük. Məsələn, əvvəllər bayram ərəfəsində jurnalistlərə qələm, bloknot verərdilər. “Flaşkart” alan sevindiyindən onu döş cibində gəzdirərdi. Sonra keçdilər ətirlərə. Indi də maşallah, televizordan, telefondan tutmuş, planşetə, noutbuka qədər hər şey paylayırlar. Elə bu səxavətlərinin nəticəsidir ki, xalqla hökumət arasında olan körpü missiyamızı uğurla yerinə yetiririk. Hər gün körpünün hökumət tərəfə uzanan başı bir az qalxır. Belə getsə, xalqı nəinki körpünün başında dayananlar, heç özümüz də görməyəcəyik.
Olsun da. Nə biz narazıyıq, nə xalq. Gül kimi keçinib gedirik. Necə deyərlər, jurnalisti el dolandırmalıdır, əli böyüklərin cibində olmalıdır ki, sanballı olsun. Hələ sanbalımızı artırırıq, xalqdır da, guya, biz yazmaqla problemi qurtaracaq?!
Mənim bu mükafat paylayanlarla qəti işim yoxdu. Nə alıram, nə verirəm, başqalarından mənə nə. Intəhası, Mətbuat Şurasının bu il Ali Dərəcəli Mükafatına sahib tapmaması qəlbimi yaman sıxdı. Nətər olur e, bu qədər əziyyət çəkirlər, pul tökürlər, bir layiqli baş redaktor tapılmır ki, gəlib bu ada sahib çıxsın? Deməli, yaxşı işləmirlər, aldıqları pula layiq deyillər. Yenə yaxşı ki, dərəcə tapmasalar da, birtəhər vəziyyətdən çıxış yolu tapıb Eynulla Fətullayevlə Aynur Camalqızına mükafat veriblər. Insafən hər iki media kapitanının rəhbərlik etdiyi qurumlar can-başla işini görür.
Öz aramızda qalsın, nəsə mənə elə gəldi ki, Əflatun Amaşov Eynulla Fətullayevin adını bu dərəcəsiz mükafata salmaqla keçmiş günahlarını da yumaq istəyib. Baxma da, onun həbsdə olduğu 4 il ərzində bir dəfə Mətbuat Şurasının sədrini tuta bilmədik ki, Eynulla haqqında nəsə soruşaq. Natiq Cavadlı atlı oldu, Əflatun müəllim piyada, yenə yetişə bilmədi bir kəlmə soruşsun ki, niyə rəhbərlik etdiyiniz qurum səsini çıxarıb, baş redaktorun həbsinə etiraz etmir.
Indi görünür, Əflatun müəllim üzrxahlığı bu cür edir. Yenə də gec deyil, təzəlikcə dil tapıblar. Hələ yeni yolun başlanğıcıdı. Nə bilmək olar, bəlkə elə adsız diplom sahibləri gələn il daha yaxşı işləyib Ali Dərəcəli mükafata sahiblənəcəklər?!