Üç yapçı deputatın iştirakı ilə AzTV efirində gedən o söyüşlü verilişi yəqin ki, xatırlayırsınız. Mübariz Qurbanlı, Hadı Rəcəbli və Ziyad Səmədzadənin qatıldığı bu veriliş statistik YAP deputatının hansı keyfiyyətləri olması baxımından çox əhəmiyyətli oldu. Cəmiyyətin gerçək YAP deputatının tamamlanmış xarakter cizgiləri haqda tam təsəvvürü oldu.
Bəri başdan deyim ki, onların hər hansı birinin çıxıb da, “bu söyüş mənim ağzımdan çıxdı, buna görə bütün xalqdan üzr istəyirəm” deməsi YAP-a, eyni zamanda rejimə də dividend gətirə bilərdi. Lakin belə olmadı, deputatlar əvvəl rəsmi şəkildə söyüşün olmadığını iddia etdilər, sonra isə sözün əsl mənasında özlərini artistliyə qoymağa başladılar. Bir sözlə, cəmiyyətə mesaj verdilər ki, söymüşük, belə əcəb eləmişik. Çarəsiz qalan media mənsubları dərinə getmədilər və bu ədəbsizliyin canlı şahidi, ağsaqqal Ziyad Səmədzadəni “siyahıdan” çıxardılar, Mübariz Qurbanlı və Hadı Rəcəblinin üzərində dayandılar.
Oxucular sual edə bilər, yazar niyə məhz demək olar ki, unudulmuş bir məsələni yenidən qabardır, bəyəm mövzu qəhətdir başına? Etiraf edim ki, oxucu haqlıdır, amma məsələ burasındadır ki, məni bu mövzuya qayıtmağa məcbur edən elə həmin deputatlardan biri, YAP-ın “düşünən beyni” sayılan Mübariz Qurbanlının açıq şəkildə xalqı təhqir etməsi oldu… …Müasir yapçı deputat, gerçək bir varlıqdan çox, ədəbi personaja, yəni aktyorun canlandırdığı bir bədii obraza daha çox bənzəyir. Yazılan ssenaridən bir santimetr aralananda isə, istər-istəməz komik duruma düşürlər. Həmin o məşhur verilişdə olduğu kimi… Onlar bir saat ərzində növbə ilə Heydər Əliyev dəyərlərini təbliğ etdilər və az sərbəstlik, daha doğrusu, qısa bir antrakt(!) yaranan kimi özlərini unutdular…
…”Baharın 17 anı” filmindəki sovet kəşfiyyatçısı Maksim Isayevin həyat yoldaşı ilə görüşünü xatırlayın. Təsəvvür edirsinizmi, illərdir görmədiyi arvadı ilə bir kafedə qarşılaşan kəşfiyyatçı ona oğrun-oğrun baxmaqla kifayətləndi. Yaxınlaşıb bir kəlmə ilə səsini eşitməkdən də özünü saxladı. Etiraf edim ki, filmə ilk dəfə baxanda mən həyəcanla bu “görüş”ün mümkün qədər tez bitməsini istəyirdim, istəmirdim ki, Ştirlits bu cür ucuz şəkildə yaxasını ələ versin… Ötən yazılarımın birində başqa bir yapçı deputat, Musa Quliyev (Urud) haqqında yazmışdım. Apteki, klinikası olan bu şair-deputat müxalifəti qocalığa görə verilən pensiyadan məhrum etmək ideyasını ortaya atırdı.
Yazı dərc olunan günün səhəri oxucular mənə zəng vuraraq, təşəkkürlə bərabər iradlarını da(!) bildirdilər. Məlum oldu ki, yazımda deputatın biznes şəbəkəsini tam əhatə óâedə bilməmişəm. Bəli, xalq yatmayıb, pulsuzluq, ehtiyac və işsizlik, onları asan yolla var-dövlət qazananların gizli təqibçisinə çevirib. Bu çox ciddi məsələdir və gələn yazılarımın birində bu haqda ayrıca danışacam… Gələk əsas məsələyə, Qurbanlı və qaraçı məsələsinə… Bəri başdan deyim ki, YAP-ın rəsmisi, partiyadaxili ləqəbi “Lenin” olan Mübariz Qurbanlı, Musa Quliyevdən də uzağa getdi.
Avropa Parlamentinin son qətnaməsinə verdiyi şərhdə, primitiv hüquqlardan məhrum olan sadə Azərbaycan vətəndaşlarını Fransa qaraçıları ilə müqayisə etdi… Sitatı olduğu kimi verirəm: “Avropa Parlamenti və onun qəbul etdiyi sənəd hüquqi bir məsuliyyət və hüquqi bir nəticə(!) vermir… Misal olaraq deyim ki, Fransada Sarkozinin prezidentliyi dövründə qaraçıların Fransa ərazisindən çıxarılmasına münasibət bildirərək rəsmi Parisin fəaliyyətini pisləyən qətnamə qəbul etmişdi. Yəni istənilən ölkə haqqında bu tipli qətnamələr qəbul edir”… Qətnamə Azərbaycan vətəndaşlarının hüquqlarından bəhs edildiyi halda, onu Fransa qaraçılarının hüquqları ilə müqayisə edib, üstəlik, yanına da “bu tipli qətnamələr” ifadəsi qoşmaq, bütöv bir xalqı təhqir etmək və ermənilərin dəyirmanına su tökməkdir.
Bir daha xatırladım ki, deputat həm də tarix elmləri namizədi, dosentdir(?)… Hüquqi dövlətdə millətini bu qədər aşağılayan deputat, ən azı istefa verir və ölkəni tərk edir… Heç darıxmayın, sabah, ya biri gün, bu deputat ya televiziya ekranından, ya da mətbuatdan kimlərisə dövlətçiliyə xəyanətdə ittiham edəcək…
“Mübariz Qurbanlıya qaraçı özünsən” desəm, yəqin ki, qaraçılar məndən inciyər…
Haqları da var…