Cəzaçəkmə müəssisələrində baş verənlər
Hökumət təmsilçiləri bir qayda olaraq söz azadlığından, insan haqlarından söhbət düşəndə, Azərbaycandakı vəziyyət tənqid ediləndə, ittiham edən ölkələrdə analoji faktlar axtarmağa çalışırlar.
Bu mənada tez-tez ABŞ-ı ittiham etmək üçün Quantanamo həbsxanasını misal gətirirlər və burda baş verənləri insan hüquqlarına qəsd kimi qiymətləndirirlər. Təbii ki, hansı ölkədə baş verməsindən asılı olmayaraq, insanlara işgəncə vermək, məhbuslara qeyri-qanuni münasibət pislənilməlidir. Quantanamoda bəzi neqativ hallar ictimailəşəndən sonra ABŞ hökumətinə qarşı ittihamlar oldu və indi bu həbsxana ləğv olunmaq üzrədir.
Azərbaycan hakimiyyətinin isə bu məsələdə özünə müqəddəslik donu biçmək haqqı yoxdur. Əvvəla, yüzlərlə insanı şərləyərək həbs etmək, həmin insanların azadlığını əlindən almaq da işgəncədir. Bəli, görkəmli bir ziyalını, vicdanlı, jurnalisti, hüquqşünası, “xuliqan”, “vətən xaini” ittihamı ilə həbs etmək ən böyük işgəncədir. Ümumiyyətlə, Azərbaycan həbsxanalarında baş verənlər haqqında zəngin materiallar var.
Digər tərəfdən, son günlər baş verən 2 hadisə Azərbaycan həbsxanasının Quantanamodan fərqlənmədiyini və ədliyyə sisteminin süquta uğradığını göstərdi.
Belə ki,ÿ14 saylı CÇM-də məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi faktı aşkarlandı və yayılan fotolar qeyri-insani rəftarın olduğunu bir daha təsdiqlədi. Ancaq bugünə qədər bu məsələ ilə bağlı lazımi addımlar atılmayıb və həmin müəssisədə ağır vəziyyət davam edir. Bu həm də onun göstəricisidir ki, həbsxanalarda insanların təhlükəsizliyinə zəmanət yoxdur və ən böyük təhlükə həbsxana rəhbərliyinin özüdür. Müxtəlif cinayətlərdə ittiham edilən insanlara qarşı, daha ağır cinayət saxlanma yerlərində baş verir. Bundan əlavə, 14 saylı Cəzaçəkmə Müəssisəsindən Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə(“Tubzon”) köçürülən məhkumlara ağır işgənclər verilməsi haqda da məlumatlar mətbuatda yer aldı.
Yaxşı olar ki, hakimiyyət təmsilçiləri Quantanamoda olanların hüquqlarının qayğısına qaldığı qədər, Azərbaycandakı Quantanamo nümunələrinə münasibət bildirsinlər.
2-ci hadisə daha biabırçı və utancvericidir. Belə ki, Şəmkirin keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlunun qətlində təqsirli bilinən Lamiyə Quliyeva barəsində sensasion məlumat yayılıb. Belə ki, Lamiyə Quliyeva həbsxanada övlad dünyaya gətirib. Hazırda 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Lamiyə Quliyevanın oğlunun olduğu bildirilir.ÿAncaq onun cəza çəkdiyi müəssisədə yalnız rəis və nəzarətçilər kişidir. Bu uşağın atasının kim olması, qadının kimdən hamilə qalması haqda məlumat yoxdur. Bu hadisə Azərbaycanda ədliyyə sisteminin, CÇM-nin hansı qaydalarla idarə olunduğunu göstərir. Heç kim baş verənlərə aydınlıq gətirmək istəmir. Bəlkə bu xanıma qarşı təcavüz olub, bəlkə onu hansısa şərtlər daxilində cinsi istismara təhrik ediblər.
Bu da Azərbaycanın Ədliyyə sistemi. Heç bir məhbusun təhlükəsizliyinə zəmanət yoxdur, analoqu olmayan biabırçılıqlar burda baş verir. Hökumətimiz isə Quantanamo dərdini çəkir.
S.Novruz