Rəsmi Amerikanın gözü Azərbaycanı heç götürmür. Möhtəşəm Avropa Oyunlarının keçirilməsinə hər vəchlə mane olmağa çalışırlar. Hətta o qədər paxıllıq edirlər ki, Prezident Administrasiyasına məxsus analitik qrupun gecə-gündüz əziyyət çəkib hazırladığı o boyda yazıya bir-iki cümləlik cavab da vermirlər. Əvəzində ABŞ-ın ölkəmizdəki səfiri Sekuta durub gedir çimərliyi zibillikdən təmizləməyə. Sanki diplomatik tərzdə bizimkilərə nəsə anladır.
Qardaş, nə etsələr də, mane ola bilməyəcəklər. Avropalılar bu ölkəyə gələcək və oyunlarını keçirəcək. Artıq bu, prinsip məsələsidir, milli qürurdur. Arxamızda o boyda Rusiya dayanandan sonra Amerika kimdir bu işə mane olsun? Siz baxmayın Putinin “erməni soyqırımı”nın anım mərasiminə qatılmasına, qəlbən bizimlədir. Çünki biz regionun lider dövlətiyik, analoqumuz da yoxdur. Lazım gəlsə, bəlli olacaq ki, elə Putini də Ermənistana xəfiyyə kimi yollamışıq. Elə olmasaydı, “Azərbaycan” qəzeti, işğal olunmuş Qarabağ torpağından deputat düzəldilən Bəxtiyar Sadıqovun özü şəxsən bu barədə geninə-boluna yazardı, Putini yıxıb sürüyərdi. Etmədisə, deməli, bir bildiyi var. Indi o boyda deputatdan da çox vətənpərvər deyilik ki…
Xülasə, Amerikanın acığına Avropa Oyunlarına tam hazırıq. Artıq stadionlar tikilib, biletlər satılıb, “Sovetski” kimi lazımsız ərazilər hasarlanıb, köhnə sovet maşınlarının şəhərdə hərəkəti yasaqlanıb, aktivistlər həbs edilib, dilənçilər, qaraçılar Yevlaxa göndərilib və s. Ən önəmlisi, may ayından etibarən media da ağzına gələni yaza bilməyəcək.
Münəccimlik etmirəm. Hakimiyyət mediasında çalışan hörmətli həmkarlarımızın verdiyi dəqiq məlumata görə, cənab Mehdiyevin şəxsən öz göstərişidir. Gələn aydan saytlarda “filankəs filankəsi amansızlıqla qətlə yetirdi”, “3 yaralı, 5 ölü var” kimi dəhşət qoxuyan yazılara az rast gələcəksiz. Hakimiyyətə bağlı (demək olar ki, medianın 99,9 faizi) mətbu orqanlarda isə heç görməyəcəksiz.
Qısası, kriminal xəbərlər azaldılacaq, xüsusilə hansısa əcnəbi vətəndaşla bağlı belə hallar baş verərsə, qətiyyən işıqlandırılmayacaq.
Bir sözlə, onsuz da heç nə yazmayan hakimiyyətyönlü mətbuatımız qalacaq hava proqnozunun ümidinə. O da əgər mülayim keçərsə, yaza bilərlər. Kimin nə həddi var günəşli respublikamızda çiskindən, yağışdan yazsın?
Təbii ki, cənab Mehdiyevin bu qərarı zamanında və günün tələbi ilə verilmiş bir qərardır. Qəzalar, faciələr bizim daxili işimizdir, qətiyyən əcnəbiləri bundan agah edib, ölkəmiz haqqında pis fikir formalaşdırmaq olmaz. Qoy elə bilsinlər ki, bu sahədə də analoqumuz yoxdur, bizdə heç kim ölmür. O qonşu ölkələrdədir ki, icra başçısının azyaşlı oğlu qəza törədir, generalın balası kimisə biçaqlayır və s. Əslində yalan da deyil. “Öldü” dediyimiz, xəyalən bir neçə dəfə başdaşını dəyişdirdiyimiz, hansısa ölkənin xəstəxanasında buzda, aparata qoşulu saxlanıldığını zənn etdiyimiz adamlar sonradan hamıdan sağlam şəkildə ortaya çıxmayıbmı?
Deməli, hər şeyə çarə var. Bircə Allahla müqavilə bağlamaq mümkün deyil. Kasıbın da ümidi həmişə Allaha qalır…
Hə, unutmadan bir eşitdiyimi də çatdırım. Deyirlər, guya alman mütəxəssislər gəliblər, Bakı Olimpiya Stadionunu eninə-boyuna ölçüb, vurub-çıxıb, deyiblər ki, bəs 45 mindən artıq adamı içəri buraxmaq olmaz. Yoxsa stadion çökəcək.
Yanlış anlamayın, məqsədim 68 minlik stadionun tikintisinə ayrılan vəsaiti gözə soxmaq deyil. Nəyimə lazımdır, məgər mənim cibimdən xərcləyiblər? Pul büdcənin, büdcə də özlərinin. Mənə nə? Deməyim odur ki, özünüzü qoruyun, stadiona bilet alanda soruşun görün tamaşaçının sayı 45 mini ötməyib ki. Yoxsa Allah eləməmiş nəsə olsa, qanınız yerdə qalacaq. Heç yazan da olmayacaq…