Fuad Qəhrəmanlı: «Azərbaycanın hazırkı xarici siyasət kursu dövlət maraqlarına qarşı yönəlib və ölkəni beynəlxalq təcridə aparır»
Artıq Qərbin əksər dövlətləri öz vətəndaşlarına hörmət etməyən, demokratik dəyərləri kobud şkəildə pozan rejimlərlə əlaqələr saxlamaqda maraqlı olmadığını bəyan edib. Bu baxımdan ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeronun keçirdiyi görüş də maraq doğurur. Görüşdən sonra keçirdikləri mətbuat konfransında terrorizmə qarşı birgə mübarizə aparacaqlarını bəyan edən dünya liderləri mühüm mesajlar veriblər. Fransadakı son hadisələr haqda danışan Obama terroru məğlub edəcəklərinə də əminliyini vurğulayıb.
Ekspertlərin fikrincə, son görüş eyni zamanda dünyadakı avtoritar ölkələr üçün də bir mesajdır. ABŞ-ın iki əzəli rəqibi – Kuba və Iranın Vaşinqtonla münasibətlərə yenidən baxdığı bir zamanda bu münasibətləri daha da gərginləşdirən dövlətlər də az deyil.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Obamanın Kemeronla terrorizmə, dünyanı narahat edən problemlərə qarşı sərgilədiyi birgə mövqe qarşıdakı mərhələdə qlobal tendensiyaların əsas istiqamətini müəyyənləşdirir. Artıq terrorizmə qarşı daha geniş miqyaslı, koordinasiya olunmuş bir prosesin başlandığını deyən F.Qəhrəmanlı vurğuladı ki, çünki terrorizm hazırda təkcə Amerikanı təhdid etmir: “Terrorizmə qarşı mübarizə beynəlxalq birliyin, Qərb dövlətlərinin birgə əməkdaşlıq sahəsinə çevriləcək. Prosesin doğurduğu məntiq ondan ibarətdir ki, bu kontekstdə diqqət həm də terrorizmi bəsləyən, onu ortaya çıxaran mənbələrə yönələcək. Bu mənbələr qlobal iqtisadi, siyasi, mədəni, təhlükəsizlik sisteminə inteqrasiya olunmamış irticaçı rejimlərdir. Bu baxımdan Obama da vurğulayıb ki, terrorizmə qarşı mübarizədə təkcə güc kifayət deyil. Çünki, terrorizmi bəsləyən mənbələr qaldıqca bu problem genişlənməkdə, qalmaqda davam edəcək. Bu həm də o deməkdir ki, qarşıdakı dönəmdə beynəlxalq birliyin terrorizmə yol açan proseslərin üzərinə ciddi həmləsi olacaq. Yəni əsas hədəf kimi avtoritar rejimlərin terrorizmi bəsləyən korrupsioner, gəlirlərin ədalətsiz bölgüsü, insan hıquqlarını pozmaq kimi fəaliyyətləri əsas hədəf kimi götürüləcək. Və insan haqlarının, demokratiyanın təmin olunması istiqamətində birgə səylər göstəriləcək”.
F.Qəhrəmanlı hesab edir ki, artıq insan haqları və demokratiya məsələsi təhlükəsizlik, iqtisadi maraqların təmin olunması üçün açar məqama çevrilib. Halbuki əvvəlki dövrdə beynəlxalq səviyyədə təhlükəsizlik, iqtisadi maraqlar daha prioritet təşkil edirdi: “Hazırda bəşəriyyətin gəlib çıxdığı indiki nöqtədə terrorizmin təhlükə və təhdid mənbəyinə çevrilməsi o qənaəti yaradıb ki, demokratiya ilə yanaşı iqtisadi, təhlükəsizlik maraqlarının da təmin olunması demokratik proseslərin genişləndirilməsindən, bəşəri dəyərlərin daha geniş tətbiq olunmasından keçir. Bu baxımdan Obama ilə Kemeronun birgə iradə və səy göstərəcəklərini bəyan etməsi qarşıdakı dönəm üçün ciddi, qlobal dəyişikliklərə zəmin yaradacaq”.
F.Qəhrəmanlının sözlərinə görə, görüşün ən mühüm nəticələrindən biri də o idi ki, Rusiya ilə bağlı mühüm mesajlar verildi. “Bildirildi ki, əgər Rusiyanın siyasəti davam edəcəksə, problemin dinc yolla həlli mümkün olmayacaqsa, o zaman sanksiyalar nəinki davam edəcək, onların artırılması da gündəmə gələcək. Bu baxımdan səylərin birgə formada ortaya qoyulması antiRusiya koalisiyasını gücləndirəcək”, deyə F.Qəhrəmanlı vurğuladı.
Sədr müavininin sözlərinə görə, bu baxımdan diqqət çəkən məqamlardan biri də odur ki, artıq Rusiyanın dünya birliyi ilə daha güclü konfrantasiya ilə üzləşdiyi, bu dövlətin çöküşünün an məsələsinə çevrildiyi bir vaxtda Azərbaycan hakimiyyətnin Rusiya meyilli kurs seçməsi nəticəsiz qalmayacaq: “Azərbaycan hakimiyyətinin məhz bu dövrdə Qərbdən gələn demokratik çağırışlara kəskin ritorika ilə cavab verməsi, daxildə repressiyaları gücləndirməsi onun üçün müsbət heç nə vəd etmir. Rusiyaya münasibət kontekstində bu, Azərbaycanın da dünya birliyindən təcrid olunmasına, Azərbaycana münasibətdə daha kəskin və ciddi mexanizmlərin işə düşməsinə gətirib çıxaracaq: ”Təsəvvür edin ki, Rusiyanın düşdüyü hazırkı durum o səviyyədədir ki, Özbəkistan prezidenti Islam Kərimov Gömrük Birliyi, Avrasiya Ittifaqından imtina etdiyini bildirir. Azərbaycan tərəfi isə əksinə, öz siyasətini Rusiya ilə uyğunlaşdırmağa çalışır. Bu baxımdan o göstərir ki, Azərbaycanın hazırkı xarici siyasət kursu dövlət maraqlarına qarşı yönəlib və ölkəni beynəlxalq təcridə aparır. Bu, Azərbaycan üçün ciddi, riskli nəticələr qoya bilər”.
Xəyal