Cəvahir xala:
– Qarabağ uzaqdadı, bala?
– Yox, Cəvahir xala, Yevlaxdan o tərəf Qarabağdı, niyə soruşursan ki?
– Heç a bala, bunlar bəs Qarabağı almağa Firəngistana niyə gedirlər?
***
…Qarabağın dilsiz-ağızsız yollarıyla çox getdik, az getdik, dərə-təpə düz getdik, nəhayət əlimizdəki ünvana baxıb “Ağdam” hansı istiqamətdədir, deyə soruşduq. Günün altında əlləşməkdən qapqara qaralmış yaşlı kişi həsrətlə irəlini göstərib ağır-ağır dilləndi: “Bizimki əsil Ağdam orada, ermənilərdədir, dedi, bunların düzüb-qoşduqları ”kitayski” Ağdam isə bu tərəfdə… Bir azdan hər addımı əlvan reklamlarla bəzədilmiş çox müasir və parlaq bir məkana düşdük – yeni Ağdama…
Ağdam adlandırılan həmin şəhərin içindən keçib, ötən yay cəbhə bölgəsində xidmət edən bir əsgərin ziyarətinə getmişdik. Təxminən üç ay əvvəlki çağırışdan indiyə qədər barəsində bilgimiz yalnız “N” saylı hərbi hissədə olduğundan ibarətdi. Bizdən savayı arxasınca gələcək bir adamı olmayan məhlə uşağının yerini dəqiqləşdirmək üçün tövsiyyə olunan ştabmı, qərargahmı deyilən sərin bir yerə çatıb dərdimizi qapıdakı əsgərə söylədik. Görüş günü olduğundan “xalturşik”lər bizi qapının ağzında qarşıladılar. Maşınla gəldiyimizi bilib məyus olsalar da, hər ehtimala qarşı yenə uzaqlaşmadılar. Biri hətta məni yanlayıb dedi ki, “Xanım, ”pazisiya”dan uşağı bura dəyişdirmək istəsəniz, adam var”. Neçəyədir? – soruşanda bir barmağını bütöv tutdu, ikisini yarımçıq qatladı. Anlamadığımı görəndə məni məhrəmanə hasarın arxasına çəkib danladı: “Baxanda oxumuş adama oxşayırsan, amma nəsə… Min ikicə yüz dollar, bacı, – manatla lap az eliyir – verirsən və rahat gedib oturursan evində!? Fikirləşdim ki, bundan sonra min iki yüz il yaşasam da, belə haqq-hesab göstərmək mənim ağlıma gəlməzdi. Sükutu razılıq əlaməti sayıb daha da cuşə gələn tərəf-müqabilimin sözünü kəsib, ”pulumuz yoxdu”, dedim.
Bizim “Qavroş”un hara düşdüyünü kompüterdən öyrənəsi əsgər yerində tapılmadığından səkinin üstündə oturub gözləməyə başladıq. Iki saat müddətində “buralardadır, gəlib çıxar”dan savayı bir cavab ala bilmədik. Fürsəti dəyərləndirən həmin “xalturşik” yenə məni qaraladı: “O əsgər sizcə tapılacaqmı? Mingəçevir çimərliyində kefdədir, özüm aparmışam. Axşama ancaq gələr. Əsgərlik deyil, kurortdu, kurort. Əvvəldən bura düşmək baha idi, indi”… Bir barmağını qaldırıb ikisini yarımçıq yumanda mən qalxıb ondan qaçdım.
Əsgərdən bir soraq çıxmayınca həm də yolun sürücülüyünü boynuna götürmüş Bahadur Tahirbəyov qapını möhkəm döyüb açıqlama istədi. Hansısa bir mayoru çağırdılar. Mayor qarşısındakı saqqallı adamı görüb bir az ciddiləşdi. Sonra kompüterçi əsgər gəlmədiyinə görə bu dəfə başqa otaqdan bir qucaq kağız gətirib uşağın yerini müəyyən etdilər. Mayor idimini töküb ağızucu: “Neçənci tabor, neçənci bölük”, deyib uzaqlaşarkən, mən ora hansı istiqamətdə gedəcəyimizi soruşdum. Onun “Ə, Ibiş, 3-cü tabor, 7-ci bölük hardadır” – deyə bağırmasıyla məlum “xalturşik”in böyrümüzdə peyda olması bir an çəkdi. Əstəfürulla, dedim, bu adamdan qurtuluş yoxdumu? Yox imiş ki, qırsaqqız “tanışım” başladı, nə başladı: “Hə, dedim axı, sizin işiniz axırda məndən keçəcək”.
Bahadur Tahirbəyov: “Keçməyəcək, dedi və biz neçə kənd dolaşıb axşama yaxın həmin ünvanı özümüz tapdıq.
Ordunun digər sahələrdən fərqini sadalamağa ehtiyac yoxdur. Bunun nə demək olduğunu hər bir əsgər ailəsi əzbər bilir. Bilməyənlər yalnız qız ataları və oğlanlarını xidmətdən yayındıran imkanlı zümrədir.
Yayın ən isti günlərindən birində biz – köhnə nəslin iki yazarı sərin Qəbələdən başlayaraq bürküdən buxarlanan cəbhəboyu yüzlərlə kilometr yol qət etdik. Bahadur bəyin oğlu hələ neçə il əvvəl atasını milli ordumuzun işlək və “sərt” qanunlarıyla yaxından tanış etmişdi. Mənim oğlum yoxdu, amma əsgərlik vaxtı doğmalarımın və ehtiyacı olan neçə gəncin ziyarətində olmuşam. Indiyə qədər gəldiyim qənaətə əsasən deyə bilərəm ki, sürprizlərlə dolu Azərbaycan ordusunda taborun və yaxud bölüyün yerini “xalturşik”dən soruşan mayor hələ toya getməlidir…
Övladlarının ən zəruri ehtiyacları və bəzi “xırda-para əsgərlik xərcləri” onsuz da valideynlərin üzərinə düşür. Möhtəşəm ordu quruculuğundan danışanlar, hərbi büdcəni daha da artırmağa nə deyirsiniz? Sıfırların sayı çoxaldıqca qələbəyə gedən yol azalmazmı inşallah?!.