Başlıca olaraq Rusiya əhalisinin toplaşdığı sosial şəbəkələrdə zaman-zaman sosioloji tədqiqatlara düşən bir sual əsasında yeni sorğu keçirilib. Sual belədir: Rusiyanın indiki əsrdə ən təhlükəli və başlıca düşməni kimdir? Azərbaycandakı avtoritar idarəetmədən və korrupsiyadan doğan çox ciddi problemləri qaldırdıqda, “Bizim dörd tərəfimiz düşməndir!”, “Qarabağ kimi dərdimiz var!” ritorikası ilə narazıları susdurmaq istəyən YAP iqtidarının hiyləsini anlamaq üçün bu sorğunun nəticələrinə diqqət yetirmək maraqlı olardı…
Sorğunu təşkil edənlər elmi cəhətdən tam qüsursuz sosioloji sorğuya iddia etmirlər. Amma onlar bəyan edir ki, kiminsə pulu ilə keçirilən, yaxud respondentlərin öz fikrini deməkdən çəkindiyi sorğulardansa, bu cür azad şəkildə rəy öyrənmək cəhdi daha çox həqiqəti ortaya çıxarır və daha faydalıdır.
Sorğuda “Rusiyanın indiki əsrdə əsas düşməni kimdir?” sualına çeşidli cavab variantları təklif olunub. Ehtimal edilən düşmənlər arasında xarici ölkələr, regional güclər, dini mənsubiyyətlər, o cümlədən alkoqolizm və digər sosiala təmayülləri, daxili və siyasi amilləri ehtiva edən ünvanlar yer alıb.
Cavablar isə çox maraqlı mənzərəni ortaya qoyub. Ruslar sözün həqiqi mənasında düşmənini dəyişir. Adətən xarici qüvvələr arasında, xüsusən də Qərb ölkələrinin, imperializmin, ABŞ-ın timsalında düşmən axtaran ruslar bu dəfə yeni ünvana üz tutublar. Məncə, çox maraqlıdır.
Gəlin sorğuya verilmiş başlıca cavablara diqqət ayıraq:
1) 5% – Alkoqolizm, narkomaniya, əxlaqsızlıq;
2) 8% – Avropa-mason gizli qüvvələri;
3) 2% – Islam ölkələri və cənubdan miqrasiya;
4) 2% – Çin və onun ambisiyaları;
5) 3% – Tənbəllik, uzağı görməmək, “bəlkə”yə ümid bəsləmək;
6) 4% – Qanun və qaydalara hörmətsizlik;
7) 3% – Xüsusi münasibət və istisna hal gözləmək;
8) 50% – Rusiya rəhbərliyi və məmurlar;
9) 2% – Rusiya müxalifəti;
10) 12% – Rusiya xalqı;
11) 2% – Infrastrukturun və inkişafın zəifliyi;
12) 6% – ABŞ başda olmaqla Qərb dövlətləri.
Nəticə aydın və çox qabarıq şəkildə görünür. Rusiya əhalisi düşməni xaricdə yox, ölkənin içində görür. Təxminən 50% hesab edir ki, ölkəsinin əsas düşməni elə Rusiya hakimiyyətidir. Kəmiyyətinə görə başqa heç bir cavab bu cavaba yaxınlaşa bilmir. Hər biri qat-qat azdır. Bu isə doğrudan da yeni situasiyadır. Amma təzadlı heç nə yoxdur. Insanlar anlayır ki, hər cür yüksək potensialı olan bir ölkədə ağır həyat yaşamağın günahkarı xaricilər yox, elə ölkəni idarə edənlərdir. Elə onların siyasəti Rusiyanı zəif və geri duruma salır…
Statistikanın gözü ilə baxsaq, hər 90 nəfər rusiyalıdan 1 nəfəri məmurdur. Yəni Rusiyada hər 90 vətəndaşdan 40 nəfəri hesab edir ki, ölkənin əsas düşməni həmin 90 nəfərdən biridir. Əvvəllər çox sayda əhalisi olan xarici dövlətləri ölkəsinə düşmən görən rusiyalılar ən böyük təhlükəni artıq həmin 90 nəfərdən birində görür. Məntiqlə bu o deməkdir ki, o qədər insan resursu olan ölkələrdən daha təhlükəlisi Rusiya əhalisinin təxminən 1 faizini təşkil edən öz vətəndaşlarıdır…
Ictimai anlamda götürsək, Rusiya əhalisi ölkəni avtoritar yolla idarə edən hakimiyyəti başlıca düşmən sayır…
Əgər Azərbaycanda da belə bir sorğu keçirilsəydi, inanıram ki, bənzər nəticə ilə üzləşərdik. Hətta onu da qəbul edirəm ki, doğrudan da dörd yanımız düşməndir. Amma azərbaycanlıları ağrıdan da odur ki, biz özümüzünkülərdən də çox ağır zərbələr alırıq. Içdə olan hakim qüvvənin bu xalqa münasibəti düşmənçiliyin bəlkə də ən ağrılısıdır. Amma söhbət təkcə ağrıdan yox, yuxarıda deyildiyi kimi, həm də ağırlıqdan da gedir. Məhz onların əməlləri nəticəsində sərvətlərimizin böyük hissəsi talan edilir, xalqla dövlətin üzvi birliyi pozulur, Azərbaycan arzu edilən gücə sahib ola bilmir və s.