Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Belə bir məşhur söz var ki, “hər bir xalq öz rəhbərinə layiqdir”. Dünən rejim telekanallarından birinin (mən onların heç birini digərindən ayırmıram, hamısı bir bezin qırağıdırlar, bir medalyonun başqa üzüdürlər, adları da şərtidir, əslində isə bütün telekanalları Az.TV-1, Az.TV-2, Az.TV-3, Az.TV-4, Az.TV-5… şəklində nömrələmək daha doğru olardı) rəhbərinin açıqlaması sataşdı gözümə, bu da qayıdıb deyir ki, hər bir “tamaşaçı öz televiziyasına layiqdir”.
Görürsünüz də, bir ifadənin başına ip salıb hərə öz istədiyi kimi fırladır, hərə ondan özünə sərf edən formada, özünə bəraət, haqq qazandırmaq üçün istifadə edir. Kimsə xalqı hüquqsuz, səfil vəziyyətə salanları xalqın belə idarə edilməyə layiq olması ilə haqlı çıxarmağa çalışanda, əlbəttə, bir telekanal rəhbəri də çıxıb efiri zir-zibillə doldurmasına tamaşaçının bu cür ekran-efirə layiq olması ilə haqq qazandırmaq istəyir.
Əcəb məntiqdir. Və elə həmin bu əcəb, əcaib məntiqlə ölkənin savadsızlıq girdabına sürüklənməsinə, cəhalətin kütləviləşməsinə də “hər şagird öz müəlliminə layiqdir”, səhiyyədəki biabırçılıqlara “hər xəstə öz həkiminə layiqdir”, məhkəmələrin məzhəkəyə çevrilməsinə “hər məhkum öz hakiminə layiqdir” deyib haqq qazandırmaq olar. Nə gözəl! Beləcə, hər kəs istənilən sudan quru çıxır, kimsə cavabdehlik duyğusu ilə yaşamır, istənilən bəd əmələ könül rahatlığı ilə imza ata bilir, axı necə olsa, onsuz da axırda belə çıxır hamı elə bir-birinə layiqdir, kim istəsə rahatca pislik edə bilər, yamanlıqla məşğul ola bilər.
Bunu dəfələrlə yazmışam, yenə yazmaqda fayda var: xalq plastilindir, ondan hər şey – şir-pələng də, dovşan da düzəltmək mümkündür. Xalqdan şikayətlənmək ən sonuncu dərəcəli işdir, öncə xalqı aydınlatmalı, onu düzgün istiqamətləndirməli olanlar öz üzərinə düşən vəzifəni layiqincə, vicdanla yerinə yetirməlidirlər. Bizim kimi gəlişməmiş, üçüncü dərəcəli ölkələrdə vətəndaş mövqeyinin, vətəndaş məsuliyyətinin önəmi də bundadır. Belə ölkələrdə xalqın nümunələrə ehtiyacı olur. O görməlidir ki, vəzifə oğurlamaq üçün deyil. O görməlidir ki, qələm yaltaqlanmaq üçün deyil. O görməlidir ki, yalansız, riyasız yaşayaraq da həyatda uğur qazanmaq mümkündür. O görməlidir ki, bilgi biləkdən, zəka zopadan üstündür. O görməlidir ki, karyeranın, komfortun yolu heç də əyilməkdən, “ləbbeyk” deməkdən keçmir. O görməlidir ki, dürüstlüklə, halallıqla da ac qalmadan, başqasına möhtac olmadan yaşamaq olar.
Əgər bir ölkədə belə örnəklərin yaranması qəbuledilməz, yolverilməz sayılırsa, bu cür nümunələr yaratmaq istəyən hər kəs amansızcasına cəzalandırılırsa, bütün məsuliyyəti xalqın üzərinə yükləmək, beləcə, hər pisliyə, hər yamanlığa haqq qazandırmaq ürəkbulandırıcı görünür. Axı əlindəki efiri düşüklüyə, bayağılığa, zövqsüzlüyə təslim etmiş həmin telekanal rəhbəri nə vaxt o efirdən həqiqətləri göstərdi, nə vaxt doğruları danışdı, nə vaxt həmin efiri öz makaron biznesi naminə deyil, xalqın aydınlanması, onun çağdaş, modern ideallarla, bəşəri dəyərlərlə silahlanması üçün istifadə etdi ki, indi də durub tamaşaçını günahkar cildində görür?
Bu gün şəxsən yüzlərlə insan tanıyıram ki, onlar evlərində yerli telekanallara sonuncu dəfə nə vaxt baxıldığını xatırlamırlar. Iyrənirlər. Hətta keçənlərdə rejim başbilənlərinin özləri də məcbur olub yerli telekanallara marağın itməsindən, azalmasından narahatlıqlarını dilə gətiriblər, çünki yaptokratiya üçün ekran-efir xalqın başı üzərində “ideoloji dəyənək” rolunu yerinə yetirir. Bu “ideoloji dəyənək”dən yayınan hər kəs rejim üçün potensial təhlükə mənbəyi kimi görülür. Bəs necə, bu gün Az.TV-yə baxmayan, sabah “istefa” qışqırar, “azadlıq” bağırar.
Ona görə də indi çıxıb rejimin yalan, yaltaqlıq, bayağılıq saçan telekanallarını tamaşaçıya layiq bilmək nadanlıq görsənişidir. Xalqı bugünkü idarəçiliyə layiq görmək də həmçinin.
22 il öncəyədək hətta məktəb yaşlı uşaqları belə vətən naminə evdən, dərsdən birbaşa ön cəbhəyə qaçan bir xalqdan övladını hərbi xidmətdən saxlamaq üçün kreditə, sələmə girən xalq düzəltmisiniz, hələ bir diliniz də var, danışırsınız.