Bilmirəm, təzə söhbəti siz də eşitmisiniz, ya yox, məsələ belədir ki, Azərbaycanda rusdilli məktəblərin bağlanması təklif edilir. Düzü, məni bu təklifi müdafiə edənlərlə ona qarşı çıxanların arqumentləri əsla maraqlandırmır. Sadəcə, ürəkağrıdan budur ki, nə sirri-xudadırsa, həmişə hakim ailə səviyyəsində hansısa korrupsiya faktı aşkarlananda, rejim üçün başağrısı olacaq hadisə baş verəndə sosial şəbəkələrə sonuncu dərəcəli bir mövzu “bomba” kimi düşür. Çoxluq dərhal həmin mövzunun dalınca götürülür, sanarsan ki, hər yarağımız düzəlib, qalıb saqqal darağımız.
Necə ki, “rusdilli məktəblərin bağlanması” təklifi də ölkənin ən iri, inhisarçı mobil operatorunun hakim ailə üzvlərinə məxsus olması və Azərbaycandan Gürcüstana 3 ton heroin keçirilməsi ifşa edildiyi günlərdə ortaya çıxdı. Sonra elə bir süni tozanaq yaradıldı ki, sanki bu saat bizim yeganə dərdimiz, ən taleyüklü məsələmiz ölkədə rusdilli məktəblərin varlığıdır, həmin məktəbləri bağlasaq, ölkədə azad seçki keçirmək, sərbəst toplaşmaq, siyasi məhbuslarsız, korrupsiyasız Azərbaycan yaratmaq su içimi kimi bir şeyə çevriləcəkdir. Əlbəttə, təhsilin yerli-dibli olmadığı ölkədə rusdilli məktəbləri dərd eləmək çox komik görünür. Digər tərəfdən, bir məmləkətdə ki, qoruq müdiri təhsil naziri ola bilər, niyə orada rusdilli təhsil olmasın?
Təzəlikcə Bakıdakı məktəblərin birindən Mədinə adlı bir müəllimə saytların birinə şikayət etmişdi, demişdi ki, həmin məktəbin Iradə adlı direktoru ona işləməyə imkan vermir, onu uşaqların yanında gözdən salmağa çalışır, hələ bu harasıdır, müəllimlərdən pul yığıb özünün banklara olan kredit borclarını ödəyir və s. Iradə adlı direktor qadın isə həmin müəlliməyə elə həmin saytdaca belə cavab vermişdi: “Ay əclaf, ay əclaf qadın… Mədinə məktəbimdə ən savadsız müəllimdir. Onu məktəbdə 7 ildir necə yola verirəm, bir allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur… Bir Mədinənin xarici görkəminə baxın, görün elə müəllim olar? Uşaqları zəifdir, özü tərbiyəsizdir”.
Buyurun, bu da sizə Azərbaycan müəlliminin, məktəb direktorunun leksikonu, düşüncə və danışıq tərzi! Ən əsası isə, Əliyevlər Azərbaycanında təhsil anlayışının gerçək üzü, əsl mahiyyəti! Siz isə görün indi oturub nəyi müzakirə edirsiniz: “Filan dildə məktəb olsun, olmasın?” Bişmiş toyuq da belə polemikaya gülüb keçər. Ümumiyyətlə, son vaxtlar rejimin repressiya dalğası sərhəd tanımamağa başladıqca və hakim sistemi tənqid etmək çətinləşdikcə, axırıncı dərəcəli mövzular yenidən aktuallıq qazanmağa başlayır, “yaxşı prezidentin pis ətrafı” üzərindən “tənqidçilik”, “müxalifətçilik” yenidən start götürür, hazırda ən dəb mövzu isə Rusiya və Putini alaşalvar eləməkdir.
Əlbəttə, Ukrayna ətrafında yaşananların bizdə də müəyyən narahatlıqlar yaratması təbiidir, amma evin içində zibil xirtdəyəcən çıxmışkən yalnız evin çölü ilə uğraşmaq hansı məntiqə sığır? Bir də görürsən, müxalifətdən kimsə çıxıb deyir: “Bu saat partiyamızın siyasətiinin ana xəttini müstəqilliyin qorunması təşkil edir, Azərbaycanın müstəqilliyinin itirilməsinə imkan verməyəcəyik”. Bəh-bəh, cəh-cəh, qəh-qəh!
Ölkədaxili taleyüklü məsələlərin başını az qala tamam-kamal buraxıb, həbsxanaları yaxın tariximizdə olmayacaq qədər siyasi məhbusla doldurmuş, ən yüksək səviyyədə korrupsiya cinayətləri bir-bir gün işığına çıxan rejimi bir zamanlar qınaq və məzə obyektinə çevirdiyimiz “konstruktiv müxalifət üslubu” ilə – üstüörtülü, mücərrəd, təyinatsız cümlələrlə tənqid etməklə kifayətlənərək sonra da “Müstəqilliyin itirilməsinə imkan verməyəcəyik” kimi təntənəli bəyanatlar səsləndirmək ironiya və ikrah doğurur. Qayıdıb demək istəyirsən: belə gücün, qüdrətin varsa, bir dəfə də seçkiləri saxtalaşdırmağa imkan vermə! Başından vurub əlindən aldıqları sərbəst toplaşmaq haqqını geri qaytar! Büdcə oğurluğunun qarşısını kəs! Ilham Əliyevi vicdan məhbuslarını azad etməyə, onu həbsxanaları yeni siyasi məhbuslarla doldurmamağa məcbur et! Əks halda, istəyirsən lap bəyanat ver ki, ozon deşiyini bundan artıq böyüməyə qoymayacağıq, bu, bişmiş toyuğu güldürməkdən başqa nəyə yarayar?!