Sülhəddin Əkbər: «Bu Azərbaycanın daxili işidir və Rusiyanın hər hansı müdaxiləsi əsassızdır»
Milli Məclisin 19 noyabr sessiyasında müxtəlif fikirlər səsləndirildi və hakimiyyətin, demək olar, bütün sahələrdəki siyasətinin iflasa uğradığı etiraf olundu.
Müzakirələr zamanı çıxış edən Qubadan seçilmiş yəhudi əsilli deputat Yevda Abramov da müəyyən fikirlər səsləndirib və Quba hava limanının tikintisinin dayandırılmasının izahatını istəyib: “Hava limanının tikintisi üçün əhalidən əvəzi ödənilməklə torpaq alındı, əraziyə texnika yerləşdirildi, lakin naməlum səbəblərdən bütün texnika oradan çıxarıldı. Indi əhali bilmək istəyir ki, bu iş davam edəcək, ya yox. Alma ağaclarını kəssinlər, yoxsa becərsinlər. Əhali danışır ki, Rusiya burada hava limanının tikilməsinə etiraz edir və bunun beynəlxalq konvensiyaya zidd olduğunu əsas gətirir. Bu məsələlərə dövlət səviyyəsində münasibət bildirilsin ki, əhali işini bilsin”- deyə Yevda Abramov bildirib.
Həqiqətən də belə bir layihənin qəfildən ləğv edilməsi maraqlı görünür. Yəqin ki, birdən-birə bu tikintidən imtina edilməsinin ciddi səbəbləri var. Ya bu işə sərf olunancaq maliyyə vəsaiti digər istiqamətlərə yönləndirilib, ya da əhalinin danışdığı kimi Rusiya amilinin təsiri var.
Səslənən fikirlərə aydınlıq gətirmək üçün AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin fikirlərini öyrənməyə çalışsaq da, bu haqda dəqiq məlumatının olmadığını bildirdi.
Təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər hesab edir ki, Rusiya yalnız sərhəd bölgəsində hərbi əhəmiyyətli obyektlərin itikintisinə etiraz edə bilər: “Qubadakı hava limanının tikintisinə Rusiyanın əngəl törətməsi məntiqli görünmür. Çünki, Azərbaycan öz ərazisində istədiyi layihəni həyata keçirə bilər və bu, Azərbaycanın daxili işidir. Sadəcə olaraq, sərhəd bölgəsində hərbi əhəmiyyətli hər hansı obyektlər tikilərsə, hava hücumundan müdafiə sistemləri qurularsa, bu, Rusiyanı narahat edə bilər. Yəni Rusiyanın ərazisinə nəzarət edə bilən qurğuların tikilməsi Rusiyanın etirazına səbəb ola bilər. Indiki halda söhbət mülki hava limanından gedirsə, Rusiya amili ilə əsaslandırma real görünmür”.
Akif