Litva xüsusi-xidmət orqanları ölkədə fəaliyyət göstərən rus casusu ifşa ediblər. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olan N.F. adlı casus Litvanın icra hakimiyyəti orqanlarına, həmçinin Kəşfiyyat Xidmətinə nüfuz edərək ölkədə qərarların qəbuluna təsir etməli imiş. Litva Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı casus saxlanılaraq barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Cinayət işi Litva Prokurorluğunun Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə və Korrupsiyaya qarşı Mübarizə idarələri, həmçinin Milli Təhlükəsizlik Departamenti tərəfindən araşdırılır. Təqsiri sübut olunacağı təqdirdə, rus casusu 15 ilədək həbs cəzası gözləyir.
Rusiyanın Litvadakı səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Litva parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədri Arturas Paulauskas isə Rusiya xüsusi-xidmət orqanlarının ölkəsində aktiv fəaliyyətdə olduğunu bildirib. Komitə sədrinin sözlərinə görə, bu günə qədər rus casusların ifşası faktı olsa da, onlardan həbs ediləni olmayıb. İfşa edilən casuslar əsasən Rusiya səfirliyinin əməkdaşları olublar və cəza olaraq ölkədən çıxarılıblar. Paulauskasın sözlərinə görə, rus casuslar tanınmamaq üçün özlərini iş adamı və ya elm adamı kimi də təqdim edirlər.
Gültəkin